Yerin zirvələrdir, ay vətən oğlu…- Leyla Məcidova yazır

Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağ uğrunda oğlunu, qızını Şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Qəhrəmanım Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Orxan Quluzadənin haqqında çox yaza bilərəm.
Vətən sevgisindən, vətənpərvərlik əzmindən, döyüşlərdə göstərdiyi rəşadətdən və idman sahəsində uğurları onun 44 günlük müharibədə özünü bir daha göstərmiş oldu.
Məlumat üçün bildirim ki, Quluzadə Orxan Elxan oğlu 29 iyun 1994-cü il tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə təhsilə başlamış və 2011-ci ildə orta məktəbi bitirmişdir. 2012-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. 2017-ci ildən Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Dəstələrində kiçik gizir vəzifəsində qulluq etmişdir. Ailəli idi. 1 övladı vardır.
Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi naminə əks hücum əməliyyatı zamanı ❤QƏLƏBƏYƏ ❤ tam 8 saat qalmış
Orxan Quluzadə 8 noyabrda Zəngilan rayonunun Şükrütaz yüksəkliyi uğrunda gedən döyüşlərdə 18 erməni hərbi qulluqçusunu məhv edərək, yaralı yoldaşlarını döyüş meydanından xilas etmiş və qəhrəmancasına Şəhid olmuşdur.
Şəhidimiz Vətən müharibəsində böyük döyüş şücaəti göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, ”Zəngilanın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilmişdir.
44 günlük müharibənin iştrakçılarının hər biri cəsur qəhrəmandır.Şəhidlərimizin qəhrəmanlığı və şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnəkdir!
Quluzadə Orxan nəslimizin sevilən, səmimi gənclərindən idi. Onun xatirəsi daima bizimlə yaşayacaq!
Allahdan rəhmət diliyir, ruhu qarşısında baş əyirəm.Nur içində yat arzuları özündən böyük oğlan.
Vətən yurd yolunda qurban gedənlər.
Məkanı cənnətdir ay vətən oğlu.
Başın ucaltmısan ana torpağın,
Yerin zirvələrdir ay vətən oğlu.
Qürur yerimizsən bunu danmıram,
Üç rəngli bayraqda qanın var sənin.
Torpağın döşünə sən sipər olub,
Çəkdin el qeyrəti ay vətən oğlu.
Döyüşdün qəlbində vətənə sevgi,
Sənin hər əməlin vallah hünərdi
Oğullar səngərdə canını verdi
Səndə torpaq oldun ay vətən oğlu.
Çəksədə qəm həsrət mehriban anan,
Başını dik tutur qürurla gəzir
Sənin yoxluğunu yataq xəstəsi,
Nənəndən hələdə bilki gizlədir.
Məzarın ananın təsəlli yeri,
Hər gün baş daşını öpüb oxşayır.
Qəlbində nə qədər hicran olsada,
Səninlə fəxr edir ay vətən oğlu.
Bu gün ad günündür sənin cənnətdə,
Məkanın mübarək ay vətən oğlu.
Ölməyir yurduyçun Şəhid olanlar,
Ad günün mübarək ay vətən oğlu.
Lənkəran Dövlət Universitetinin
baş müəllimi,tarix üzrə fəlsəfə doktoru
Məcidova Leyla Qadir qızı
Puede ser una imagen de 1 persona y texto que dice "İnsta/@VetenOgullari2020 Şahid Quluzada Orxan Elxan Oğluu 1994-cu il Lankaran şaharinda anadan olmuşdu. Dövlat Sarhad Xidmatinin Xüsusi Tayinatli Giziri idi 11 Qarabağ Müharibasi zamanı 8.11.2020-ci ilda Zangilan uğrunda gedan döyüşlarin birinda Qahramancasına Şahid olmuşdur. Ölümündan sonra Qarabağ ordeni ila taltif olunub. Makanı cannato"
Share: