Ədəbiyyat İnstitutunda Abbas Zamanovun yubileyi keçirilib

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki,  “biz ustad müəllimlərimizi mütəmadi olaraq xatırlayırıq, yubileylərini keçirib, kitablarını çap edirik. Belə müəllimlərimizdən olan Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutunuzun Elmi Şurasının qərarı var. Abbas Zamanov böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisidir. Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. Mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Namizədlik işinin yüksək səviyyədə olmasına görə birbaşa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi də çox güclüdür. Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi təklifinə çox sərt reaksiya verib, onun belə sərt cavabından sonra məsələ gündəlikdən çıxarılıb.

Abbas müəllim Naxçıvan Dövlət Universititetində mənə dərs deyib, onunla birlikdə teatra getmişik. Gənc alimlərə “Uğurlu yol” yazmaqdan zövq alırdı. Özü uşaq evində böyüməsinə baxmayaraq, çox iradəli, mövqeyindən dönməyən, məsuliyyətli və nikbin adam idi. Həmişə hal-əhval tutulanda “Şikayətlənməyə əsas yoxdur” – deyən Abbas müəllim vətəndaş alimliyin brendidir”.

Akademik Rəfael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolu” adlı məruzə edərək qeyd edib ki,  “Mən “Vaxtdan uca” kitabımda üç şəxsiyyətin “necəsən?” sualına cavabını xüsusi qeyd etmişəm. Ərtoğrul Cavid “Dünənkindən pis, sabahkından yaxşı”, Əkrəm Cəfər “Ürəyin istəyən kimi”, Abbas Zamanov “Şikayətlənməyə əsas yoxdur” cavabını verirmiş. Abbas müəllim çətin həyat yolu keçsə də, heç zaman şikayətlənmədi, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirdi. 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edildi və o illərdən, demək olar ki, diasporsayağı işlər görməyə başladı. Cənubi Azərbaycan yazarları haqqında bilgilər paylaşırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulmasında iştirak edirdi. Böyük azərbaycançılar dəstəsi formalaşdırmışdı. Onun yaratdığı “Vətən” cəmiyyəti sonralar Diaspor Komitəsinin yaranmasına səbəb oldu”.

Professor Qəzənfər Paşayev “Abbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsində vurğulayıb ki, “doğrudan da, Abbas müəllim böyük şəxsiyyət olub. Ədəbi əlaqələr sərhəd bilmir, fədakar insanların sayəsində yaranır. Belə fədakarlardan biri də Abbas müəllimdir. O, təmənnasız təbliğatçı idi. Bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub. Mən xoşbəxtəm ki, onunla yaxşı münasibətim olub”.

Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.

Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” adlı məruzə edərək, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

 

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Share: