uzaqlarda… xəyallar uçan yerlərdə, günlər kəhər ata dönüb harasa qaçan yerlərdə – Esmiradan yeni şeirlər

Müstəqil.Az şair Esmira Məhiqzının yeni şeirlərini təqdim edir.

uzaqlarda,
uzaqlarda gəmilər keçən yerlərdə,
xatirələr baharlardan payıza köçən yerlərdə –

bir baxarsan külək açır sularda,
bir baxarsan,
çiçək açır sular da…

o suların, suların çiçəkləyən yerindən,
dalğalayan, ləpələyən, küləkləyən yerindən –

yağışların yağmadığı buludlardan keçərsən,
için-için dinlədiyin sükutlardan keçərsəkeçərsən ki,
bir əl gələ əllərinə qona da,
bir gül aça sevda kimi tellərinə qona da.

keçərsən ki,
sonra belə gözləyəsən bir ömür,
gözləyəsən…
o əl gəlib əllərinə qonurmu,
bir gül açıb sevda kimi tellərinə qonurmu

ya qonmursa… heç bilməzsən
o əl necə əl imiş,
açılmamış quruyursa o gül necə gül imiş.

uzaqlarda,
uzaqlarda… xəyallar uçan yerlərdə,
günlər kəhər ata dönüb harasa qaçan yerlərdə,
sən də qaçıb o günlərə
çatmaq, çatmaq istərkən…
bu quş ömrün,
bayquş ömrün əlini tutmaq istərkən…

bir baxarsan sənə qalan ancaq sazaqlar imiş,
yaşadığın bu ömür də
elə uzaqlar imiş.

***

bu dekabr bir az Vaqif Bayatlıyam,
bir az da bilmirəm.

gecələri uzadır yuxusuzluğum,
yalnızlığı böyüdür həsrətim.
arada aynalarda gözüm gözümə sataşır
– sən kim?

bu dekabrda,
ehh… bu dekabr təzə ağrıların
sızlayan tərəfinə qısılmışam
və hər şeyi eyni rəngdə görmək alışqanlığım
başlayır qar yağmurunda

bəyazdı…
bəyazdı…
bəyazdı… əllərim,
əllərimdən şikayətçiyəm,

barmaqlarımın ucunda sırsıra kimi bir şeir
ruhuma qədər dondurur –
mən şeirdən yanayam, bu səssizlikdə,
bu yuxusuzluqda,
bu yoxluqda

o qədər yoxam ki,
bir az da
Vaqif Bayatlıyam bu dekabrda

***

biz ən gözəl uşaqlığı yaşadıq –
sonra da
ən dözülməz ağrıları

və mən Xocalını yaşayıram hələ –
çiçəyin ölümünü,
yüyürdüyüm yolların həsrətini,
oynadığım uşaqların yoxluğunu
və susduğum bir şeiri yaşayıram hələ –
meşə soyuğu kimi,
qırmızı qar kimi.

və…
bir şeiri bir ömür qədər yaşayıram,
pıçıldayıram,
pıçıldayıram,
pıçıldayıram…
axırda dodaqlarım ağrıyır.
yox,
yox,
dodaqlarım ağlayır

***

bir körpənin yazığı gəlib
kökəsinin parasını kəsib verdiyi
evsiz adam
o para kökəni ikiyə bölüb yarısını özü yeyər,
yarısını quşlara ovar.

quşlar ən çox küçə adamlarını sevər
küçə adamları küçə itlərini,
küçə pişiklərini
və yiyəsiz göy quşlarını…

amma quşların da yiyəsi var göylərdə,
itlərin də,
pişiklərin də…

və küçə adamları o quşların,
itlərin,
pişiklərin yiyəsinə sığınıb yatar küçələrdə

***
bir qərib hekayədi o küçə
o küçədə quruyan ağac,
ağacdakı quş
quşun gözündə ayrılıq,
ayrılığa qarışmış yaş.

ağac da bilirdi,
quş da bilirdi
hələ irəlidə qış var,
qış

payız köçündə gedən quş
həsrətlə boylanır yuvasına –
yuva boş,
yuva boş

sonra yenə yaz köçü
yenə o mutlu qayıdış.

quşlar qayıdır,
bir quş havada heykəl kimi donur –
ağac yox,
budaq yox,
yuva yox

quş ağacın xatirəsinə qonur

***

gizlənməyə o qədər yer varıydı ki kəndimizdə
ağacın koğuşunda da gizlənirdin,
kolluqda da,
kəhrizin sularında,
zəmidə
hər yerdə

anam hər dəfə
mənə bir qulaqburması vermək istəyəndə
gizləndiyim ən güvənli yeriydi
nənəmin qat-qat donlarının altı

hələ babamın kürkü,
hələ toyuq hinimiz,
qoyun ağılımız,
mal pəyəmiz,
hələ… gizlənməyə bir ömür yeri olan kəndimiz!

şəhərə köçəndən sonra
gizlənməyə yer olmadı.
şəhərin üstü açığıydı,
harda gizlənsən görünürdün,

mən o balaca qızı yazmadığım şeirlərdə gizlətdim

***

heç getmədiyim yerlərdə də
xatirələrim var.
onları xəyal-xəyal
uşaq vaxtı qurmuşdum.

məsələn,
aylı gecələrin nağıllarından sonra
aya getmişdim.
bir az ay xatirələrim var,
bir az gün xatirələrim var.

babamdan dinlədiyim
Təbriz xatirələrim var.
nənəm öləndən sonra
o biri dünyaya nənəmi gətirməyə
gedərdim guya –
bir az da o biri dünyalı
xatirələrim var.

beləcə…
heç getmədiyim yerlər
doludur xatirələrimlə

***

bir qanadlı qatar keçdi uşaqlığımdan
nəyim varsa – nəyim yoxsa yığıb apardı.
bulud-bulud sıralandı pəncərələri
vaqonları ağız-buğuz nağıl apardı.

ha yüyürdüm arxasınca çata bilmədim
ha səslədim, ha neynədim… duyan olmadı.
gedişlərin qış yuxusu gerçəyə döndü,
gəlişlərin yaz yuxusu əyan olmadı.

bir qanadlı qatar idi uşaqlığım da,
çırpıb getdi, qoyub getdi xatirələri.
uşaqlığın o dumduru göz yaşı ilə,
yanağımda yuyub getdi xatirələri.

gözlərimin uzağından elə ötdü ki,
elə ötdü… saçlarımda küləyi qaldı.
bir dəlicə qız varıydı, köynəyi çilli
o qız itdi, xatirəmdə köynəyi qaldı

hara baxdım, yanıq yeri, sınıq yeridi…
bir qatarın fit səsində adım üşüdü.
saya-saya çox yüyürdüm dirəklər ilə,
mən yoruldum, qatar itdi, yollar tövşüdü.

sonra yudum o köynəyi, çilli köynəyi…
asdım qaçan dirəklərin uzaqlığından.
mənim uşaq qanadımı taxıb çiyninə…
bir qanadlı qatar keçdi uşaqlığımdan

***

daha həminki heç nə yox…
daha nə varsa o deyil.
bulud da ağlamaq öyrənib,
yağış da nədisə, su deyil.

ömür də nədisə… bilmirəm,
tez gəlir,
tez gedir,
tez keçir.
güzgüdə bir ayrı qadındı,
içimdən həmən o qız keçir.

yaz keçir,
necə də an kimi,
tələsmir heç yana payızlar.
üşüyüb qalıram don kimi,
hər tərəf soyuqlar,
ayazlar…

bəyazlar,
bəyazlar tökülür…
saçlarım qarlayır gecələr.
o qardan dən tutur tellərim,
o qarı dənləyir sərçələr.

küçələr, hələ o küçələr..
bilirsən nə yaman soyuqdu.
boşalıb şəhər də, ömür də
baxırsan… o yoxdu, bu yoxdu.

daha həminki yaz gəlmir…
qışları sərt keçir payızın.
daha nə varsa o deyil…
o deyil, özü də bu qızın.

Fərqanə üçün rekviyem

heç bəlkə də bir ömürü yaşamamışam,
sətir-sətir uçurtmuşam damların üstən.
bulud-bulud ağlatmışam pəncərələrdə
ürək-ürək keçirtmişəm camların üstən.

heç bəlkə də kölgəm olub məndən irəli,
yol gəlirəm doğulmağa, doğulmamışam.
keçi kimi ordan-ora atlanıb düşən,
güzgülərə dil çıxardan mən olmamışam.

bəs görəsən o kimiydi hamıdan xoşbəxt,
gözlərində çiçək-çiçək yazı gülürdü.
nənəliydi, babalıydı və hamılıydı –
ədasında kürlüyünün nazı gülürdü.

və nə boyda mutluluğun ünvanı idi,
və nə boyda ünvanların mutluluğuydu.
elə xoşbəxt, elə xoşbət, xoşbəxtiydi ki..
o boydana xoşbəxtliyin adı yoxuydu.

o kimiydi… xəyalların təkində uçan,
o kimiydi… nağıllardan yolları keçən.
məniydimsə, məniydimsə, bəs necə oldum,
nə oldu ki, bir də gördüm mən də bir heçəm.

heç bəlkə də bir ömürü yaşamamışam,
kölgəm olub, şəklim olub… mən olmamışam

 

Share: