Onların Şuşaya getməkdən imtina etməsi həm siyasi və diplomatik nəzakətsizlikdir, həm də…

“Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirlərinin rəsmi Bakının dəvətinə etinasız yanaşaraq, iyulun 9-10-da Füzuliyə və Şuşaya səfərdən imtina etmələrinə əsla təəccüblənmədim. Çünki bu qrup ilk başdan ədalətin təntənəsi üçün yaradılmayıb. Biz torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddətdə o həmsədrlərdən nə zaman hansısa bir ədalətli mövqe gördük ki, indi də onların növbəti ədalətsizliyini görəndə heyrətimizi, təəccübümüzü və təəssüfümüzü ifadə edək? Əgər biz bunun əksinə olan bir davranışın şahidi olsaydıq, bəlkə də onda təəccüblənərdik.”

Müstəqil.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov  ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan diplomatların – Mixail Boçarnikov (Rusiya), Zakari Qross (Fransa) və Erl Lisenberger (ABŞ) Şuşa səfərindən imtina etmələrinə mü3nasibət bildirərkən deyib.
O, bildirib ki, həmsədrlər bu səfərdən imtina etmələri ilə əslində öz ənənəvi mövqelərini davam etdirdiklərini bir daha nümayiş etdirdilər. Həmsədr ölkələrin diplomatları Mixail Boçarnikov (Rusiya), Zakari Qross (Fransa) və Erl Lisenberger (ABŞ) bu səfərdən imtina etməklə güya tərəfsizlik və obyektivlik nümayiş etdirmək istədilər. Lakin əsl həqiqətdə isə onlar məhz bu hərəkətləri lə ədalətsizliyin (Ermənistanın) yanında durduqlarını bir daha açıq şəkildə göstərdilər, necə deyərlər, tərəflərini bəlli etdilər.
Səfirlərin bu hərəkətinin bir yox, bir çox izahları var. Onların Şuşaya getməkdən imtina etməsi həm siyasi və diplomatik nəzakətsizlikdir, həm də təmsil etdikləri ölkələrin hər zaman “ikili standartlar” siyasəti yürütmələrinin əyani təzahürüdür. Onların bu addımı eyni zamanda həm Minsk qrupunun varlığını bu və ya digər şəkildə qoruyub saxlamaq cəhdidir, həm də ki, bilavasitə özlərinin təklif edib qəbul etdikləri beynəlxalq hüquq normalarına qarşı açıq şəkildə hörmətsizlikdir.
Biz Milli Həmrəylik Partiyası olaraq ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin timsalında nümayiş etdirilən bu haqsız, qeyri-obyektiv və qeyri-səmimi mövqeyi pisləyir, onların ermənipərəst hərəkətinə öz etirazımızı bildiririk. Bu cür riyakar yanaşma ilə ATƏT və onun həmsədrləri postmüharibə dönəmindəki proseslərə heç bir töhfə verə bilməz. Minsk qrupu bundan sonra Qarabağa dair proseslərdə hər hansı formada iştirak etmək iddiası ilə çıxış edə bilməz. İşğalçını – Ermənistanı dəstəkləyən ölkələrin bizim işlərimizə qarışmağa nə mənəvi haqqı, nədəki siyasi və hüquqi yetkiləri yoxdur.
Müstəqil.Az
Share: