Əzizə xanımın çiçəkləri

Mina Rəşid

Hər tərəf yaşıllıq, gül-çiçək, quşların nəğməsi, çayın şırıltısı, hərdən qara buludların toqquşması, yağışın yağması necə gözəldi, deyilmi? Şəhərdə, dörd divar arasında ekrandan izlədiyin bu mənzərə adamı başqa aləmə aparır. Uşaq ağacdan asılmış yelləncəkdə yelləndikcə sən də uşaqlığını xatırlayırsan. İndi o yelləncəyə rast gəlsən yaşına baxmazsan.

Necə o yaşda qadının ağaca çıxdığı kimi… Hə, deyəsən söhbətin kimdən getdiyini duydunuz. Bəli, qəhrəmanım bütün bu gözəl duyğuları bizə yaşadan, təbii ocaqda hazırladığı qeyri-adi, ləziz xörəkləri baxanları heyran qoyan o Qusarlı xala – Əzizə xanımdır. Düzü, haqqında xoş sözlər eşitsəm də, əvvəlcə o kanala (Kənd həyatı) həvəssiz yanaşmışdım, kənardan bu qədər canlı təsir bağışlayacağına inanmamışdım. Bir gün kanalı açdım və o çöl çiçəklərinə, sarı güllərə, qırmızı lalələrə elə bağlandım ki, indi hər gün onlara tamaşa etməkdən doymuram. Əzizə xala da, sanki onu izləyənlərin qəlbini duyur, amma hər şey o qədər təbii, o qədər səmimi alınır ki. Hiss edirsən ki, qadın çiçəkləri çox sevir. Həyət-baca gül-çiçək, qablarda da gül becərir, balaca, böyük evlərinin eyvanının hər tərəfindən gül dibçəkləri asılıb. Hələ bu azmış kimi gedib çöldə bitən yabanı çiçəkləri də qucağına yığıb gətirir və güldan kimi vedrədən, şüşə balondan, hətta stəkandan istifdə edir.

Nədən onun hazırladığı xörəkləri qoyub gül-çiçəklərindən söhbət açdım? Ondan ki, Əzizə xanım özü də, sanki bu çiçək sevgisi ilə bir həqiqəti söyləyir – həyat tək yemək-içməkdən ibarət deyil ki. İnsanın ruhu, qəlbi çiçək kimi təmiz, gözəl olunca o közdə bişmiş kartofun, çuğundurun, kökün də dadı-tamı başqa cür olur. Çayı da itburnu, böyürtkən, çürbəcür giləmeyvə və çiçəklərdən damləyincə sən də bir vaxt həyətinizdəki o yekə sarı samovarı xatırlayırsan…

Həyətdə balaca bir göl var. Əzizə xala körpə ördək balalarını ilk dəfə gölə buraxır. Bir də görürsən suyu çəkilmiş dərədən balıqları toplayıb caya atır, gülləri sulayır, inəkləri tumarlayır, çürbəcür xörəklər, şirniyyatlar hazırlayır. Maraqlısı odur ki, bütün bu təamları ancaq təbii ocaqda bişirir. Hətta öz əlləri ilə soba düzəldir və orada cürbəcür çörək və şirniyyatlar bişirir. Bütün günü çalışır-çarpışır, nəhayət  yorulur, arxda qaloşlarının tozunu yuyur, oturub bir samovar çayı içir. Bütün bunları elə səmimiyyətlə edir ki, sanki onu nə çəkən var, nə də görən…

Beləcə, Qusarın Hil kəndindən olan Əzizə xala kənd həyatının gözəlliklərindən, öz dadlı xörəklərindən “bəhs etdikcə”, oğlu da onu öz kamerası ilə çəkib aləmə göstərir. Dünyanın hər yerindən yüz minlərlə izləyicinin seyr etdiyi bu kadrların toplandığı kanalda bir dəfə təsadüfən insanların kanala münasibətinə diqqət etdim. O qədər xoş sözlər yazmışdılar ki, adamın ürəyi açılır.

Bütün bu çəkilişlər, bu kanal həm də dünyaya Azərbaycan insanını, onun gözəl təbiətini, mətbəxini, səmimiyyətini, folklorunu çatdırır…

Əllərinə, həm də, o gözəl, çiçək kimi təmiz ürəyinə sağlıq, Əzizə xala!

 

2020, avqust.

 

Share: