Həftəsonu və bayram günləri ictimai nəqliyyatın dayandırılması effektsizdir.

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. 9 may-bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur:

“Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunmuşdu. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik.

Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı”.

Deputatın sözlərinə görə, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, görərik ki, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:

“Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Müstəqil.AZ

Share: