İçim yanır adam, içim – Çinarə ÖMRAY

Mədəmdə böyük bir alov yanır, qalxır ta boğazımacan , ağzımın içini yandırır amma çıxmır çölə yenidən qayıdır mədəmə.

İçim yanır adam, içim.
Bilirsən bu necə bir hissdi? Boğulursan , içində yanırsan. Özdə tüstülənə-tüstülənə amma kiməsə izah edə bilmirsən bunu.
Ən pisi də odur ki, mən onu duya bilirəm. Hər anının, hər hərəkətinin rəsmi var beynimin içində. Məsələn, bəzən necə ürəkdən gülə bildiyinin rəsmi canlanır beynimdə, bəzən susqun və kədərli olduğunu görürəm, bəzən o yorğun gözlərin laap uzaqlara zilləyib eləcə də qaldığı gəlir gözümün qabağına. Qəribədir. Onun hər bir anının rəsmi var beynimdə.
Bu gün o yaxşı deyil və mən bunu bilirəm. Bəs necə nəfəs ala bilirəm? Varlıq içində yoxluq buna deyirlər yəqin. Varlıqla yoxluq arasındayam. Əlim çatmır.
Bilmirəm o mənim atamdı, qardaşımdı, doğmamdı, nəyimdi bilmirəm. Bildiyim tək odur ki, o mənə məndən də doğmadır. Bəlkə o mənim içimdəki mənlə hər gün dialoqa girən varlıqdı? Bəs niyə əlim çatmır ona?
– Kimdi o?
– Üzərindən həyat keçən adam!
– Axı kimdi o?
– Bütün acıları dibinəcən yaşayan uşaq, oyuncaqları əlindən vaxtsız alınıb sındırılan uşaq, insanların incitdiyi uşaq, hər zaman ətrafdakılara görə özünü günahlandıran uşaq, saf, təmmiz, bütün insanlığın yükün yüklənmiş uşaq. O uşaq hələ böyməyib ki. Sanki həyatına ta o yaşda “dur!” komandası verilib. Amma zaman vücüd olaraq yüklənib ona. O nə zamnsa geriyə dönüb qaldığı yerdən həyatı davam edəcəyini düşünür. O adam içindəki uşaqlığı o günə görə gizlədib, qoruyub, saxlaıyıb. Çünki onun üçün həyat orda dayanıb. O bir gün, o yaşa qayıdıb durduğu yerdən davam edəcəyinə inanır. O, o qədər həssasdır ki, başqalarının yükünü belə özü yüklənər, bəzən də acığını göz yaşlarından çıxarcasına ağlayar. O əslində canlı bir həyatdır insanlar arasında addımlayır, o zəif bədənində dağlara sinə gərəcək qədər böyük bir ruhu daşıyan adamdır. O bir xöşbəxtlikdir ki, nəfəs alır. O insanlıqdır!!!
Sən heç yaxşı deyilsən bu gecə. Məndən nə qədər uzaq olsan belə bunu duya bilirəm. Çünki içim yanır, adam, içim…!

Share: