Xocalının qisası – Mina Rəşidin hekayəsi

Çoxdandı atam evə gəlmirdi, o cəbhədə, döyüşdə idi. O gün qarlı-çovğunlu bir gündü. Anam axşama əriştə bişirmişdi. Elə yenicə yeməyə başlamışdıq ki, həyətdən qonşuların səs-küyü eşidildi. Anam cəld qapıya çıxdı və tez geri qayıtdı.

-Tez olun, durun, indi çıxmalıyıq…

Əriştə çox dadlıydı, boşqabdan gözümüzü çəkə bimirdik. Anam tez bir boğça düzəltdi. Bizi geyindirdi və qaçıb adamlara qoşulduq.

-Tez olun, tez…, deyə yaşlı bir kişi bizi tələsdirirdi.

-Ermənilər rusun qoltuğunda gəlir, tez meşəyə qaçın!

Hamı özünü meşəyə atdı, anam balaca bacımı kürəyinə şəlləmişdi. Bir yandan qorxu, bir yandan da şaxta, qar nəfəsimizi kəsirdi. Beləcə bir xeyli  qaçdıq. Birdən güllə yağış kimi yağmağa başladı. Adamların çoxuna  güllə dəydi. Bacım Nərmin də qolundan yaralandı. Biz ölənlərin arasında gizləndik. Anam Sevincin ağzını tutmuşdu ki, səs salmasın. Deyəsən, bizi ölmüş bildilər. Ermənilər çıxıb getdilər. Bir xeyli bu vəziyyətdə qaldıq, sonra sürünə-sürünə getməyə başladıq. Anam köynəyinin qolunu cırıb bacımın yarasını sarıdı. Bacımın qolu tamam qan içində idi. Cəmi on-on beş nəfər qalmışdıq. Bizimlə gələn qonşularımızdan kiminin nənəsi, anası, balası gözləri önündə can verdiyindən özlərinə gələ bilmirdilər. Amma qaçmağa məcbur idik. Meşədə çox qanlı səhnələrlə rastlaşdıq. Parçalanmış meyitlər, ağacdan asılmış qadın, kişi cəsədləri, gözləri tökülmüş, eybəcər hala salınmış uşaqlar, qanlı oyuncaqlar, qıpqırmızı qar… Anam bizə mane olsa da, görürdüm hər şeyi və düşmənə nifrətim böyüyürdü…

Biz nə olursa-olsun qaçmalı idik. Artıq səhər açılmaq üzrəydi, daha taqətimiz qalmamışdı. Əl-ayağımız şaxtadan keyimiş, güclə, sürünə-sürünə gedirdik. Birdən üzümüzə işıq düşdü. Əvvəlcə qorxduq, sonra – “Can, can, yazıq körpələr!”, – deyə, əmilər gəlib bizi qucağına alıb maşına mindirdilər. Ağdama, evlərinə gətirdilər.

Gözlərimi açanda özümü isti bir evdə, qayğıkeş adamların arasında  gördüm. Əlim-ayağım hələ də, göynəyirdi. Nərmini xəstəxanaya aparmışdılar. Günelin qorxudan dili tutulmuşdu, anam bir gecədə elə bil on il qocalmışdı…

-Kapitan, nə düşünürsən belə?

Komandirimin səsi məni acı xatirələrdən ayırdı.

-Bağışlayın, komandir, düşünürəm bu alçaqların kökünü Qarabağdan kəsmək lazımdı. Şəhidlərimizin qanı tökülən, körpələrimizə zülm edilən bu müqəddəs torpaq o murdarlara yaraşmır. Onlara dağ çəkməyi, ömürlük dərs verməyi düşünürəm. Xocalının intiqamını almaq ən böyük arzumdu…

Uşaq vaxtı öyrəndiyi və hər il Xocalının işğal günündə məktəbdə ürəkdən səsləndirdiyi

 

Xocalıyam, dağam mən,

Ürəyi dağ-dağam mən.

Gərək düşmən üstünə

İldırımtək çaxam mən!

 

Deyə, bu bayatını indi döyüşə hazırlaşdığı bir vaxtda komandirinə söylədi:

-Sən, lap şairsənmiş ki… Heç darıxma, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi sənin doğulduğun Xocalını və bütün torpaqlarımızı o nankorlardan tezliklə geri alacağıq. Onları, yurdumuzdan, Ali Baş Komandanımız demiş, iti qovan kimi qovacağıq.

İbrahim əsl snayperçi idi, yoldaşları deyirdi ki, o quşu gözündən vurur. Elə o qarlı gecədə Xocalıdan min bir zülmlə çıxandan sonra gələcəkdə hərbçi olmağı düşünmüşdü. Anası, müəllimləri onu istedadlı bir şagird kimi tanıyırdı, ədəbiyyatı, incəsənəti çox sevirdi. Amma onun atasını düşmən öldürmüşdü, bacısını yaralamışdı, Xocalıda işgəncə ilə öldürülən körpələrin qisasını almalı idi. O kişi kimi vuruşacaqdı, Xocalı əsirlikdə ola-ola onun ayrı sənətlə nə işi ola bilərdi ki… “Qoy bacılarım müəllim, həkim olsun, amma mən hərbçi olmalıyam, başqa yolum yoxdu”, – demişdi…

Döyüş zamanı snayperlər çox iş görürlər. Qarabağın da relyefi elədir ki, burada snayperlər olduqca vacibdir. İbrahim də snayperçi kimi dəfələrlə düşmənin ocağını məhv eləmişdi…

İbrahimin atası da hərbçi olmuşdu. Birinci Qarabağ Savaşında  qəhrəmanlıqla şəhid olmuş atası onun ilk müəllimiydi. Atası elə beş yaşından onu idman kurslarına aparmış, uşaqlıqdan silahla davranmağı, güllə atmağı öyrətmişdi. – “Mən cəbhədəyəm, sən indi evin kişisi hesab olunursan, ananı, bacılarını qorumalısan”, demişdi…

O vaxtdan otuz ilə yaxın vaxt keçib. O vaxtdan İbrahim hər gün Xocalıdan Ağdama qanlı qarın içində necə gəlib çıxdığımız gecəni  düşünür, hər gün…

Mina Rəşid

 

 

 

 

Share: