Araya nə boyda sərhəd çəkmisən… – Fuad Biləsuvarlının şeirləri

Ürəyimdə

Müşviqin, Cavidin yaşadığını,
Mən də yaşayıram öz ürəyimdə.
Kimlər ki, haqqıma nankor çıxdılar
Döndülər oldular köz, ürəyimdə.

Çox zaman qırıldım, sındım o ki var,
İçimdə alışdım, yandım o ki var.
Həyatı dərk edib qandım o ki var…
Dərdimə qoşuram söz, ürəyimdə.

Qışın havasıdı… Əsir küləklər –
Özü öz səsinə əsir küləklər…
Söz kimi adamı kəsir küləklər,
Hələ ki, duyulmur yaz, ürəyimdə!..

Qaya parçasıyam əzilməzəm çox,
Dözümlü olsam da dözülməzəm çox.
Sirr dolu sinəyəm, çözülməzəm çox,
Həqiqət gəzirəm düz ürəyimdə!

Neyləsin?

Hər şeyi fələyin boynuna atma,
Günahkar özünsən, fələk neyləsin?
Gərək yox bu işə kimsəni qatmaq,
Dirəksiz talvara külək neyləsin?

Hər kəs bacararmı könül almağı,
Bir yetim yoxsula gün ağlamağı?
Asanmı anlatmaq adam olmağı,
Qanmaza yüz şallaq, kötək neyləsin?

İnsan öz işinə alışmayarsa,
Əməyə sevgiylə yanaşmayarsa,
Bir arı məhsuldar çalışmayarsa
Boş qalan pətəyə çiçək neyləsin?

Gönü qalın olub çox quru canlar,
Dəyərdən düşübdü o adlar, sanlar.
İlahi, qarışıb bütün insanlar,
Seçə bilməyirsə, ələk neyləsin?

Ovçu quş ovlamaz qəfəsi yoxsa,
Ürək azad olmaz həvəsi yoxsa.
Ay Fuad, birinin nəfəsi yoxsa,
Balaban neyləsin, tütək neyləsin?

Dayanma, ürəyim!

Qayğıdan, cəfadan uzaqlaş bir az,
Bir az ərköyün ol, uşaqlaş bir az,
Həvəslə döyünüb qoçaqlaş bir az,
Dayanma, ürəyim, dayanma nolar!

Şam kimi ərimə, zamanın deyil,
Ağrıma, bir kəsin yananın deyil.
Bilirəm bu yerlər məkanın deyil,
Deyinmə, ürəyim, deyinmə nolar.

Üzülmə – budaqdan yarpaqlar kimi,
Qırılma incəcik qovaqlar kimi.
Çatlama həsrətli torpaqlar kimi,
Bölünmə, ürəyim, bölünmə nolar!

Ay sənə qurban

Elə o gedənsən ömrümdən gülüm,
Telefonum susub zəng elə barı.
Bilim ki, necədi gözəl sevgilim,
Səndən rahat olum könlümün yarı.

Xoşbəxt görünərəm arasan məni,
Belə daş olmaqda kimə çəkmisən?
Beş aydan çox olar danışmırıq biz,
Araya nə boyda sərhəd çəkmisən.

Payız qaşqabağı olmasın səndə,
O gözəl çöhrənə bahar yaraşır.
Səni təlatümlü, bikef görəndə,
Canıma birə tək fikir daraşır.

Könül, can evimə daxil ol, tələs,
Elə et görməsin ayrılıq, hicran.
Gözdən, bədnəzərdən qorxur hər bir kəs,
Sən də gözdən qorun, ay sənə qurban.

Sabaha kimi!

Əzizim, köklənib nikbin notlara,
Bu gündən son deyək tərs inadlara.
Dəyişmə heç zaman məni yadlara,
Vüsaldan danışaq sabaha kimi!

Eşqimiz axarlı dupduru bulaq,
Həsrəti həsrətin gözündən salaq.
Həmişə, hər yerdə birlikdə olaq,
Vüsaldan danışaq sabaha kimi.

Məhəbbət – bir çiçək, hicran – bir alaq!
Vüsalı sevgiyə eyləyək calaq.
Düz ilqarlı olaq, gəl, sadiq olaq,
Vüsaldan danışaq sabaha kimi.

Eşqimiz tarixə yazılan olsun,
Məzarım könlündə qazılan olsun,
Yuxumuz xoşluğa yozulan olsun,
Vüsaldan danışaq sabaha kimi

Bəxtəvər desinlər, gözə gəlməyək,
Bu eşqi unudub qəlbdən silməyək.
Ayrı yaşamayaq, ayrı ölməyək,
Vüsaldan danışaq sabaha kimi.

Çatlasın hikkədən dodaq büzənlər,
Səadət yoluna tikan düzənlər.
Üzdə dost görünüb düşmən gəzənlər…
Vüsaldan danışaq sabaha kimi.

Layiq bil Fuadı təmiz adına,
Mələksən, al məni cüt qanadına.
Toxunsun dodağım gül dodağına,
Vüsaldan danışaq sabaha kimi…

DƏRD ETMƏ MƏNƏ!

Mən səni haradan axtarım bulum,
Yenə də birləşsin yoluna yolum.
İstərsən qurbanın, lap qulun olum,
Yar, qalan ömrümü dərd etmə mənə!

Özünü həyata alışdır daha,
Başını bir işlə qarışdır daha.
Uşaqtək küsməyi yığışdır daha,
Yar, qalan ömrümü dərd etmə mənə!

Elə bil donubdur, ötmür zamanım,
Onsuz da sıxılır həsrətdən canım.
Son günlər sərt keçir hər günüm, anım,
Yar, qalan ömrümü dərd etmə mənə!

Çəkilsin sabahdan qəmin ayağı,
Biz də toy eyləyək dostlarsayağı.
Sevindir Fuadı bayram qabağı,
Yar, qalan ömrümü dərd etmə mənə!

Nədir səni bu taledən küsdürən?

Dolanırsan, azdan-çoxdan varın var,
Öyünəsi ismətin var, arın var.
Sənə bağlı mənim kimi yarın var,
Nədir səni bu taledən küsdürən?

Qorxaq olub əsim-əsim əsmə sən,
Bağrın başın belə əzmə, üzmə sən.
Allah yazan qismətindən küsmə sən,
Nədir səni bu taledən küsdürən?

Nəğmə deyən dodaqsan ki, dilsən ki,
Yaşamaram vaxtsız, erkən ölsən ki.
Bəsdi daha, bir kərə də gülsən ki!
Nədir səni bu taledən küsdürən?

Sənə bunu deyirəm saf diləklə:
Şair Fuad yanındadı, ürəklən!
Demə sonra gərəksizəm, gərəklən,
Nədir səni bu taledən küsdürən?..

Məndə…

Aparma başqa bir könülə pənah,
Bilirsən, qəlbinin açarı məndə.
Məni tərk eləsən – edərsən günah,
Məhəbbət dağının vüqarı məndə.

Qorxmaram boşalsa solum, sağım da,
Bilirəm, sən varsan çətin çağımda.
Sanki bir meyvəsən sevda bağımda,
Hələ dərməmişəm, nübarı məndə.

Əzəldən inandım düz ilqarına,
Sənin ismətinə, sənin abrına.
Bir zərrə söz olmaz tövrü-tavrına,
Sevginin peymanı, ilqarı məndə.

Bu Fuad ölmədi, onunçün sağdı,
Eşqi də təmizdi, bəyazdı, ağdı.
Güvənə bilərəm, arxamda dağdı –
Dünyanın vəfalı dildarı məndə!

Yiyəsiz adam

Hərdən sən önə çıxdın,
Mən geri düşdüm.
Hərdən əksinə,
Mən dala qaldım səndən,
Bu həyat yollarında.
Yorulmaq bilmədən,
Addım-addım elə hey,
Biz bu ucsuz-bucaqsız
Yolları gedirdik.
Heç özümüz də bilmirdik ki,
Yolumuz haradı,
Hansı səmtədi,
Hansı yanadı…
Gün doğanamı?
Şər qarışanamı?
Əl-ələ tutub bir-birimizə qısılırdıq,
Soyuqdan donmayaq deyə.
Nə sənin getməyə bir yerin vardı,
Nə də ki, mənim.
Səfillər kimi ömrümüzü küçələrdə keçirdirdik…
Və sonda da
Adımızı “yiyəsiz adam” deyə çağırdılar…

***

Məni üşüdən qış deyil…
Şaxta deyil, yağış deyil…
Məni üşüdən – insanların laqeydliyi,
soyuqluğudur…

Məni yandıran qızmar yay deyil,
Od deyil, alov deyil…
Məni yandıran -insanların gözüm görə-görə
məni yıxmaq istəkləridir…

Məni sındıran da heç bir qüvvə ola bilməzdi…
Həyatın sönüklüyü,
Dost dediklərimin dönüklüyü oldu.

Məni öldürən isə nə top-tüfəng,
nə xəstəlik, nə aclıq,
nə Fələk,
nə Əzrayil olmayacaq, bilirəm…
Sevgilimin vəfasızlığı,
Dönüklüyü olacaq, əgər olsa….
Bunu mənə göstərmə Allahım,
Göstərmə!

***

Mənə neyləmişdin ki?
Mənə nə vermişdin ki?
Belə özündən razı halda qürrələnirsən də.
Bu həyatda nə etmişəmsə – öz gücümlə etmişəm.
Allah yollarımı bəzən bağlayıb, bəzən də açıb.
Çox şükür ki, çətin anlarımda sənin kimilərdən kömək ummamışam.
Özüm min çətinlik bahasına ucalmışam.
Ucalıqda olsam da belə
Yerdəkiləri də görürəm.
Köməklik də edirəm,
Çünki bir zamanlar mən də yerdə olmuşam.
Allah böyükdür!
Hər şeyi və hər kəsi görür!
Yolumuzu azsaq
Qaşıq-qaşıq qazandığımızı
Çömçə-çömçə burnumuzdan gətirər!

***

Məbadə
bu sevgini qəlb evindən çölə çıxarasan!
Qoy elə qalsın ürəyində –
Sənin gizli,
pünhan məhəbbətin!
Bir Allah bilir,
bir ürək,
bir də özün bilirsən bunu…
Şeirlərini də ona yazırsan,
Yuxularını da ona adayırsan…
O sənin müdhiş eşqin,
İlham pərin,
Xəyallarda yaşatdığındır!
Göydə mələklərin də baş açmadığı
Bu sevdaya başqa ad qoyma!
Qıyma Gizli sevgiyə!
Qıyma!

Fuad Biləsuvarlı

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

 

Müstəqil.Az

Share: