Yeni reallıqlarda artıq müzakirə mövzusu Qarabağ yox, Zəngəzurdur…

Bu günlərdə paytaxtımız növbəti dəfə nüfuzlu beynəlxalq tədbirlərdən birinə ev sahibliyi etdi. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı toplantı keçirildi.

Videoformatda keçirilən bu toplantı orada səsləndirilən mesajlar və toxunulan məsələlər baxımından olduqca əhəmiyyətli tədbir kimi yadda qaldı. Dünyanın bir sıra ölkələrinin sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai xadimlərinin və siyasi ekspertlərinin bu forumdakı müzakirələrə qatılması tədbirin beynəlxalq miqyasda çəkisinin, rolunun göstəricisi hesab oluna bilər. Bu VİP-iştirakçıların çıxışlarında ölkəmizlə bağlı səsləndirdikləri müsbət fikirlər dünya ictimai rəyinin lehimizə yönəldilməsi baxımından da olduqca əhəmiyyətlidir.
“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı forumda Prezident İlham Əliyevin çıxışı isə sözügedən müzakirələrin ana xəttini təşkil etdi və əsas istiqamətlərini müəyyənləşdirdi. Mən Prezidentin öz çıxışında geosiyasi məsələlərlə bağlı verdiyi önəmli mesajlar barədə fikirlərimi ayrıca bir şərhimdə qeyd etmişəm. Bu şərhimdə isə dövlət başçımızın Ermənistan rəhbərliyini, erməni revanşizmini ifşa etməsi və Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri barədə səsləndirdiyi fikirlərə toxunmaq istəyirəm. İlham Əliyevin bu çıxışı da əvvəlki çıxışları kimi Ermənistan rəhbərliyinin destruktiv mövqeyini, dünya ictimaiyyətini çaşdırmağa hesablanmış saxta məlumat və təbliğat kampaniyalarını alt-üst etdi. Biz Prezidentin təqdimatı ilə növbəti dəfə parlaq informasiya siyasətinin yürüdülməsinin şahidi olduq. Bu çıxışla Ermənistanın mövcud rəhbərliyinin də, revanşist müxalifətinin də iç üzü və təxribatçı mövqeyi bir daha ortaya qoyulmuş oldu.
Prezident öz nitqində öncə 44 günlük müharibədən sonra regionda yeni reallıqların yarandığını və bunun da heç şübhəsiz ki, proseslərə yeni baxış, yeni yanaşmalar tələb etdiyini vurğuladı. Eləcə də tədbir iştirakçılarını və dünya ictimaiyyətini keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumatlandırdı. Eyni zamanda Ermənistanın postmüharibə dönəmindəki durumundan, hazırki acınacaqlı vəziyyətindən söz açaraq, bütün bunların real səbəblərini analitik səpkidə göstərdi, işğalçı ölkənin indiyədək yol verdiyi səhvlərini qeyd etdi və bu səhvlərin nəticəsində onların nələri itirdiklərini vurğuladı. Prezident açıq mətnlə bildirdi ki, ötən 30 il ərzində ermənilər çox şey itirdilər. Sadəcə olaraq hazırda Ermənistan bir tərəfdən müharibədəki məğlubiyyətdən doğan daxili siyasi xaosa təslim olduğuna görə, digər tərəfdən isə müxalifət qüvvələrinin 20 iyun seçkilərində qalib gəlmək üçün cəmiyyəti revanşist-təhrikçi çağırışlarla “bombardman” edərək qisasçılığa kökləməsi, ermənilərə real vəziyyəti dərk etməyə, düzgün nəticələr çıxarmağa və 30 il ərzində davam edən işğalçı siyasət nəticəsində bütün ermənilərin nələri itirmələrinin fərqinə varmağa imkan vermir.
Postmüharibə, posdtməğlubiyyət sindromunu yaşayan ermənilər hazırda beyinləri dumanlanmış vəziyyətdədir. Onlar əsl həqiqətləri yəqin ki, 20 iyun seçkilərindən sonra dərk etməyə başlayacaq və Azərbaycana münasibətdə indiyə qədər yeritdikləri ekspansiya, terror siyasətinin nəticəsində nələri itirdiklərinin fərqinə varacaqlar. Əlbəttə, düşmən ölkədə Paşinyan başda olmaqla Ermənistanın hazırki acınacaqlı duruma düşməsinin gerçək səbəblərini başa düşən az-çox realist siyasətçilər də var. Azərbaycan Prezidenti də məhz belələrini nəzərdə tutaraq çıxışında qeyd etdi ki, “Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”.
Sözügedən çıxışında Ermənistanın ordusunun qalmamasından, düşmən ordusunun tamamilə məhv edilməsindən, Ermənistan hakimiyyətinin daim dünya ictimaiyyətini aldatmağa çalışmasından, Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama və Azərbaycana minnətdarlıq görməməsindən danışan Azərbaycan Prezidenti həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, eləcə də ermənilərin Qarabağa iddialarından və status xəyallarından həmişəlik əl çəkməli olduqlarını bəyan etdi: “Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.
İlham Əliyev bu fikiri səsləndirməklə eyni zamanda ermənilərin və Minsk Qrupunun bəzi üzv ölkələrinin “Dağlıq Qarabağın statusu” məsələsi ilə “blef” etmələrinə də birdəfəlik son qoydu. Bu çıxış və ümumiyyətlə, dövlət başçısının son zamanlarda yürütdüyü çevik siyasət onu göstərir ki, formalaşan yeni reallıqlarda artıq müzakirə mövzusu Qarabağ yox, Zəngəzurdur. İlham Əliyevin Zəngəzur dəhlizi və sərhədlərin demarkasiyası ilə bağlı ortaya qoyduğu hücum diplomatiyası Ermənistanın da siyasi gündəmini tamamilə dəyişib. İndi Ermənistanda hamı Zəngəzur haqda danışır və hətta Göyçəni də itirə biləcəklərindən əndişələnirlər.
Dövlət başçısı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı toplantıdakı çıxışında da Zəngəzur dəhlizindən danışdı və bu dəhlizin bölgədəki bütün ölkələr üçün, o cümlədən Ermənistanın özü üçün də yeni imkanlar açacağını qeyd etdi. Bu dəhliz əməkdaşlıq dəhlizi, dinc qonşuluq dəhlizi ola bilər. Azərbaycan Prezidenti də məhz bunu istəyir. Çünki biz müharibə yox, dayanıqlı sülh və tərəqqi tərəfdarıyıq. Beləliklə, dövlət başçımızın timsalında Azərbaycan tərəfindən Ermənistanla əməkdaşlığa dair növbəti dəfə real təkliflər irəli sürülmüş oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.
Gördüyümüz kimi İlham Əliyevin bu cür konstruktiv mövqe nümayiş etdirməsi ilə Azərbaycanın qonşu ölkələrin ərazi bütövlüyünə necə hörmətlə yanaşdığını və onlarla mehriban qonşuluq, dostluq, əməkdaşlıq şəraitində yaşamaq istəyini ortaya qoydu. Qoy hər kəs görsün ki, artıq Azərbaycanla Ermənistan arasında müharibə atmosferi yoxdur və Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyəti işğalçılığa, hərbi qarşıdurma əhval-ruhiyyəsinə köklənməyib.
Azərbaycan Prezidenti “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik” fikrini səsləndirməklə həm də bir daha bütün erməniləri sağlam düşüncəyə dəvət etdi və onlara başa salmaq istədi ki, sizin ram olmaqdan, qonşu ölkələrə sərsəm torpaq iddialarınızdan əl çəkməkdən və bizimlə mehriban yaşamaqdan başqa çıxış yolunuz yoxdur!
Ümid edək ki, ermənilər heç olmasa 20 iyun seçkilərindən sonra reallığa qayıtmağa və bu həqiqəti dərk etməyə başlayacaqlar.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: