Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi

İyulun 1-də keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının vaxtı dəyişdirilib.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanlar 1 və 2 iyul tarixlərində keçiriləcək.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb. İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

– əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

– aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

– eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

Share:

Author: admin