ÖLÜMLƏ QAZANILAN ÖLÜMSÜZLÜK… – Sevil Gül Nur

 
Tarix boyu bütün məşəqqətlərə əzmlə sinə gərən Azərbaycanın qəhrəmanlıq tarixində daha bir səhifə açıldı – 44 günlük Vətən müharibəsi! “Zəfər fəsli” adlandırdığımız bu savaşda azad vətən torpaqlarından vətən göylərinə üçrəngli göyqurşağı yayıldı. Bu üç rəngin şöləsi bütün dünyaya yayıldı, bütün dünya igid Azərbaycan oğullarının gücünü gördü. Bu oğullardan biri də Səyyad idi.
Şəhid Ağahüseynli Səyyad Əliyar oğlu 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdu. Uşaqlıqda şən, şıltaq bir oğlan olan Səyyad böyüdükcə zəhmətkeş, qayğıkeş bir gənc kimi formalaşırdı.Cəlilabad rayon Şamil Nəzərov adına 1 nömrəli tam orta məktəb məzunu olmuş Səyyad məktəbdə daim öz fəallığı ilə seçilirdi. O, təkcə məktəb həyatında deyil, həm də ictimai həyatda çox fəal bir insan idi. O, nəinki ailənin, həmçinin, dostlarının, qonşularının və qohumlarının hörmətini qazanmışdı. 2019-cu ildə məktəbi bitirdikdən sonra kənd təsərrüfatı ilə yaxından məşğul olan Səyyad bütün işlərin çətinliklərini öz çiyinlərinə götürərək atasına bu işdə yaxından köməklik göstərmiş, gördüyü işlərlə kənd camaatının böyük hörmətini qazanmışdı. 18 yaşı olmasına baxmayaraq, öz yaşıdlarından artıq nüfuza sahib olmuş, rəğbət qazanmışdı.
Yeniyetməlik dövründə ailə yükünü ailəsiylə birgə çəkən gənc artıq vətənə olan borcunu da ödəmək vaxtının gəldiyi gün hərbi xidmətə yollandı. Səyyad Ağahüseynli Vətən müharibəsi başlamazdan 8 ay əvvəl Ağcabədi rayon N saylı hərbi hissəsində topçu kimi xidmətə başlamışdı. Hərbi xidmət müddətində Müdafiə Nazirliyinin hərbi təlimində göstərdiyi şücaətlərə görə fəxri fərmanla təltif edilmişdi. Komandirlərinin verdiyi tapşırıqları məharətlə yerinə yetirən gənc topçu dəfələrlə tərifnamələr almış, müxtəlif təltiflərə layiq görülmüşdü.
Hər birimizin səbirsizliklə gözlədiyi o gün gələndə Səyyad xidmətinin 8-ci ayında idi. Böyük savaşın iştirakçısı olmaq Səyyadın böyük arzularından biri idi. 44 günlük Vətən müharibəsində iştirak edə bildiyi üçün çox sevincli idi Səyyad. Çünki illərlə alnımıza möhürlənmiş bu ləkəni silmək üçün gözəl fürsət yaranmışdı və bu işdə onun da xidməti olacaqdı.
Ön cəbhəyə topçu kimi yollanan Səyyad Ağdam, Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Xocavənd, Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, böyük qəhrəmanlıq göstərmişdi.
Müharibə dövründə bir neçə dəfə ailəsi ilə əlaqə saxlayaraq xidməti vəzifələrini layiqincə və şərəflə yerinə yetirdiyini böyük sevinc hissi ilə bildirmişdi. Səyyad hər telefon zəngində valideynlərinə tezliklə azad vətən torpaqlarının hər qarışında gəzib dolana biləcəklərini söyləyirdi. Anası Şəhla müəllim oğlunun bu şücaətindən qürurlanır, lakin göz yaşlarını da saxlaya bilməyib hıçqıra-hıçqıra deyirdi: – “Halal olsun, sənə oğul! Demək, həm valideyn, həm də müəllim kimi sənə çəkdiyim zəhmət hədər getməyib. Başımız uca, alnımız açıqdır!”
Səyyad isə öz növbəsində: -“Anacan, mənim kimi yüzlərlə yetişdirdiyin şagirdlərin indi düşmənlərə qan uddurur. Bizim belə igid yetişməyimizdə siz müəllimlərin də əməyi az deyil”, – deyə anasına təşəkkür edirdi. Hər dəfə fəxrlə deyirdi ki, Cəbrayıl rayonuna ilk daxil olan əsgərlərdən biri də mən olmuşam.
Müharibənin ən gərgin döyüşlərinin getdiyi Cəbrayıl ərazisində 4 gün mühasirədə qalan əsgərlərin içində Səyyad da var idi. Mühasirədən çıxdıqdan sonra yenə də döyüşlərə davam edən əsgərlər hər dəfə xalqı qələbə xəbəri ilə sevindirirdilər. Amma qələbə qurbansız olmur… Bu döyüşlərdə canını fəda edən oğullarımız az olmadı… Şəhid olmuş əsgər yoldaşlarının nəşini döyüş meydanından çıxarıb təcili tibbi yardım maşınına daşıyan Səyyad göz yaşları və qəzəb içində boğulurdu. Yoldaşlarının qisasını almaq, daha bir zəfərə imza atmaq üçün durmadan irəliləyirdi.
Şəhidlik elə bir zirvədir ki, nuruyla hər kəsi özünə cəlb edir,amma ora da layiq olanlar yüksəlir. Şübhəsiz, Səyyad Ağahüseynli o zirvəyə qalxacağını hiss edirdi və buna görə də qardaşı ilə danışarkən: – “Kəndə gələn ilk şəhid mən olacağam”, – deyərək o yerin layiqli sakini olduğunu vurğulamışdı.
20 oktyabr, 2020-ci il. Qubadlı uğrunda gedən gərgin döyüşlər. Bu vaxt düşmən tərəfinin “SU-25” qırıcı təyyarəsindən atdığı kasetli mərmi yaxınlıqda partlayır. Ətraf toz-dumana bürünür. 18 yaşlı topçu Səyyad Əliyar oğlu Ağahüseynli qəhrəmancasına şəhid olur…
Şəhid olduğu zaman həm dostu, həm də əsgər yoldaşına: – “Daha gecdir, mənimki bura qədərdir. Hər şey yaxşıdır”,- deyib baş barmağı ilə “əla” işarəsi göstərərək mübarək ruhunu Allaha təslim edir…
Səyyad hər zaman ölümün gözünə dik baxmış, şəhadəti özünə şərəf bilmişdi. Şəhadət arzusunu hələ hərbi xidmətə getməmişdən öncə yaxın dostuna danışmış və: – “Bir gün hamı öləcək, heç olmasa mən də vətən uğrunda ölüm”-deyə bildirmişdi…
Şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Səyyad və onun timsalında olan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Qeyd edim ki, Səyyadın böyük qardaşı gizir Ağahüseynli Ziya Əliyar oğlu da 10.10.2010-cu ildən hərbi xidmətə başlamışdır. 2016-cı ildə başlayan aprel döyüşlərində iştirak etmiş, yaralanmağına baxmayaraq döyüşü davam etdirmişdir. Bu illər ərzində ön cəbhə korpusunda xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Füzuli uğrunda döyüşlərə qatılaraq düşmənə ağır zərbələr vurmuş, bir çox canlı qüvvəsini və texnikasını məhv etmişdir. Sentyabrın 29-da Füzulinin Qaraxanbəyli istiqamətində eşalon xətlərinin yarılması zamanı çoxsaylı qəlpə yarası almışdır.
 
Sevil Gül Nur
Müstəqil.Az
Share: