Ölkənin qarayarası: MƏTBUAT… -Jalə Mütəllimova yazdı

Siyasətdə Ramiz Mehtiyev və Əli Həsənov elə bir nəsil yetişdirdi ki, məqam gələn kimi onları məhz həmin nəsil “yedi”. Mediada da belədir. Biz o nəsilik ki, Nəcəf Nəcəfov, Ağamalı Sadiq, Azər Əbilbəyli və onlardan daha gənc nəsil ustadlar tərəfindən yetişdirildik.

Milli media adamı kimi. Məsələn mənim illər öncəki baş redaktorum deyərdi ki, sənin və o biri uşaqların yazan barmaqları, qələm tutan əli, düşünən beyni olmasa, mən heç kiməm. Bu pul deyildi, stimul idi. O stimulla mən, maaşsız, Sahil metrosundakı ofisdən, gecə saatlarında yazımı təhvil verib, metroya düşməyə iyirmi qəpiyim olmasa da piyada, üzü küləyə, düz Inqilab küçəsində kirayə qaldığım işıqsız, kasıb damxaya gedirdim. Səhər saat doqquzda işimə dönmək üçün yeddidə yola çıxırdım, eyni enerji ilə. Çünki məndən mənən muğayat idi kimsə. Və onun dedikləri səmimi idi, artistlik deyildi. Az da olsa qazandığımızı isə bir yerdə çətin də olsa bölə bilirdik. Indi baş redkatorların çoxu deyir, mən olmasan, siz heç kimsiniz. Çünki kimsəni kadr kimi yetişdirməyiblər. Hamı əlaltı, qapazaltıdır, bir parça çörəyə görə…
Mən on gənc imza sayaram ki, gələcəyə milli gücdür, əqidəli, əxlaqlı, mənəviyyatlı yazar kimi yetişir. On birinci yoxdur.
Bu Azərbaycan mediasının kliniki ölüm halıdır. Bu həm də indiki media rəhbərlərinin əməyinin “bəhrəsidir”. Harda işıq gördülərsə qapatdılar, parıltı gördülərsə üstünü örtdülər. Birdən kimsə onlardan bir addım önə keçər deyə. Niyə? Qarşılarına elə yem atılmışdı ki, onu həmişə yemək ehtirası hər şeyi qapatmaq, məhv eləmək, hətta xəyanət eləmək gücü verirdi. Beləcə indi nəinki özlərinin, heç bizlərin də qocalığına, insan, peşəkar milli kadr kapitalı buraxmadılar. Ya da bircə ovuc qaldı belələri. Ona görə tanımayanlar, prosesdə “çiy” olanlar, kimi, hardan, tutdusa, basırb, “jurnalist” qayırdı. Onun da peşəkarlığı, milliliyi daban altdadır. Heç özləri demiş dünyəvi də ola bilmirlər.
Deməm o ki, bu camiyədə özünə kapitan deyənlərin əksəriyyəti, balaca ramizdi, balaca həsənovdur. Yaşamaq və yenə böyümək üçün hamını “yeyəcəklər” sektorda. Və elə bir nəsil yetişdirdilər ki, məqamı gələn anda o nəsil də bizlə, onlara fərq qoymadan hamını “yeyəcək” və artıq, “yeyir”. Bu çox eybəcər görüntüdür. Ədalətsizdir. Çox miskin mənzərədir. Eqonun təpədə olmasıdır. Başqa heç nə.
Düzü vəzifədən gedənlərdən və müharibədən sonra böyük ədalət gözləyirdim, vicdan, əxlaq gözləyirdim, peşəkarlara dəyər gözləyirdim, ölkədə, olmadı. Bəlkə də olacaq, bilmirəm. Istənilən halda, ümidimi itirmirəm yenə də. Di gəl, onu da bilirəm ki, ümid ən böyük yalandır…
25.07.2021.
Share:

Author: Müstəqil AZ