Rus sülhməramlıları Ağdamdakı Mərkəzə tabe edilsin!

Ermənistan siyasi vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edir. Son günlər düşmənin yenidən aktivləşməsi onun yeni məkrli plan axtarışında olmasından xəbər verir.

Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi və Rusiya sülhməramlıları öz fəaliyyətini intensivləşdirməlidir:

“Ermənistanın məqsədi bəllidir. Rəsmi İrəvan 44 günlük müharibə öncəsi və müharibə zamanı olduğu kimi, bu gün də Qərbin, ABŞ-ın diqqətini regiona cəlb etmək istəyir.

Rəsmi İrəvan müharibə zamanı bunu edə bilməmişdi, çünki Prezident İlham Əliyev olduqca çevik və miqyaslı diplomatiya və beynəlxalq vəziyyəti son dərəcə dəqiqliklə təhlil edərək, Ermənistana heç bir şans tanımamışdı. Digər tərəfdən, müharibə zamanı ABŞ-da prezident seçkilərinin olması, Fransanın daxili məsələlərinə başının qarışması da 10 noyabr bəyanatından və postmünaqişə dövrü proseslərdən bu ölkələri kənarda qoydu. Lakin son hadisələr bir daha təsdiqləyir ki, Vaşinqton və Paris Cənubi Qafqazda “itirdiklərini” qaytarmaq istəyir. Bunu erməni dairələrin əli ilə etməyə çalışırlar və hazırda süni şəkildə gərginlik yaradılmasının də səbəbi budur.

Digər məsələ isə bütün bu proses baş verən zaman Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi və Rusiya sülhməramlılarının səssiz qalmasıdır. Sülhməramlılar regiona sabitliyi qorumaq, gərginliyi azaltmaq, erməniləri tərki-silah etmək üçün gəlib. Əvəzində isə biz Qarabağda hələ də silahlı ermənilərin olduğunu və onların hətta Azərbaycan əsgərinə güllə atacaq qədər cəsarətləndiyini görürük. Sual yaranır: o zaman Rusiya sülhməramlılarının regionda işi nədir?

Ağdamdakı Brgə Monitorinq Mərkəzinin isə ümumiyyətlə fəaliyyəti nəzərə çarpmır. Çünki prosesə yalnız nəzarət edirlər, təsir yox. Ona görə də hesab edirəm ki, bu Mərkəzə prosesə təsiretmə imkanı verilməlidir. İlkin mərhələ kimi isə rus sülhməramlıları bu Mərkəzin tabeçiliyinə keçə bilər. İkinci mərhələdə isə bölgəyə türk sülhməramlılarının gəlişi təmin edilməlidir. Unutmaq olmaz ki, quruculuq işlərinin tez bir zamanda aparılması və Böyük Qayıdışın gerçəkləşməsi üçün regionda sabitlik şərtdir. Buna Türkiyə hərbçiləri də aktiv şəkildə qoşulmalıdır”.

Turan Rzayev

Share:

Author: Müstəqil AZ