Sənə bir etirafım var,oğlum… – Xatirə Rəhimbəyli

Sənə bir etirafım var, oğlum…Bəlkə də sən əksini düşünürsən,Amma mən düşünürəm ki, sənə yaxşı ana ola bilmədim,bağışla! Şərtlər ağır oldu,ağırlıq sənə düşdü, oğul.
Beşiyin başında layla deyəcəkdim,amma qışın soyuğunda,yayın istisində səni qucağımda əzə-əzə işə qaçdım.
Yelləncəyində oturdub nazlamalar deyəcəkdim sənə, amma, səni evdə tək qoyub işə qaçdım, oyucaqlarınla nələr danışırdın, bilmədim… Səni ilk dəfə məktəbə başqası apardı, mən başqalarının balalarını əzizləyərkən nələr hiss etdin, bilmədim…

Bilmədim ilk dəfə ana kəlməsini yazanda mənim hansı şəklim gəldi gözlərin önünə. Bütün dostların dərs bitən kimi onları gözləyən analarının üstünə qaçıb çantalarının ağırlığından qurtarırkən sən məni gözlədin, mənim ağır iş saatımın bitməsini gözlədin. Bağışla, oğul…
Bəlkə də sən əksini düşünürsən. Amma mən düşünürəm ki, səni tez böyütdüm, uşaqlığını yaşamamış… Şıltaqlıqlarına kəskin qadağa qoydum nə düşündüyünü soruşmadan. Hər yaşda sənə “daha yekə kişisən,özün elə!”- deyib ən ağır tapşırıqlarınla baş-başa qoydum səni. Qərarlarını heç vaxt etiraf eləmədin.

 

Sənin ən çox xoşladığın xörəyin hansı olduğunu başqalarından eşidəndə bilirsən necə xəcalət çəkdim?… Düşündüm ki, mən sənə yaxşı ana ola bilmədim… kaş sən əksini düşünəydin…

 

Ən ütülü köynək sənin olmalıydı,ən parıladayan ayaqqabı səninki olmalıydı…”ən nümunəvi şagird sən ol”, – deyərkən sənin nə qədər hisslərini boğmuşam, bilmirəm, oğul, bağışla..
Xəyallarımın qanadı, nağıllarımın qəhrəmanı! Sənin nə qədər arzularını qurban verdim görəsən dünyanın ən yaxşı adamı, dünyanınən yaxşı müəllimi, dünyanın ən yaxşı şairi olmaq kimi eqoist iddialarıma? Sənin halal payın olan ana qayğısı həmişə kəsir oldu… səndən kəsib özgələrə pay verdim, oğul, diqqət və qayğılarımı… . Ürəyimin genişliyi həmişə sənin yerini dar elədi. Sözün hər iki mənasında. Dizinin, əlinin yaralarını gizlətdin həmişə məndən, həmişə yorğun gördün deyə məni…

Hələ ürəyində nələr var… bilmədim, oğul, özgələrin dərdini çəkə-çəkə…

 

 

Sənə bir etirafım var oğul. Bəlkə də, sən əksini düşünürsən… Dərsdən və işdən sonrakı saatlarda görüşdük ancaq… Üst-üstə yığsaq o saatları “nə az bir yerdə olmuşuq” deyə hayqırmaq istəyirəm… Ömür deyilən nə imiş ki, oğul… Yıxıla-dura gəlib ömrün bu məqamına yetişdik, şükürlər olsun, oğul…
Kamilliyin, müstəqilliyin astanasındasan, sənə daha gözəl ömür arzulayıram, oğul, sevdiklərinə, əzizlərinə vaxt ayıra biləcək qədər kamil bir ömür.
Kamil bir insan ömrü yaşa! Azad, firavan, sevgilərlə dolu! Olduğun yerlərə daim işıq saç, oğul, bəxtin hər zaman üzünə gülsün ki, sən də həmişə insanlara gülümsəyə biləsən . İşıqlı insan ol, nurlu insan ol, sevgi dolu, həyat dolu ol! Qoy səadət sənə əsl ana olsun…

 

Mən sənə yaxşı ana ola bilmədim. Bəlkə də sən əksini düşünürsən, nə bilim…

Xatirə  Rəhimbəyli

Müstəqil.Az

Share:

Author: admin