Karapetyan TŞ iclasında istefaya getdi. Niyə?

Bir neçə saat əvvəl Armen Sərkisyan Ermənistanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etdi və baş nazirin keçmiş müavini Suren Papikyan bu vəzifəyə təyin edildi. Erməni mətbuatında verilən məlumatlara görə, sözügedən qərar Ermənistan Təhlükəsizlik Şurasının bugünki iclasında verilib. Əsas diqqət çəkən məqam isə ondan ibarətdir ki, Ermənistan Təhlükəsizlik Şurası son bir həftədir Azərbaycanla sərhəddə yaşanan gərginlik fonunda bu qərarı qəbul edib.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz bölgəsi üzrə mütəxəssisi Turqut Tuncəl Kərəm deyib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət daxilində ciddi problemlər yaşanır:

“Son bir həftədir sərhəddə və separatçıların yaşadığı ərazilərdə gərginlik artıb. 2 gün əvvəl Norayr Mirzoyanın Şuşada Azərbaycana aid hərbi nəzarət və buraxılış məntəqəsinə bomba ilə hücum etməsindən sonra gərginlik pik həddə çatıb. Bəzi yayılan videolarda Azərbaycan Ordusunun ölkə ərazisində qanunsuz yerləşməyə çalışan erməni əsgərlərini çıxardığı açıq şəkildə görünür. Bütün bu hadisələr və son olaraq Karapetyanın bu gün vəzifədən uzaqlaşdırılması Ermənistanda siyasi hakimiyyətlə ordu arasında ciddi fikir ayrılıqlarının, çaxnaşmaların olduğundan xəbər verir”.

Ekspertin sözlərinə görə, hadisələrin bu istiqamətdə inkişafının səbəblərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

“Hadisələrin gərginləşməsinin və Ermənistanda müdafiə nazirinin istefaya göndərilməsinin səbəblərini 4 qrupa ayırmaq mümkündür:

1) Paşinyan iqtidarı ordunun öz vəzifəsini layiqincə yerinə yetirmədiyini düşünür və buna görə müdafiə nazirini dəyişdirməyi uyğun görüb. Belə bir vəziyyət Ermənistan ordusunun acınacaqlı halda olduğunu göstərir.

2) Paşinyan ilə ordu və bəlkə də iqtidardakı bəzi şəxs və qruplar arasında anlaşılmazlıqlar var. Bəzi vəzifəli şəxslər də Paşinyandan xəbərsiz müxtəlif təxribatların törədilməsi üçün təşkilatçılıq edirlər. Sonuncu Şuşa təxribatının da Paşinyana tabe olmaq istəməyən qüvvələr tərəfindən təşkil edilməsi mümkündür. Əgər bu ehtimal doğrudursa, Paşinyanın rəsmi qurumlar və ordu üzərindəki hakimiyyəti tam deyil və Ermənistanda iqtidar daxililində fikir ayrılıqları var. Bu gün müdafiə naziri təyin olunan müdafiə naziri Suren Papikyan Paşinyanın sadiq adamlarındandır. Digər tərəfdən Arşak Karapetyanın cəmi yüz gün öncə müdafiə naziri təyin olunduğunu yada salsaq, Ermənistanın hazırki siyasi mənzərəsi bizim üçün daha aydın olar.

3) Ermənistan dövlətinin içərisindən heç bir quruma tabe olmayan bəzi terror qrupları mövcuddur. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistandakı əhval-ruhiyyə bunun üçün əlverişlidir. Belə bir vəziyyət Ermənistanın özü üçün də çox təhlükəlidir.

4) Paşinyan iqtidarı “günah keçisi” kimi Karapetyanı istefaya göndərib. Belə ki, iqtidarın bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyətdən qaçmaq üçün bütün günahı Karapetyanın üzərinə yıxıb onu vəzifədən kənarlaşdırması da mümkündür”.

Müstəqil.Az

Share: