Sübh çəkir çarmıxa gecə-gündüzü, Ayrıldıq dənizdə gəmilər sayaq

Müstəqil.Az tanınmış Rusiya şairi Anna Jeltonoqovanın (Rusiya. Anqarsk ) Şeirlərini Nurhafiz Hüseynovun tərcüməsində təqdim edir:

Bakı

Bakı-günəşli şəhər,xoşbəxt küləkli şəhər,
Sevgi sözü etirafa enəndə,
Ürəyinin cavabını mahnı ilə
Versin Xəzər dinəndə.
Bakım mənim!
 Mənəm görüşünə tələsən,
Zərif sevinclə Taleyim ol sən!
Adına misralardan mirvari qoşaram,
Səninlə kilometrlərlə yollar aşaram.
Ürəyimin, xəyalımın sirrini  verərəm güvəncinə,
Fəth edib məni saldın müdrik sözünün cənginə.
Bakım mənim!
Gözəlliyin gecə ulduzu tək öyünür,
Hər an qovuşmaq üçün  ürək ehmal döyünür.
**********
Göydə parıldayan ulduzlar  kimi,
O qədər yaxınıq, uzağıq nədən.
Ruhumsa sakitdir, rahatdır həm də,
Əqrəblər saatda donurlar həmən.
Sübh çəkir çarmıxa gecə-gündüzü,
Ayrıldıq dənizdə gəmilər sayaq.
Ağrıyla incitdik bir-birimizi,
Ayrıldıq, barışa bilmədik ancaq.
Biz elə yaxınıq, əlini uzat,
Ulduza çatarsan, göyü qucarsan.
Yerinə yetməyən cənnət çox uzaq,
Səninlə tək qalaq, barı, bacarsan
*************
Mələk dedikləri yaşar cənnətdə ,
Ulduzu söndürər, günəş alışar.
Mənim pəncərəmdən baxar səhərlər,-
Uşaq yuxusunda, səsində yaşar.
Girərlər boş evə axşam olanda,
Yatarlar kəndarda sakit, dinməzcə.
Mələklər-Sülhdür, həm də Umiddir,
Mələklər balaca Tanrıdır məncə.
Doğulan körpələr bu Yer üzündə
Saf və günahsızdır doğulan andan;-
Tərəqqi naminə günahımızla,
Alıb arxasınca çıxar dumandan.
Və həyat səddini keçəndən sonra,
Hər Mələk sakitcə vida söyləyir.
Körpə doğulanda qışqırır ancaq,
Sıxıb əllərini yumruq eyləyir.
***********
Hər şey qabaqdadır: gülüş, göz yaşı,
Leysan yağışları və bəyaz qarı.
Adsız səssizliyin üstündə bir də
Mayın göy titrədən ildırımları.
Hər şey qabaqdadır: Ay pırıltısı,
Günəş işığı da, sevinc, kədər də…
Sehirli dalğanın sıçrayışları,
Gəncliyin qədərsiz ruhları, bir də.
Hər şey qabaqdadır: ayrılıq, görüş,
Səndən də, məndən də öndədir hamı,-
TALE tərəfindən təyin olunmuş,
Yanıb qarsalanmış bir yay axşamı
************
Günahımı ağrım ilə ödərəm,
Acım ilə- xoşbəxtliyi, hələ də.
Və yenə də bir-birindən uzağıq,
Rədd edirsən rolumu bu Taledə.
Və yenə də söhbətimiz kəsilir,
Etiraflar küləklərə yem isə…
Kim desə də : ,,Axmaq, çəfəng işdi bu”,-
Elə et ki, qoy bilməsin bir kimsə.
Payız yağışıtək  necə soyuqdu,
Tənha qalan ov kimidir , sozalır.
Qəlbin, ruhun qırıldığı mıqamda,
Öndə qalan hədəf gümansız qalır.
**********
Deyirlər,kişilər ağlaya bilmir,
Kişi göz yaşları- dənizdə damla.
Razıyam. Amma ki,başqa cür necə
Yaşanar ən ağır kədər inamla.
Unuda həsrətin acı dadını,
Doğması ayrısa, dözüb sağ qala.
Yenidən tapına xatirələrə,
Xoşbəxt təbəssümlə bir günü dola.
Necə ağlamasın xoşbəxtliyindən,
Dünyaya gəlirsə doğma övladı.
Pis hava zamanı çıxan günəştək
Təkrarən göz yaşı şipşirin dadır.
Deyirlər, kişilər ağlaya bilmir,
Qərarlar veririk boş, sola-sağa.
Aşıla bilməyən zirvələr üçün
Göz yaşı ödəncdir uğursuzluğa.
Share: