Ay Allahın buludları, Burda bir ağlı kəm yanır… – Əfsanə Rəvanın yeni şeirləri

 Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Şəki şəhərində yaşayıb yaradan gənc, istedadlı şair Əfsanə Rəvan 30 yaşını qeyd edir.

Müstəqil.Az kollektivi yaradıcılıq uğurları arzu edərək gənc yazarı təbrik edir və Əfsanə xanımın şeirlərini təqdim edir:

Sənsizliyin qorxusu

Sarılıram qorxulara, düşünürəm, görəsən,
Hərdən içinə dolurmu məni atmaq istəyi?
Asta-asta, aram-aram yox oluram, birdənəm,
Məni məndən aparıbdı sənə çatmaq istəyi.
 
 Dizlərimi qucaqlayıb küncə qonaq oluram,
Sus-pus olub yıxılıram, sən düşəndə yadıma.
Yalvarıram, qayıt mənə, sənə vətən olaram,
Bizi bölən şəhərləri qurban elə adıma.
 
 Hər şeyə öyrəşib üzüm, şərə, böhtana belə,
Yıxılana zərbə vuran nə çox olurmuş adam.
Bilirsənmi, canım üçün, düz deyirəm, birdənəm,
Ruh bəndəndən ayrılmamış da yox olurmuş adam.
 
 Qayıt, içimdə bitməmiş, çölümdən çıxıb gedən,
Özgə evin ocağına qızınmaq olmaz heç vaxt.
Məndə sən var, səndə də mən, ayıb olar, birdənəm,
Başqa-başqa yataqlara uzanmaq olmaz heç vaxt.
 

Darıxmaq dərd deyil

 Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədim ki.
 
 
Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm…
 
 Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.
 
 Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.
 
 Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə “qayıt, gəl,
Bir də getmə,” demirəm.
 
 İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..
 

Hardan bilsin adamlar

 
 Sən yanımda üşüdünsə, ürəyimə od vurum,
Atəşimlə, alovumla bir ömürlük isin, get.
Əllərimlə sığal çəkim gözlərinə, birdənəm,
Göz yaşımı yanağına bircə-bircə düzüm, get.
 
 
Çətin olar nəfəs almaq, sabahlar da gümansız,
Öz canımda, öz ruhumda sən adlı bir ağrıyam.
Yalvarımmı, yaxarımmı, diz çökümmü bilmirəm,
Səni məndən alıb gedən yollarımı qarğıyam?!
 
 
Nə bilir e bu özgələr sığınmışam eşqinə,
Nə bilirlər sən adında vətənim var, evim var.
Mən uğrunda savaşıram, mübarizəm, qalibəm,
Səndən ötrü öldüyümü hardan bilsin adamlar…
 
 ***
 
 Ömür keçirdim, gördüm ki,
Uçuq kilsədə şam yanır.
İsanın çarmıx anıymış,
Tanrı gözündə nəm yanır.
 
 Gözləməsin umudlular,
Qalanları unutdular…
Ay Allahın buludları,
Burda bir ağlı kəm yanır.
 
 Solmayasan gendəki gül,
Odda solmaz gündəki gül,
Mən güləmsə, sən də ki, kül,
Bəs görən onda kim yanır?!
 
 
 
 
 
 
 
Müstəqil.Az
Share: