Milli Məclisin deputatları Türkiyəyə gedirlər

Bu gün azərbaycanlı deputatlar Türkiyəyə səfər edirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

Milli Məclisin deputatları burada 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mustafa Şəntop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.

Səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri Anıtkabiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda deputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.

 

Share:

Author: admin