Ölkənin ilk gənc tarix elmləri doktoru olan professor…

Kənardan soyuqqanlı görünsə də, əslində çox həssas insandır. Artıq söylənilən bir söz onda inciklik yarada bilər. Ehtiraslı və mühafizəkardır. Yiyələndiyi məlumatı fikrə çevirməyi və onu ustalıqla ifadə etməyi bacarır. Savadına əmindir. Mübahisəni xoşlamır, amma hər bir mübahisədən qələbə ilə çıxır. Haqqında yaradılan saxta mənzərəni pozmaqda, həqiqəti üzə çıxarmaqda qətiyyətli və kəskin ağıllıdır…
1957-ci ilin oktyabr ayının 28-də Yardımlı rayonunun Hamarkənd kəndində, səhəri “bismillah”la açıb, axşamı “əlhəmdulillah”la bitirən, təqvalı bir kişinin ailəsində dünyaya gəlib. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1979-cu ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Bir müddət təyinatla Yardımlı rayonunda müəllim işləyib. 1982-1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil alıb. Orada beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşıb. 29 yaşında namizədlik, 35 yaşında isə doktorluq dissertasiyasını müdafiə edərək ölkədə ən gənc tarix elmləri doktoru olub. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləyib…
…Ulu babası Şeyx Hüseyn olub, Alı xanın qızı Nigar xanımdan olan törəməsidir…
Yardımlı əsilli ilk AMEA-nın müxbir üzvüdür. AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinə icra edən kimi təyin olunub. AMEA İctimai Elmlər bölməsinin 24 iyun tarixli iclasında isə səsvermə yolu ilə həmin institututa direktor seçilib və 29 iyun tarixində AMEA Rəyasət Heyətinin iclasında həmin qərar təsdiq edilib…
Üç çağırış Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib. Hazırda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavinidir. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bundan əlavə bir sıra medallara layiq görülüb…
Çox maraqlı adamdır, dərin hisslərə malikdir. Hadisələri düzgün təhlil etməyi, doğru qərar verməyi bacarır. Bunun sayəsində ünsiyyətdə olduğu insanı tez öyrənir və anlayır. Qarşısına qoyduğu məqsədə asanlıqla nail olur. Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma nadir hallarda kiminləsə dostluq edir. Təsadüfi adamlara onun qəlbində yer yoxdur…
Deyir ki,- “Bu il müqəddəs Ramazan bayramını işğaldan azad edilmiş ərazilərimizdə də qeyd etdik. Azan səsi eşidildi, bayram namazı qılındı. Bu günü bizə nəsib edən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında millətimizin bağrından çıxan qəhrəman ordumuz, əbədiyyən yaşayacaq şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin! Uca Yaradan Azan səsini millətimizin dilindən əksik eləməsin, qürur mənbəyimiz olan dövlət bayrağımızı isə göylərin üzündən endirməsin! Gün o gün olsun ki, Zəngəzurda, İrəvanda və digər tarixi ərazilərimizdə də Azan səsi eşidilsin və bayrağımız dalğalansın.”
İradəli insandır, gərgin iş rejimində çalışa bilir. Hissləri güclü olduğundan hadisələri əvvəlcədən görür və necə hərəkət edəciyini yaxşı bilir. Əsəblərini cilovlamağı və əsas enerjisini fövqaladə vəziyyət üçün saxlamağı bacarır. Heç kimdən asılı olmaq və köməksiz görünməyi xoşlamır. Riyakarlardan zəhləsi gedir. Sözü üzə deyir. Kimsənin arxasınca danışmır. Qeybətdən uzaq, mövqeyi aydın və konkret insandır…
Yardımlı təbii sərvətləri, zəngin imkanları ilə məşhur olmasa da, parlaq düşüncəli aydınları ilə tanınır. Onlardan biri də haqqında söhbət açdığım professor Musa Qasımlıdır. Zarafat deyil, 20 ölkədə kitab və məqalələri işıq üzü görüb. Dünya alimləri əsərlərinə istinad edir. Bir sözlə, onun yiyələndiyi nailiyyətlər, imza atdığı ilklər doğulub, ərsəyə çatdığı Yardımlıya baş ucalığıdır. Bəli, ölkədə ilk ən gənc tarix elmləri doktoru, Yardımlıdan ilk AMEA-nın müxbir üzvü olmaq məhz onun taleyinə yazılıb…
Elman Eldaroğlu
Müstəqil.Az
Share:

Author: admin