“Avroparlamentarilər bu qədərmi cahildir” – Partiya sədri

Avropa Parlamentinin 121 üzvünün Aİ sədrinə və Avropa Komissiyasının sədrinə müraciət edərək Azərbaycandan “erməni əsir”lərin qaytarılmasını tələb etməyə çağırması açıq-aşkar siyasi riyakarlıqdır. Sözün açığı, avroparlamentarilərdən belə bir riyakarlığı, hoqqabazlığı gözləmək olardı.

Müstəqil.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Avropa Parlamentinin 121 üzvünün Azərbaycandab erməni əsirlərinin olması haqda cəfəng bəyanatlarına cavab olaraq bildirdiyi münasibət zamanı deyib. O, əlavə edib:
Biz azərbaycanlılar onsuz da Qərbin də, beynəlxalq təşkilatların da, Minsk Qrupunun üç həmsədrinin də bu cür ədalətsiz davranışlarına, “ikili standart”lara əsaslanan taktikalarına çoxdan öyrəncəliyik. 121 avrodeputatın sözügedən müraciəti də elə həmin “ikili standart”ların bariz nümunəsidir. Belə bir ədalətsizliyi başqa cür qiymətləndirmək mümkün deyil.
Burda “ikili standart”lar özünü nədə göstərir? Birinci məqam budur ki, avroparlamentarilər hər nə qədər iddia etsələr də belə, burada hərbi əsirlərdən söhbət gedə bilməz. Onların “hərbi əsir” kimi təqdim etdiyi şəxslər birmənalı olaraq terrorçu diversantlardır. Müharibə bitdikdən və 10 noyabr razılaşması imzalandıqdan sonra Azərbaycan ərazisində terrorçuluğa təşəbbüs göstərərkən yaxalanan bir qrup erməni silahlısını 121 deputat hansı kriterlərə əsaslanaraq “hərbi əsir” kimi təqdim edir? Avroparlamentarilər bu qədərmi cahildir, yoxsa bizi cahil sanırlar? Onlar hüquqi nihilizmə rəvac verməklə və yaxud hüquq müstəvisində siyasi quldurluğa imza atmaqla nəyə nail olmaq istəyirlər? Hüququn aliliyi prinsipinin bu sayaq çeynənilməsi, ayaqlar altına atılması yolverilməzdir. Azərbaycan dövləti yüksək humanizm nümunəsi nümayiş etdirərək, bu 121 nəfərin “hərbi əsir” saydığı terrorçu-diversantlardan 3 nəfərini artıq azad edib. Lakin bu o demək deyil ki, Qərb siyasətçiləri erməlirlə birlikdə fürsətdən istifadə edib “hərbi əsir” spekulyasiyalarını davam etdirə və Azərbaycana təzyiq göstərə bilərlər. Xeyr, heç kim Azərbaycan xalqının humanistliyindən və Azərbaycan dövlətinin sülhsevər siyasətindən sui-istifadə edə bilməz.
Avropa Parlamentinin üzvləri siyasi quldurluqla, siyasi terrorla məşğul olmaq əvəzinə, universal Qərb dəyərlərinə sadiqlik nümayiş etdirməliydilər. Onlar Avropa Komissiyasının sədri və Avropa İttifaqı sədrinə müraciət edərək Azərbaycandan “erməni əsir”lərin qaytarılmasını tələb etməyə çağırış edirdilərsə, o zaman eyni ədalətlilik meyarından çıxış edərək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş 4 mindən artıq azərbaycanlının taleyi ilə də maraqlanmalıydılar. Avropalıların özlərinin də tez-tez istinad etdikləri ümumbəşəri normalar da bunu tələb edir.
Ancaq görünən budur ki, bütün bu normalar, beynəlxalq konvensiyalar Qərb siyasətçiləri, Avropa İttifaqı, Avropa Komissiyası kimi təşkilatlar üçün sadəcə örtükdür, fasaddır. Başqa sözlə desək, Qərbin illərlə təbliğ etdiyi dəyərlər, normalar artıq deklarativ xarakter daşıyır. Qərb siyasətçiləri “ikili standart”ları əsas prinsipə, normaya çevirməklə özləri Qərb dəyərlərini aşınmaya məruz qoyur, gözdən salırlar. Qərb dəyərlərinin aşınması, Qərb siyasi elitasının “erməniləşməsi” isə ilk növbədə Qərbin özü üçün faciədir.
Müstəqil.Az
Share:

Author: Müstəqil AZ