Kəlbəcər istiqamətində növbəti erməni təxribatı – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.

 

Bundan əlavə, həmin istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

 

Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb.

 

Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

“Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – Müdafiə Nazirliyindən bildirilib.

VIDEO

Share: