…Mən köçkünlüyümüzün ilk həftəsində anadan olduğum üçün adımı Qərib qoymuşdular…- İSGƏNDƏR FƏRHADOĞLU

 

 

“AY ANA, MƏN QƏRİBƏM…”

Əsgərlikdən qayıdanda məni kənd arasında tanıyan olmadı. Evimizə tərəf getdim. Yolumu sevgilimin küçəsindən saldım. O, qapılarının qabağına su çiləyirdi. Mənə tərəf baxdı və həyətə keçdi. Məni tanımadı. Fitlə “Ay ana, mən Qəribəm…” mahnısını çaldım. O, küçəyə bir dolça su atdı…

Öz darvazamıza çatanda fitlə “Ay ana, mən Qəribəm…” mahnısını çaldım. Həyətdə itimiz sevinclə hürdü. Anam can bala deyib yola yüyürdü…

Heç telefonum da məni tanımadı. Nə gərləşmiş səsimi, nə codlaşmış sifətimi, nə də kişiləşmiş barmaq izlərimi… “Parolu” dedim açılmadı. Lakin “Ay ana, mən Qəribəm…” mahnısını çalan kimi o da məni tanıdı və… açıldı…

Atam işdən gələndə məni soyuq baxışlarla süzdü. Və… anamın “ay kişi, Qəribdir də, tanımadın!?” – sözündən sonra məni tanıdı.

…Mən köçkünlüyümüzün ilk həftəsində anadan olduğum üçün adımı Qərib qoymuşdular.

 

VETERAN TANKÇI

Kəndin dördyolunda ildırım sürəti ilə bir xəbər yayıldı:

–“Bağın yoxuşu”nda tank xarab olub…

Elşad dostları ilə özünü deyilən yerə çatdırdı. Tank yolun kənarında çəpinə dayanmışdı. Tankçıların paltarları və əlləri dirsəyə qədər mazutun içindəydi. Çaşıb qalmışdılar.

Elşad çəliyinə dayanaraq onlara yaxınlaşdı. Üzünü baş leytenanta tutaraq təmkinlə dilləndi:

–Komutanım, nə olub?

O, tank komandirinin cavabını gözləmədən çəliyini əsgərə verib tək ayağı ilə təkan verib quş çevikliyi ilə tankın üstünə qalxdı.

Komandir onun hərəkətini təəccüblə müşahidə edərək dedi:

–Qazim, narahat olma, xəbər göndərmişik, bir-iki saata mexaniklər gələcək.

Elşad təklif gözləmədən qapağı açılmış motorxanaya endi. Elektrik naqillərini, startyoru, nəzərdən keçirdi, seksiyanın, hava balonlarının vəziyyətini yoxladı. Forsunkaların başını açıb yanacaq nasosunu yuxarı-aşağı hərəkət etdirərək yanacağın təzyiqinə diqqət etdi. Nəhayət, açarlarla bir neçə vinti bərkitdi, bir neçə vinti isə nizamladı. Sonra lükdən kabinəyə girdi. Birdən tank boğuq səslə hönkürdü.

Ətrafdakılar və tankçılar yerlərində donub qalmışdılar. Qəflətən tank tam sürətlə irəli şığıdı. “Çəltik çəpəri”ndə geniş bir dövrə vurub tankçıların yanında daynandı. Elşad çevik hərəkətlə tankın üstündən yerə tullandı.

O, hərbi salam verərək təmkinlə dedi:

–Komutanım, döyüş texnikası olan “T-72” tankı döyüşə tam hazırdır, sizə uğurlar olsun.

Əsgər əlində saxladığı çəliyi ona tərəf uzatdı.

Tank nərilti ilə yoluna davam etdi.

Hamının nəzərləri məmnunluqla tək ayağı üzərində məğrur duruşla dayanmış Elşada yönəldi…

 

 

LAÇIN

Qarabağın darda olan vaxtında könüllü olaraq Laçında vuruşurdum. Qardaşımla telefon əlaqəsi zamanı oğlunun anadan olduğunu söylədi. Sevincdən ürəyim köksümə sığmadı. Hayqıraraq səngərimizə yaxınlaşan düşmən tankına minaatandan atəş açdım. Tank bir anda alovlanmağa başladı. Telefona baxdım. Üstündə işıq gəlirdi. Əlaqə hələ kəsilməmişdi.

Qardaşıma göz aydınlığı verdim:

–Uşağın adını Laçın qoyarsan!..

Və… əlaqə kəsildi… Əsgər dostumdan xahiş etdim ki, döşümün sol tərəfinə, ürəyimin üstünə “Laçın” sözü döysün.

…İyirmi yeddi il sonra, Vətən müharibəsinin qızğın çağında Laçın, Laçın bölgəsində döyüşürdü. Onun rəhbərlik etdiyi tabordan qələbə xəbərləri gəlməkdə idi. Hərdən çox qısa telefon danışığımız olurdu. Növbəti telefon əlaqəsində Atəş səslərinin müşayiəti ilə dedi:

–Nəvənin dünyaya gəlməsi münasibəti ilə səni təbrik edirəm. Adını Laçın qoyarsan!..

Və… əlaqə kəsildi…

Ayağından yaralanmış Laçını hospitalda ziyarətə getdik. Yarası ağır deyildi, vəziyyəti yaxşı idi. Xəstə paltarının altında Laçının sol döşündə, ürəyinin ütündə qaysaqlamış “Laçın” sözü gözümə sataşdı. Gözlərim yaşla doldu…

 

 

TALEYİN İSTEHZASI

…Əlli beş il bundan əvvəl ürəyini açmışdı ona. Mənfi cavab almışdı.

Əlli beş il bundan öncə sevirdi onu. Sevirdi deyəndə, bu əlli beş ildə bir an belə unutmamışdı onu. Onun xəyalı ilə yatıb-durmaq, gəzib-dolaşmaq, bir sözlə ömür sürmək həyat tərzinə, həyati tələbatına çevrilmişdi.

…Qocalar evindəki çarpayısında gözlərini tavana zilləyib onun xəyalı ilə danışırdı. Bayırdan asta danışıq səsləri gəlirdi. Xəyallarını içinə yığıb otaqdan çıxdı. Qocalar evinə təzə sakin gəlmişdi.

…Baxışlar toqquşdu. Bu, o idi. Sarsıldı. Gözlərini açanda ilk dəfə başının üstündə dayanmış həkimi gördü.

…Onlar əlli beş ildən sonra qocalar evində evləndilər…

 

QOCALMIŞ MƏHƏBBƏT…

O, ayağa qalxdı. Addım atmaq istədi. Bacarmadı. Əlini əsaya tərəf uzatdı. Onu yerində tapa bilmədi. Həyat yoldaşı əsa ilə yoldaşlı bazara getmişdi.

Xəyallara daldı. Uşaq bağçasında şərikli oyuncaqları vardı. Hərdən bir oyuncaq üstündə savaşardılar. Eyni sinifdə oxuyanda eyni partada oturardılar. Parta üzərində soyuq ərazi savaşı gedərdi. “Son zəng”də ikisi bir şerlə təbriklərini söylədi. Attestatlarının nömrəsi bir vahid fərqli idi. Universitetə eyni nəticə ilə daxil oldular. Yenə talelərinə eyni parta qismət oldu. Diplomlar bir-birindən bir vahid fərqli nömrələndi. Eyni poliklinikalarda işlədilər. Pasiyentləri eyni oldu. Toyları da eyni gündə oldu. Eyni masabəyi, eyni müğənnilər, eyni tostlar. Eyni dostlar onlara eyni arzuları etdilər. Eyni mənzildə yaşamağa məhkum oldular. Analıq və atalıq, nənəlik və babalıq sevincini birgə daddılar. Sevinclər eyni, qəmlər eyni, övladlar eyni, nəvələr eyni…

Eyni gündə təqaüdə çıxdılar. Sanki yenidən uşaqlaşdılar. Şərikli oyuncaqların xiffətini etdilər. Şərikli nəvələr, şərikli canlı oyuncaqları oldu.

…Bu zaman həkim həmkarı içəri daxil oldu. Şərikli əsanı ona tərəf uzatdı. Baxışlar toqquşdu. Gözlərdən ilıq bir sevgi axdı. Gülümsədilər. Bu gülüşün hüsnünü təsvir etməyə qələmim acizlik etdi. Rica edirəm onu və məni bağışlayın…

…Qələm nüsxə şəklində yalnız bunları yaza bildi: ”Vetus amor…” – qocalmış məhəbbət…

 

LEYLİ VƏ MƏCNUNUN FÜZULİSİ

Hərdən mən düşünürəm:

–Görəsən, Məcnun Leyli ilə qovuşsa onların qocalığı necə olardı. Görəsən onların qocalığı Füzulinin qocalığına təsadüf etsəydi böyük şair onları necə təsvir edərdi?

…Bu gün bir qoca ilə bir qarının parkda çox mehriban söhbət etdiyini görüb onlara yaxınlaşdım. Onlardan bir müsahibə götürmək istədim. Razılaşdılar. Operatoru çağırdım.

İlk müraciətim belə oldu:

–Özünüzü təqdim edin.

İlkin olaraq qoca dedi:

–Adım Qeysdir, hamı məni Məcnun çağırır.

Qarı dilləndi:

–Leyli.

–Nə vaxtdan tanışsınız?

Bu suala cavab vermək üçün Qeys üzünü Leyliyə tutdu.

Leyli utana-utana dilləndi:

–Ötən əsrin qırxıncı ilindən, birinci sinifdə tanış olmuşuq. Bir sinifdə oxumuşuq, universitetə bir daxil olmuşuq, bir gündə diplom almışıq. Əlli il müəllim işləmişik, hər ikimiz Məhəmməd Füzuli yaradıcılığına aid elmi əsərlərimizi bir gündə müdafiə etmişik. Hər ikimiz elmlər doktoru, professoruq.

Bu zaman Qeys müəllim Leyli müəllimənin sözünü kəsdi:

–İkimizin də toyu bir gündə oldu. İlk övlad və nəvə sevincini də bir gündə dadmışıq. Üç övladımız, səkkiz nəvəmiz, üç nəticəmiz var. Allah məsləhət bilsə bir-iki ilə kötücəmizin də toyunu görəcəyik…

…Süjet işlədiyim telekanalın axşam verilişlərinin birində “Füzulinin Leyli və Məcnunu, yoxsa Leyli və Məcnunun Füzulisi” başlığı ilə efirə getdi.

 

 

İsgəndər Fərhadoğlu

 

Müstəqil.Az

Share: