Tort kəsən şəhid anası və qazanan məmurlar – Samirə ƏŞRƏF yazdı

Bu yaxınlarda Lerikin Bov kəndində 1992-ci ildə şəhid olmuş şəhidin qardaşı ilə söhbət edirdim. Məktəb müdiri olan, ağsaqqal, zabitəli, cüssəli adamın yanında şəhid qardaşının adı səslənəndə uşaq kimi ağladı, gözündən yanağına, boğazına damcılayan yaşı sildi. Onda bir daha əmin oldum ki, insan itkisinin, doğma adamın yeri heç zaman dolmur. Hələ bu adam şəhiddirsə, subaydırsa, bu itki ilə barışmaq çətin və mümkünsüz olur.

Bir şəhid xanımı isə məni sözün bütün mənasında təəccübləndirmişdi. Snayperlə vurulub şəhid olan ərinin üzünü son dəfə görə bilmədiyi üçün ərinin sağ olduğuna inanırdı. Hər gün, hər səhər yuxudan onun yenidən evinə qayıdacağı arzusu ilə oyanırdı.

İkinci Qarabağ müharibəsi otuz illik yaraların qaysağını qopardı. O zaman uşaq olub qonum-qonşu yasına heç nə anlamadan baxanlar, vətən müharibəsində şəhid atasına, anasına, əmi və dayısına çevrildilər.

Oğlu ilə birgə məzara girmək istəyən analar, atalar, gecələri səhərlərə qədər övladlarının məzarından ayrılmayan valideynlər müharibəyə, ölümə olan nifrətimizi bir az da artırdı.

Bir şəhid atası tanıyırdım. Reportaj üçün evlərinə getdiyim zaman otağa girəndə gördüyüm mənzərə məni dəhşətə gətirmişdi. Otaq divar boyu şəhidin irili-xırdalı şəkillərilə, sevdiyi əşyalarla bəzədilmişdi. Bir də, şəhidin şəkilləri önünə onun ən çox sevdiyi albalı kompotu qoyulmuşdu. Butulkalarda, stəkanlarda… Bundan sonra şəhid atası ilə danışmaq olardı? Həyat bitmiş, ömür çırağı sönmüş, ümid yoxa çıxmışdı.

Nə deyəsən, nə yazasan bilmirsən. Bəzən yazmaq istədiyin sözlər bu cür mənzərələr qarşısında aciz qalır.

İslam dinində şəhidlik ən uca zirvə sayılır. Din, vətən, əqidə uğrunda şəhid olanların məqamı çox yüksək tutulur. Bu səbəbdəndir ki, şəhid valideynləri sonradan təsəllini dində görür və tapırlar.

Dünyanın bir çox ölkələrində də şəhidin məqamı, xatirəsi həmişə yüksək tutulur. Onların ailə üzvlərinə, övladlarına dövlət tərəfindən güclü dəstək və hörmət edilir.

Bizdə isə vəziyyət bir az başqadır. Daha doğrusu, bəzən gözlərimiz qarşısında baş verənlər insanı dəhşətə gətirir. Şəhidlərin məzarı üzərində təntənəli ad günüləri keçirmək, onların övladlarını, ailə üzvlərini bu ad günlərində danışdırmaq, ağlatmaq hansı əxlaqdan xəbər verir?

Bəzən şəhid uşaqlarını atlarının baş daşına sarılıb ağlamağa məcbur edir, sonra da bu videoları sosial şəbəkələrdə yayırlar. Bir şəhidin məzarı başında onun şəklinin üzərinə tort kreminin çəkilməsini görəndə əl-ayağım yerdən üzüldü. Əlbəttə şəhidlərin yaxınların bu hərəkətləri etməsi hardasa başa düşüləndir. Amma onların buna təhrik edilməsi dəhşətlidir.

Bu gün şəhid ata anasının, doğmasının ən böyük təsəllisi onların övladlarının adının yaşaması, xatirəyə çevrilməsidir. “Bu dünyadan mənim də balam gəlib getdi” fikri ilə yaşamaq özü də bir təsəllidir.

Amma çinli məmurların, fırıldaqçıların istənilən şəkildə şəhid adı üzərindən manipulasiya etməsi, özünə xal yığması ürək bulandırıcı mənzərədir.

Ötən gün 21 yaşlı şəhidimiz leytenant Samir Əliyevin doğum günü münasibətilə təşkil olunan mərasimdə yaşananlar isə şəhid adı altında oyun oynamaq istəyənlərin etdiklərinin pik nöqtəsi hesab oluna bilər. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun da iştirak etdiyi mərasimdə şəhidin fotosunun və adının həkk olunduğu tort kəsilir, video, foto çəkilir… Bu azmış kimi çiyninə bayraq salınan şəhid anasının əlinə bir bıçaq da verilir ki, oğlunun şəkli olan tortu kəssin.

Axı biz bildiyimizə, gördüyümüzə görə tortlar, şirniyyatlar insanların xoş günündə, sağlam dövründə baş verir. Bu nə məzhəkədir bizim məmləkətdə yaşanır? Axundov, Mirzə Cəlil, Sabir bunları görsəydilər yəqin ki, yazmağa söz, kəlmə tapa bilməzdilər. Halbuki onların ürəyini, ciyərini partladan buna bənzər hadisələrin baş verdiyi cəhalətin, savadsızlığın yaşandığı dövrdən bir əsrdən çox vaxt keçir.

Bir şəhid anasının, atasının, yaxınlarının hissləri ilə oynamaqdan əl çəkin. Ayıbdır! Bəlkə də onlar sizin məsləhətinizə uyurlar, sizi savadlı bilib dediyinizlə oturub dururlar, ancaq şəhid adı üzərində qazanılan bir zərrə xal belə haramdır.

Belə rejissorluq istedadınız, aktyorluq, məzhəkəçilik bacarığınız varsa, Mədəniyyət Nazirliyi ilə müntəzəm əlaqələr yaradın, kino və xüsusi ilə məhvə sürüklənən teatrlarımızın qocaman direktorları ilə iş birliyi qurun.

İnanın arzuları, ümidləri ürəyi ilə birgə dəfn olunmuş gənc şəhidlərimizin xatirəsini ləkələməkdənsə, teatrlarımıza ssenari və aktyorluq barədə xeyli köməklik etmiş olarsınız.

Share: