Ermənistan elə bir çıxılmaz duruma düşüb ki

Ali Baş Komandan İlham Əliyevin “Gülüstan” sarayında Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə keçirilən görüşündə etdiyi geniş, əhatəli çıxış mən deyərdim ki, Ermənistanın köhnə-yeni rəhbərliyi üçün böyük “yol xəritəsi”dir. Əgər Nikol Paşinyan həqiqətən də bundan sonra Ermənistan-Azərbaycan münasibətlərinin düzgün tənzimlənməsini və normallaşmasını istəyirsə, o Robert Köçəryan kimi revanşistlərin, müharibə “bayquş”larının təhrikçi fikirləri ilə deyil, İlham Əliyevin çıxışında yer alan tezislər, mesajlar əsasında hərəkət etməlidir.

Azərbaycan Prezidenti sözügedən çıxışında kifayət qədər açıq danışdı və bir sıra çox önəmli mesajlar verdi. Bu mesajlar ilk növbədə Ermənistana və onun xarici havadarlarına, ağalarına ünvanlanmış mesajlar kimi dəyərləndirilməlidir. Bu mesajlarda ermənilərin və Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ” terminini bir dəfəlik unutmalı olmasından tutmuş sülh müqaviləsinin imzalanmasına, delimitasiya işinin aparılmasına hazırlaşmağa qədər bütün spektr əhatə olunub. Əslində Prezident İlham Əliyevin çıxışındakı mesajların hamısını vahid kontekstdə ümumiləşdirsək, dövlət başçımız hazırda bütün ermənilərin son ümid yeri kimi baxdığı Nikol Paşinyana başa salmaq istəyirdi ki, Azərbaycanın yürütdüyü prinsipial və ardıcıl siyasət nəticəsində hazırda Ermənistan regionda ən lazımsız və əhəmiyyətsiz ölkəyə çevrilib. Hətta son 200 ildə daim ermənilərə himayəçilik etmiş Rusiya da artıq Ermənistanla məsafə saxlamağa başlayır. Fransa, Niderland kimi ölkələrin Ermənistanı müdafiə etməsinin səmərəsizliyindən isə heç danışmağımıza dəyməz.
Müşahidələrimiz onu göstərir ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğratmasından sonra bu ölkə həqiqətən də “oyundankənar” vəziyyətə düşüb və sanki atılmış körpə təəssüratı bağışlayır. Görünən budur ki, bu gün Ermənistan adlı ölkə artıq heç kim üçün maraqlı, cazibəli deyil. Ermənistan qlobal oyunçular, aktorlar üçün artıq əvvəlki geosiyasi əhəmiyyətini itirib. İndi heç kim Azərbaycana və Türkiyəyə qarşı planlarını məhz Ermənistan üzərindən gerçəkləşdirməyə can atmır. Düzdür, bir ara Fransanın avantürist və qeyri-adekvat prezidenti Emmanuel Makron bu istiqamətdə biraz canfəşanlıq göstərdi, Azərbaycana qarşı pressinq tətbiq etməyə çalışdı. Lakin Makronun bu səyləri uğursuzluğa düçar oldu və nəticədə o da geri çəkilmək məcburiyyətində qaldı.
Beləliklə, hazırda nəinki supergüclər, hətta region dövlətləri də sözün hər mənasında acınacaqlı vəziyyətə düşmüş miskin Ermənistanla sıx iqtisadi əməkdaşlığa maraq göstərmir. Və ilk baxışdan hər nə qədər təəccüblü görünsə də, hazırda Azərbaycan ilə Ermənistanın münasibətləri düşmən ölkələr fazasında olmağına baxmayaraq bu gün Ermənistanın taleyi nə Moskvadan, nə də Parisdən və ya Vaşinqtondan deyil, məhz rəsmi Bakının tutacağı mövqeyindən, yürüdəcəyi siyasi kursdan asılıdır. Ümumiyyətlə, bu gün Cənubi Qafqazdakıl geosiyasi, iqtisadi proseslərdə, o cümlədən nəqliyyat-kommunikasiya məsələlərində həlledici mövqe sahibi, diktə edən tərəf məhz Azərbaycandır. Hazırda bu bölgədə Ermənistandan və “erməni arzuları”ndan heç nə asılı deyil. Ermənistan bu bölgədə proseslərə hər hansı formada təsir gücünü büsbütün itirib. Bunu Ermənistanın rasional düşünən ekspertləri özləri də etiraf edirlər.
Ermənistanın bundan sonrakı bütün istiqamətlərdə taleyi və inkişafı məhz Azərbaycandan asılıdır. Çünki biz Ermənistanı təkcə hərbi sahədə deyil, ümumiyyətlə, bütün istiqamətlər üzrə çökdürmüşük və bu da ilk növbədə Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ordumuzun şücaəti sayəsində mümkün olub. Nəticədə hazırda Ermənistan elə bir çıxılmaz duruma düşüb ki, o bu durumdan yalnız Azərbaycanın şərtləri ilə, çağırışları ilə, təklifləri ilə razılaşmaq, barışmaq yoluyla çıxa bilər. Azərbaycanın mövqeyi və tələbi ilə hesablaşmadan Ermənistanın bir dövlət kimi nə mövcudluğunu qoruyub saxlamaq, nədəki iqtisadi cəhətdən dirçəlmək, inkişaf etmək imkanları qalıb. Ermənilər başa düşməlidir ki, Ermənistanın çıxış yolu revanşizmdə deyil. Zatən müharibə canisi Robert Köçəryanın son seçkilərdə məğlubiyyətə uğraması da bir daha onu göstərdi ki, bu gün erməni cəmiyyətinin mütləq çoxluğu artıq müharibəyə, terrora, qonşulara qarşı qəsbkarlığa, təxribatlara ümid bəsləmir. Terror və müharibə dövrü bitdi, millətçi-faşist hərəkatlar dövrü artıq arxada qalıb. İndi ermənilər revanşizmə köklənməklə, Azərbaycan ərazilərini atəşə tutmaqla onsuz da heç nəyə nail olmayacaqlar. Əksinə, bu Ermənistanı biraz da ağır duruma sürükləyəcək və bir dövlət kimi tamamilə məhvinə səbəb olacaq. İlham Əliyevin də son çıxışında bildirdiyi kimi Azərbaycanın dəmir yumruğu həmişə hazır vəziyyətdədir.
Odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi olan-qalan ağlını başına yığmalı və erməni xalqının seçkilərdə ona verdiyi “kart-blanş”dan və Azərbaycanın sülhə, əməkdaşlığa çağırışlarından sonuncu fürsət kimi düzgün yararlanmağa çalışmalıdır. Hazırda Nikol Paşinyanın nə düşünmək üçün uzun vaxtı, nədəki hiyləgər manevrlər edib birtəhər vəziyyətdən çıxmaq üçün elə də geniş imkanları yoxdur. Hazırkı məqamda Ermənistan rəhbərliyinin konkret olaraq atmalı olduğu əsas, həlledici addımlar bunlardır:
– Sülh müqaviləsinə hazırlıq işlərinə başlanılsın,
– Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi üzrə iş prosesi təcili surətdə bərpa edilsin və delimitasiya üzrə işçi qrup yaradılsın,
– Dağlıq Qarabağ ərazisindən bütün erməni silahlı birləşmələri çıxarılsın,
– Bütün ermənilər və o cümlədən Ermənistan rəhbərliyi ümumiyyətlə, “Dağlıq Qarabağ” terminini tamamilə unutsun və qondarma “Artsax” iddialarını dilə gətirməsin,
– Zəngəzur dəhlizinin açılması istiqamətində konstruktiv mövqe nümayiş etdirsin.
Ermənistan rəhbərliyi qeyd etdiyimiz bu istiqamətlərdə konkret real addımlar atarsa, bu artıq onun düşmənçilik mövqeyindən əl çəkməsi kimi qəbul ediləcək. Yalnız bu halda Ermənistan öz qonşularıyla (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) normal münasibətlərin qurulmasına ümid bəsləyə bilər. Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi ermənilər bundan sonra bütün absurd iddialarından əl çəkməlidirlər. Ermənistanı idarə edənlər bilməlidir ki, biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Bundan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim hörmətlə yanaşmalıdır.
Prezident İlham Əliyevin bu sözləri əslində Ermənistana verilən sonuncu şansdır: “Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, “Dağlıq Qarabağ” sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share:

Author: Müstəqil AZ