Mina Rəşidin Qısa hekayələri

QARABAĞ BİZİMDİR!

Bu hekayə Ağdamın Qiyaslı kəndində, gözlərim önündə öz həyətində azyaşlı oğlu Şahiməli ilə birgə şəhid olmuş qonşumuz xanəndə Şahmalı Kürdoğlunun əziz xatirəsinə həsr edilib

…Qəfil gurultuya qapıya çıxdım. Şahmalı Kürdoğlunun xanımı qucağında qanına boyanmış balası özünü küçəyə atdı…

Gəncdim. Sarsıldım…

Şahmalının səsi Ağdama qayıdacaq yenə, “Qarabağ bizimdir!” -söyləyəcək qanlı nar ağaclarına…

QİSAS QİYAMƏTƏ QALMAZ

Xocalı sakini deyirdi:

-Xocalıda ailəliklə düşmənə əsir düşdük. Erməni atama dedi:

-Qarabağ ermənilərindi, söyləsən hamınızı azad edərəm.

Atam heç düşünmədən:

-Qarabağ bizimdir, söylədi. Düşmən qəzəbləndi və atama od vurdu. Atam yana-yana son nəfəsinədək:

-Qarabağ bizimdir, söylədi…

Onda beş yaşı vardı qardaşımın. İndi Hünər müharibədə ən fəal döyüşçülərdən biri kimi düşmənə qan uddurur. Ona güc verən həm də, atamın intiqamını almaq arzusudur ki, illərlə bu günləri gözləyirdi.

Qisas qiyamətə qalmaz, deyiblər…

ATA-ANAMIN RUHU ŞAD OLDU

-MüharibəSizin ailənizdə hansı izləri qoyub?

-Atam müharibə zamanı şəhid oldu. Düşünürəm anam da elə şəhiddi. O, bizi soyuqda ilan kimi çalan dəmir vaqonda qoyub getdi… Anam vaqonda çəkdiyi əziyyətdən və həsrətdən xəstəliyə düşdü. Atamdan on yaş kiçikdi, hələ cavan və gözəl idi. İki qardaşım Birinci Qarabağ Müharibəsində əlil oldu. Nəsib hələ də ayağında düşmən qəlpəsi gəzdirir, əsayla güclə gəzir. Talib sağ qolunu hərəkət etdirə bilmir.

Müharibə yenidən başladı və tezliklə QƏLƏBƏ bizim oldu. İndi ata-anamın ruhu da sevindi yəqin. Qəbirləri ayrı olsa da, ruhları birlikdə qayıdacaq Ağdamın Qiyaslı kəndinə.

DUA

Əvvəllər, namaz üstə ailəmə, doğmalara, dostlara daha çox dua edərdim. Xocalı ürəyimin yarasına çevrildiyindən Onun qisasının da, alınmasını diləyərdim Uca Yaradandan. Müharibə başlayan gündən birinci əsgərlərimizə, ordumuza, cəbhəyə yaxın, güllə altında yaşayan bütün doğmalar, qocalar, uşaqlar, quşlar, ağaclar… üçün dua edirəm. Sonra bütün Azərbaycana, Türk Dünyasına, sonra bütün dünyaya…

-Allahım, dünya sənin əsərindi. Erməni fitnəsindən, şərindən dünyanı qoru. Amin!

QARABAĞ ONLARI İSTƏMİR

İkinci Qarabağ Savaşında düşmən yaman təşvişə düşdü. Üstündə günahsız qanlar tökdüyü, körpələrə zülm etdiyi və yallı getdiyi torpaq sanki bu cəlladların ayağının altından qaçır, Qarabağ onları istəmir. Necə ki, qeyri-bərabər Bədr döyüşündə müsəlmanlarla savaşda müşriklər çaş-baş qalmışdılar;Onları kim belə qırıb-çatırdı. Azərbaycan əsgəri oda-alova dönmüşdü elə bil… Eh, düşmənin ağlı hardadı ki, İlahi həqiqəti və ədaləti anlasın…

DƏHŞƏTLİ XATİRƏLƏR

-Evimizdən heç nəyi çıxara bilmədik. Çünki kəndimiz işğal olunduğu gün evimizdən ayrıldıq. Az qala əsir düşəcəkdik – anam, bacım və mən…

Bunu düşünəndə belə dəhşətə gəlirsən.

QARABAĞ MƏNƏM, SƏNSƏN, ODU

Xəmir yoğururdum, bir az da un lazım oldu. Balaca oğlumu qonşunun mağazasına göndərərkən dedim:

-Deyərsən anamın əli xəmirlidi, indi gəlib pulunu ödəyəcək.

Uşaq əliboş qayıtdı…

İndi o gündən illər ötüb, müharibədə QALİB gəlmişik. Bu günhəmin qonşum mağazanın üzərindən böyük bir bayraq asıb.Yazığım gəlir ona, elə bilir Qarabağ təkcə torpaqdı, şəhərdi, kənddi. Anlamır ki, Qarabağ həm də, uğrunda canını fəda edən müqəddəs şəhidlərimiz, qazilərimizvə cəsurəsgərlərimizdi. Qarabağ cümlə Azərbaycandı, mənəm, sənsən,odu…

 

 

 

 

 

Share: