Sarsıntılarla öyrəndiyim Söz -Göytəkin Atalı

(Soylu Atalının ” Söz İşığı” kitabı üzərində düşüncələrim)

Bu günlərdə Soylu Atalının “Söz İşığı” kitabını oxudum. Özəllikcə kitabın birinci bölümündə yer alan din ilə, onların qutsal sayılan kitabları ilə bağlı araşdırma yazılarını qəribə bir həyəcanla oxudum. Bu yazılarda, illərdir cavablarını axtaran, qarışıq suallarım aydınlaşır, doğru yöndən açıqlamaları mənə idraki bir fərəh verir.

 

Kitabı oxuduqca sevincim, heyrətim içimə sığmırdı. Bəzən içimdə bir çəkişmə başlayırdı, “yox bu ola bilməz” deyə bir etiraz səsi qığılcım tək parlayır, ancaq tezliklə o sevincin, heyrətin işığı qarşısında yox olurdu. Daxilən sarsıldığımı duyurdum. Çünkü kitab məni başqa bir dünya ilə üz-üzə qoyur, bu dünyanın həqiqətlərini ağlıma çatdırırdı. Bu həqiqətlər mənə belə bir məntiqlə səslənirdi: bu çağadək addımladığın yol yanlış, sən də hamı kimi bu yanlışın, qaranlığın içində addımlayanlardan birisən.

Öncələr dinlə bağlı bir çox qaranlıq məqamlar qarşısında qalsam da, üzdən yanaşanda dinin insandan yanlış bir şeylər istəmədiyini düşünürdüm. Ancaq bu düşüncə sarsıdıcı suallarıma cavab vermirdi. Bəs dünya niyə əyilib, insan niyə azğınlığın, əyriliyin baş alıb getdiyi bir durumla üz-üzə qalıb, insanı bundan qurtarmağın bir yolu yoxdurmu?! Düşünürdüm, görəsən hər kəs dinə üz tutub onun dediyinə əməl edərsə, dünya düzələrmi?! Bu düşüncədən ayrılıb reallığa baxanda başqa mənzərələr görünür: dinə tapınanların pərdə arxasında çıxardıqları oyunları, din bayrağı altında yürüdülən savaşları, eybəcərlikləri görmək adamın içində olan-qalan ümidini də puç edir.

Başqa yöndən də dinin prinsiplərindəki ziddiyyətlər ümidlərə balta çalır. Dinin məntiqinə görə fəlakətlər artmalıdır, dünya get-gedə əyilməlidir. Əyilməlidir ki, qiyamətin qopması, dünyanın dağılması özünü doğrultsun. Bəs onda biz kimik, bu dünyada rolumuz nədir, nə üçün yaşayırıq?! “İnsan bu dünyanın sabahına ümidləmi baxsın, yoxsa qiyamətə inanıb gözləsinmi?! Axı dinlər ona qiyamət vəd eləyir, siyasət isə çıxılmazlıq. Bəs insanın üzü gülməli, sevinməli deyilmi?!” (  S. Atalı. “Söz İşığı”)

Kitabı oxuduqca həm cavabsız sualların cavabını bulurdum, həm də kitab mənə qurtuluş yolunu göstərir, yeni bir Yola – Asif Atanın Yoluna səsləyirdi! Öyrəndikcə insanın içini aydınladan, insanı özü ilə üz-üzə qoyan bu böyük Yol dünyaya, həyata inamımı artırır, nikbinlik, fərəh qaynağına çevrilir.

Atamız Var olsun!

Qürub Ayı, 43-cü il. Göyçay.

(avqust, 2021).

Share: