Şuşa bəyannaməsi Azərbaycanı bütün xarici müdaxilələrdən qoruyacaq

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Şuşada rəsmi qarşılanma mərasimini bütün Azərbaycan, bütün Türkiyə coşqu ilə, sevinc hissilə izlədi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı işğaldan azad edilmiş tarixi şəhərimizdə, Mədəniyyət paytaxtımızda qarşıladılar.

İlk dəfə Qarabağa, Şuşaya səfər edən qardaş ölkə liderinin bu səfərinin tarixi əhəmiyyəti həm də ondadır ki, bu gün ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün tamamilə yeni hüquqi-siyasi bazas yaradıldı. Belə ki, iki qardaş dövlət arasında “Müttəfiqlik haqqında bəyannamə” – Şuşa bəyannaməsi imzalandı.
İmzalanma mərasimindən sonra etdiyi çıxışında Prezident İlham Əliyev bildirdi ki, bu sənəd tarixi Qars müqaviləsinə əsaslanan bir müqavilədir. Bunun da ölkəmiz üçün, xalqımız üçün çox böyük əhəmiyyəti var. Çünki Şuşa bəyannaməsi Azərbaycanı bütün xarici müdaxilələrdən qoruyacaq yeni bir hüquqi faktordur, siyasi-diplomatik çətirdir.
Bu anlaşma iki qardaş ölkə arasında münasibətləri tamamilə yeni müstəviyə qaldırdı və işbirliyimizin genişlənməsi üçün olduqca böyük imkanlar açdı.
Biz “Bir millət, iki dövlət” prinsipindən yola çıxan hər iki qardaş ölkənin liderlərini bu mühüm tarixi sənədi – Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladıqlarına və bununla da yeni bir dövrün başlanğıcını qoyduqlarına görə təbrik edirik.
Bəli, Prezident İlham Əliyevin də az öncə Şuşada mətbuata bəyanatı zamanı söylədiyi kimi Azərbaycan Türkiyə qardaşlığı və birliyi əbədidir. Allah bu birliyimizi qorusun.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: