Rəngləmə albomu… – Məryəm Sıla yazır

 
Bizim uşaqlar rəngləməni çox sevir. Oğlum həmişə rəngləri dəqiqliklə seçərək nümunədə göstərilənin eynisini qüsursuz şəkildə etməyə çalışır. Qızım isə hər dəfə verilən obrazda özünəməxsus dəyişikliklər edib nümunədən fərqli rəngləməyə çalışır. İkisi də bizə əl işlərini göstərərkən öz tərzlərini qeyd etməyi də unutmurlar. Məsələn, oğlum: ” ana, bax eyni burdakı kimi etmişəm. Bu rəngdən yox idi məndə. Amma bununla bunu qatdım eyni o rəngi aldım ” deyir. Qızımsa əvvəl : ” Səncə bunların nümunədə verdiyi qəşəngdi ya mənim etdiyim?” soruşur. Sonra da əlavə edir: ” Məncə bu qıza o rəng saç getməzdi. Üstəlik, bunun donu bənövşəyidir. Buna necə qırmızı abadok taxmaq olar axı? “
Mənimsə nəzərim albomun hələ rənglənməmiş, qara çərçivəli rəngsiz şəkillərinə ilişir. Hər biri hələ yazılmamış ağ vərəq kimi, şəkil verilməmiş xəmir kimi və mənim gözümdə daha çox yeni doğulmuş insan kimi .. Boyanmağı, şəkil verilməyi, görünən olmağı gözləyir.
Gözümdə animasiya filmi kimi canlanır. Biz doğulduq – rəngləmə albomuna sadə karandaşla çəkilmiş bəyaz bir fiqur əlavə olundu. Zaman keçdikcə həm özümüzün, həm ətrafın fırçasından axan boyalarla rənglənirik, fərqlənirik.. Əvvəlcə doğulduğumuz evin rənginə boyanırıq. Sonra addım addım qatıldığımız hər yeni cəmiyyətdə yeni rənglər, yeni çalarlar əlavə olunur bizə. Bəzən bozumtullaşır, donuqlaşır, görünməzləşir bu fiqur. Bəzən də al-əlvan, işıl-işıl yanır, uzaqdan “gəl- gəl” deyir. Amma nə qədər yeni rənglər əlavə olunsa da aparıcı rəng çox vaxt ilk boya olur . Gücümüz yetsə zamanla onu silə, yenisi ilə əvəzləyə, özünəməxsuslaşdıra bilərik. Amma dediyim kimi gücümüz yetsə…
Nə çoxumuz doğulduğu evin bozumtul rənginə bürünərək görünməzcə, səssizcə başa vurmuşuq illəri. Varlığımızdan , həqiqi rəngimizdən bixəbər qalıb ən yaxınımızdakılar belə. Nə çoxumuz sırf görülə bilmək üçün ən olmadıq rənglərə boyanmışıq sırf “mən varam!” deyib hayqırmaq üçün. Bürünmüşük qaranın ən zifirisinə, ya da qırmızının ən “qışqıran” tonuna…
 
Bir neçə həftə əvvəl 11cilərimə imtahan qabağı testlər işlədirdim. Baxdım ki, şagirdlərdən biri telefonla testin şəklini çəkib gizlincə bir şeylər etməyə başladı. Sakitcə yaxınlaşıb baxdım. Testin fonuna iri hərflərlə öz ad soyadını yerləşdirib səhifəsində paylaşdı. Yadıma düşdü ki, bu uşaq həmişə hara gəldi öz səhifəsinin adını yazır, izləyici toplamağa çalışır. Sonradan səhifəyə göz atdım və çox təəccübləndim. Burda o nə qədər test, sual izahı, məsələ misal paylaşmışdı. (Müəllimlərin verdikləri testləri, izahları öz adı ilə paylaşmışdı) Çalışqan, savadlı biri kimi tanınırdı. Bundan əlavə ara ara dərin sözlər , düşündürücü cümlələr də paylaşmış, xeyli bəyənmə və rəy də toplamışdı. İzləyici sayına və reaksiyalara baxsaq adam fenomen idi. Mənim təəccübümün səbəbi isə o idi ki, mənim həmin o sosial şəbəkə fenomeni şagirdim gerçək həyatda tam bir “görünməz” idi. Dərsi, uşaqlarla münasibəti o qədər də yaxşı deyildi. Çox danışmaz, müzakirələrdə iştirak etməzdi. Onun sinifdə olub olmaması yoldaşları üçün nəsə ifadə etmirdi. Dedim axı görünməz idi . Və mən onda anladım ki onun inadla hər partaya, hər divara həkk etdiyi səhifəsi onun görünə bilmək üçün seçdiyi boya, büründüyü rəng imiş. ” Mən varam”, “məni görün” demə şəkli imiş…
 
Çox rastlaşırıq sosial həyatda fərqli bir obraza bürünüb, realda tam fərqli rəngdə olan insanlarla. Həmişə qınaqla, ikrah hissi ilə bəhs edirik onlardan. Saxta, ikiüzlü gəlirlər bizə. Amma bir də belə düşünək : bəlkə onları görməyərək, varlıqlarını heçə sayaraq onlara bizimlə ünsiyyət qura bilmək üçün biz özümüz bundan başqa bir yol saxlamamışıq? Fikirlərini dinləməyimiz üçün illa gözlərimizi bağlamaları – boyamaları lazım gəlib? İlla önyarqı pəncərəmizə pərdə çəkmələri gərəkli olub?..
 
Uşaqların rəngləmə albomunu vərəqləyirəm yenə. Nə fiqurlar gördüm burda, nə boyalar, nə çalarlar! Bir rəngin onlarla cilvəsini, tonunu gördüm, bir meyvənin neçə ölçüsünü. Amma gəl gör ki, nə mavi çiyələyə rast gəldim, nə bənövşəyi alma gördüm, nə də narıncı turp…
 
 
Məryəm Sıla
Müstəql.Az
Share:

Author: admin