“Bu 8 may əvvəlki 8 maylardan tam fərqlidir”

Bəlkə də bir sıra insanlar heç fərqində də deyillər ki, biz azərbaycanlılar bu son aylarda necə böyük tarixi hadisələrə həm şahidlik edirik, həm də özümüz də bilavasitə o hadisələrin, o proseslərin iştirakçısıyıq. Ən böyük tarixi hadisə isə sözsüz ki, Qarabağın, xüsusən də Şuşanın işğaldan azad edilməsidir.

Müzəffər Ordumuz, müqəddəs şəhidlərimiz, igid qazilərimiz və müdrik Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə imza atmaqla bizi – bütün azərbaycanlıları yenidən Qarabağımıza, Şuşamıza qovuşdurdular. Məhz bu mənada biz həqiqətən də ən bəxtəvər və ən şanslı nəsilik. Yəqin ki, 100 ildən sonrakı azərbaycanlılar bizə – bu günkü azərbaycanlılara gerçəkdən də bəxtəvər nəsil kimi, tariximizin gedişatını dəyişdirmiş nəsil kimi baxacaqdır.
Budur, məhz 44 günlük savaşdakı misilsiz Zəfərimizin sayəsində ilk dəfədir ki, biz mayın 8-ni kədər hissi ilə, utanc hissilə, natamamlıq hissilə deyil, qürur hissilə, əsl Qələbə əhval-ruhiyyəsi ilə qarşılayırıq. Biz artıq ümidsizlik hissindən, məğlubiyyət sindromundan, işğal yükündən qurtulmuş, qəddini dikəltmiş bir xalqıq! Və bundan sonra əziz şəhidlərimizin məzarlarını qalib xalqın övladları kimi ziyarət edəcəyik. Bizə bu şərəfli yaşadan, bu Zəfəri görməyi nəsib şəhidlərimizin ruhları qarşısında baş əyirik.
Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevə isə ayrıca bir təşəkkür borcumuz var. Çünki məhz onun sərkərdəlik, komandanlıq dühası nəticəsində Şanlı Ordumuz böyük Qələbəyə imza atdı, torpaqlarımızı mənfur erməni işğalından azad etdi. Biz İlham Əliyevə həm də ona görə təşəkkür edirik ki, o, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzaladı. Prezident gerçək olanı rəsmiləşdirdi. Onsuz da xalqımız lap çoxdan Şuşanı mədəniyyət beşiyimiz kimi qiymətləndirir və sevirdi. Dövlət başçımız isə sözügedən Sərəncamı imzalamaqla xalqımızın Şuşa ilə bağlı düşüncələrinə rəsmi status qazandırdı. İndi dünyanın bir çox ölkələrində olduğu kimi bizim də iki paytaxtımız var: siyasi paytaxtımız Bakı, mədəniyyət paytaxtımız isə Şuşadır.
Ermənilər isə xalq dili ilə desək, qoy partlasınlar, çatlasınlar. Bu gün mayın 8-dir. Bu 8 may əvvəlki 8 maylardan tam fərqlidir. İndi bütün azərbaycanlıların qəlbi azad Şuşa ilə döyünür. Misli görünməmiş dərəcədə böyük bir həyasızlığa yol verərək “Şuşa bizim mədəniyyət mərkəzimizdir” kimi sərsəm iddialarda bulunan Ara Ayvazyan kimi erməni siyasətçiləri və diplomatları isə Azərbaycan Prezidentinin bu tarixi qərarı qarşısında sözün əsl mənasında seytnot vəziyyətinə düşdülər. İlham Əliyevin bu qərarı Şuşa ilə ilgili indiyə qədər aparılmış bütün erməni təbliğatlarını alt-üst etdi və onlara havadarlıq edən Fransa kimi dırnaqarası “mədəniyyət hamisi” də çıxılmaz vəziyyətdə qaldı. Bir sözlə, gizli-açıq düşmənlərimiz bu qərarla həqiqətən də tutarlı zərbə almış oldular. Beləliklə, 29 ildən sonra ilk dəfədir ki, 8 may ermənilər üçün qara günə çevrilir. Bax, budur tarixi ədalət!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: