Dağlar bu dünyanın alın qırışı, Dəryalar, dənizlər gözümün yaşı

           MƏNİM BU SEVGİM

 

Bahara döndərdi duyğularımı,

Şipşirin elədi yuxularımı.

Üstünə sərmişəm könül varımı,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Hər gün sevincimin dodağı qaçır,

Duyğular sinəmdə gül-çiçək açır.

Elə bil ruhuma işıq, nur saçır,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Çiçəyə bürünüb yaylaqlar kimi,

Pıçıldayır körpə dodaqlar kimi.

Çağlayır dumduru bulaqlar kimi,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Oxu könlümdəki eşqin sətrini,

Daim uca tutdum onun xətrini.

Ayselin ruhuna səpib ətrini,

Kövrək bir nəğmədir mənim bu sevgim.

 

                            VƏTƏN

 

Ömrümə ələnən ilahi nursan,

Ana laylası tək qəlbə dolursan.

Yamyaşıl geyinmiş gəlin olursan,

Bir özgə aləmdir baharın, Vətən.

****

Nəğməyə bələnib gözəl çağların,

Ərən oylağıdır uca dağların.

Könüllər oxşayır barlı bağların,

Ümid ətirlidir yolların, Vətən.

****

Aysel, bu torpaqda halallıq ara,

Zirvələr heykəldir namusa, ara.

Sənin sorağına gələn dostlara,

Sevinclə açılır qolların, Vətən.

 HƏYAT

Duyğular sinəmdə iməkləyən gün,

Əllərim ümidi ətələyən gün,

Arzular gözümdə çiçəkləyən gün,

Bəxtimi gözündə çalıbdı həyat.

****

Fələyin bəxtimlə çoxdu davası,

Yaralı könlümün yoxdu dəvası,

Ruhuma əsəndə bahar havası,

Sevgimi əlimdən alıbdı həyat.

****

Min ah çiçəklədi bir arzu-kamda,

Qəfil çilikləndi arzu da, kam da.

Əllərim vüsala yetən məqamda,

Ayrılıq havası çalıbdı həyat.

****

Fələk taleyimdə dərdi yolları,

Gözümün yaşına sərdi yolları.

Keçir sinəm üstdə dərdin yolları,

Ömrümü əzaba salıbdı həyat.

****

Gözü misra-misra dolan şairəm,

Dərdin bağcasında solan şairəm.

Bəxtimi ovcundan salan şairəm,

De. məndə ta nəyin qalıbdı, həyat?!

 SEVİRƏM

İmkan olsa, tut kasıbın əlindən,

Çıxar onu dərdin, qəmin selindən.

Əyilib öp bir yetimin telindən,

İnsanların mürvətini sevirəm.

****

Can fələklə hər gün bəhsə-bəhsədir,

Əcəl yolda, qulaqlarım səsdədir.

Ümidlərim həyat adlı dərsdədir,

Mən taleyin qismətini sevirəm.

****

At oynadır zəmanənin soyuğu

Solan deyil içimdəki bu duyğu

Nənələrin mənə miras qoyduğu,

Abırını, ismətini sevirım

****

Bir xoş sözlə, tənhaları dindirin,

Gözlərdəki dərdi, qəmi endirin.

Bu dünyanın mohnəti var çox dərin,

Ürəklərin şəfqətini sevirəm.

****

Aysel, zaman ömrü-günü toxuyar,

Arzularım pərdə-pərdə oxuyar.

Ümidlərim zəfər ətri qoxuyar,

Doğma elin qeyrətini sevirəm.

 

 

        ÖMÜR VƏFASIZDIR

 

Dağlar bu dünyanın alın qırışı,

Dəryalar, dənizlər gözünün yaşı.

Qəlbində bu uca hikməti daşı,

Ömür vəfasızdır bu dünya kimi.

****

Soruş lalələrin qara xalından,

İbrət al həyatın qeylü-qalından,

Tutma iki əlli haram malından,

Ömür vəfasızdır bu dünya kimi.

****

Əzəldən dərdləri təzədi, tərdi,

Min ildi gözlərdən göz yaşı dərdi.

Milyon-milyon ömrü torpağa sərdi,

Ömür vəzafızdır və dünya kimi.

****

Aysel, bəxtin yolu dumandı, çəndi,

Ağrılar saçımdan bolyanan dəndi.

Fələyin qapısının çırpıb gedəndi,

Ömür vəfasızdır bu dünya kimi,

Qəlbimin aynası

 Daim həqiqətə vermişəm könül,

Hər sözüm sinəmdə çiçəkləyən gül.

Ruhum kəpənək tək qanadı yüngül,

Gözlərim qəlbimin aynası olub .

 

Duyğular söz dünyamın çəmənzarıdır,

Ürəyim həmişə haqqa sarıdır.

Könlüm əzəl gündən eşq nübarıdır ,

Gözlərim qəlbimin aynası olub.

 

Tanrıdan almışam könül nurumu ,

Allahım hifz edər hər uğurumu.

Daim uca tutdum öz qürurumu ,

Gözlərim qəlbimin aynası olub.

“ Qurban olum “                

Könlümün ulu xətrisən,

Şeirimin uca sətrisən .

Ruhumun layla ətrisən ,

Şuşam, sənə qurban olum!

 

Bax ömrümün hər ayına ,

Gəl bəxtimin sarayına ,

Bu torpağın harayına ,

Yetən, sənə qurban olum!

 

Zaman baxır şahid kimi,

Durmuşam mücahid kimi.

Səngərlərdə şəhid kimi

Bitən, sənə qurban olum!

 

Vurğunam ,tanı halımdan ,

Tez qovuşaq torpağında .

Qarabağ tək xəyalımdan ,

Ötən sənə qurban olum !

 

Qarabağın baş tacısan ,

Dərdlərimin əlacısan .

Könlümüzün sultanısan .

ŞUŞAM sənə qurban olum!

 

MƏNİM DÜNYAM 

 

Ruhumun yaddaşı ulu,

Keçib gedir ömür yolu,

Şirin arzu, istək dolu,

Bir ürəkdir, mənim dünyam.

 

Ucaların ucasında,

Qəm eləmə gec alsan da.

Arzularım baxçasında,

bir çiçəkdir, menim dünyam.

 

Bir gözəl nəğmə tək dinib,

Çox kədəri özü yenib,

Göy üzündən yerə enib,

Bir mələkdir, mənim dünyam.

 

Hər duyğuma bir ad verən

Pak sevgimə qanad verən

Ayselə cüt qanad verən,

Xoş diləkdir, mənim dünyam.

 

TƏBİƏTİN VURĞUNUYAM  MƏN

 

Çıxmışam seyrinə göy yaylaqların,

İçmişəm suyundan buz bulaqların.

Oxşayıb saçımı yel narın_narın,

Dostum, təbiətin vurğunuyam mən.

 

Ruhumu oxşayır bu dağ, bu dərə.

Cənnət misallıdır hər xoş mənzərə.

Könülüm ayna tutub gözəlliklərə,

Dostum, təbiətin vurğunuyam mən.

 

Ayselin sözündə çiçək ətri var,

Qəlbində Vətənın ulu xətri var,

Mənim hər misramda bahar ətri var.

Dostum, təbiətin vurğunuyam mən.

 

    Müzəffər Ordum

 

Sinəmdə fəxarət işığı yanır,

Ruhum nəğmə_nəğmə bu gün oyanır.

Üçrəngli bayrağım göyə ucalır,

Düşmənə dağ çəkir Müzəffər Ordum!

 

Qırdın iztirabın, dəmir qəfəsin,

Çin olub ən böyük arzun, həvəsin,

Dünyanı dolaşır sorağın, səsin,

Düşmənə dağ çəkir Müzəffər Ordum!

 

Şuşalı günlərin gəlir sədası,

Qarabağ olubdur dərdlər dəvası.

Ömrünə nur səpir Öndər dühası,

Dünmənə dağ çəkir Müzəffər Ordum!

 

 

 

 

 

                                

Share: