Qolundakı saat işləyirsə, deməli, hələ vurmaqdadır nəbzin… – Süleyman Abdulla

 

BİR DƏ BAXARSAN Kİ…
 
 
Bir də baxarsan ki, heç nə yaxşı deyil…
Hər şey daha pisdi, baxası olsan bir daha.
Göz çöpü gördüyündən qorxar,
həm də görmədiyindən tiri…
Görüb-görməməyin
bir dəxli yoxdur zehni kora.
Gözün ölçüsü vaxta görədir,
eynəyin ölçüsü
mənfi ilə müsbət arasında
dəyişdikcə havalar tər basır linzaları.
Bəzən düz mütanasib olmur təsəvvürlər
və ya əksinə deyil…
Tərs mütənasib olur
çox vaxt adamla divar saatının arası.
Əslində,
heç olub-olmamaqda da deyil məsələ,
onsuz da
olmayanlardır bizim qismətimizə düşən,
elə düşməyənlər də…
Olanlar var ki,
olmasa yaxşıdır.
Olmayanlar var ki,
elə yaxşı ki, olmayıb.
Rənglərin rəqsinin mənası yoxdur
daltoniklər üçün
yalnız ağ-qaradan ibarətdirsə
siyasi palitra…
Narıncı qalstuk vuranlar
əvvəlcədən bilməli idilər ki,
“narıncı başmaq olmaz”,
savaşmaq olmaz,
olmaz dağı aşmaq…
Aran adamları dağlıq deyil,
dağ adamları aranlıq…
Hər kəsi öz qıçından asmaq üçün
hər şeydən əvvəl
çobanın koğasına keçməlidir mübarək.
Edam kötüyü həmişə istidir
və qan qoxuyur bıçağı gilyotinin
hərçənd ki,
pambıqla baş kəsmək dəbdədir indi.
Sonra…
nə sonrası?
Bir də baxarsan ki,
bir şey qalmayıb baxmağa…
 
SONUN ŞEİRİ
 
Heç nə başlandığı yerdə qurtarmaz,
hər şeyin başlanğıcından sonuna
ömürdən-gündən xərclənir nə qədərsə
Uzaqların yaxınlaşmasıdır qət edilən məsafə
və ya əksinə…
Sükunətin özü də hərəkətdədir
zaman etibarı ilə
Ətalət deyilən bir termin yoxdur ömürdə,
dayana biləcək nəsə varsa
ürəkdir ki,
o da hər şeyin sonu deməkdir
zamanla məkanın qovuşacağı nöqtədə
Qolundakı saat işləyirsə,
deməli,
hələ vurmaqdadır nəbzin.
Narahat olmağa dəyməz
son nəfəsi dərmək üçün…
Yaşamaq istəyi narkotika kimidir,
öyrəşdin tərgidə bilməzsən ölənəcən.
Bağışla deyəcəyin bir kimsə yoxdursa,
əfv ediləsi
bir günahın olmamış demək həyatda
Darıxdırıcıdır səhvsiz yaşamaq,
günahsız yaşamaq,- savabsız…
Danışılası bir söz tapılmayacaq
sorğu-sual günü
ağ vərəqlə imtahana gedənlər kəsilir, biləsən.
Limitlə verilən zamanı heçə sovuranlar,
hər şeyin heç olduğunu bilməlidirlər əvvəl-axır.
Heç nə bitməz başlandığı yerdə,
bitməz!
 
ƏKSLƏRİN ŞEİRİ
 
Bəzən
saat əqrəbinin
əksinə hərəkət etməli
zaman çarxının
dişlərindən qurtulmaq üçün
Axının tərsinə üzməkdə yarar var bəzən,
mərkəzəqaçma təcilindən daha çox,
mərkəzdənqaçmaya ehtiyacı olur adamın.
Dünyadakı haqsızlığın gedişatına
etiraz əlaməti olaraq
siyasi proqnozların əksini fərz etmək gərəkir
isbatını tapmağa təsəlli üçün
nələrinsə hələ də gec olmadığına.
Öndə nə gözlədiyini bilərəkdən
geriyə qaçış ömrün uzanmasına deyil,
daha çox yaşamaq eşqindən irəli gəlir
instinkt olaraq
Göydən daş yağırsa,
“nə etməli” əsərini
oxumağa dəyməz ürəyində…
Pıçıltı da kimlərinsə beyninə düşər…
Qorumağın yollarını düşünməli
daş yağışından
başını gora sağ aparmaq istəyən…
Zamanı geri çəkmək olmur,
mümkün olsaydı
əqrəbləri fırlatmağın üstündə qırğın düşərdi
qəbristanlığa gedən yolun sonunda…
Bütün hallarda
əlac əksinə hərəkət etməyə qalır,
axına qarşı üzmək çox çətindi, çox, çox…
 
 
YAZ ŞEİRLƏRİ
 
***
Yolun yaddaşında o yal,
Aşıb qalmaq üçündür.
Yamacdakı Eldar şamı,
Yaşıl qalmaq üçündür.
Selin ağzında islaq qum,
Sərçənin dimdiyində tum.
Bu sonu yox uçurum,
Daşıb qalmaq üçündür.
Lap sonda bir işıq tacı,
Nə ağrı var, nə də acı…
Yönün düşən yolayrıcı,
Çaşıb qalmaq üçündür.
***
Elə gözəldi ki, hava,
Başı aynımaz adamın.
Ha inkar et, ruhundadır
Qaraköynək saz, adamın.
Qar, altında qar çiçəyi,
Heyva gülü, nar çiçəyi…
Qışda da çıtlar çiçəyi,
Qəlbi dolu yaz adamın.
Gəldim könül bağlamağa,
Salam-ərkan saxlamağa.
Çoxdu səbəb ağlamağa
Bəxti gülər az adamın.
***
Çıxmaq olmur yaşlandıqca,
Süd yoluna eynəksiz…
Olmur ürəklə danışmaq,
“Necə edək, neynək”siz…
Asılmaq var haqq tərəfi,
Buludun nəfəsindən.
Hürkər ulduzların səfi,
Bir təyyarə səsindən.
Axıb gedirdi göydən ay,
Üzü lal üfüqə sarı.
Qışdan bizə qalandı pay,
Sübh çağının soyuqları.
yağış danışar ustufca,
Qaranquşlar dönəndə.
Oyanar sərçə yuvası,
Yarpaqlar səksənəndə.
Hər şey qayıdır özünə,
Yenilənib təzə tər.
Sən də dönərsən sözünə,
Qayıdanda çiçəklər.
****
Bu yol hardan azıb gəlib,
Susub qalmağa sadəcə?
Öcəşməklə soraq çıxmaz,
Cavab almağa sadəcə.
Elə qərib gəlir ki, yaz,
Yad ürəyə fərəh dolmaz.
Göyə baxmaq doğru olmaz,
Fikrə dalmağa sadəcə…
Bu duman kölgə kimindi?
Bir heyrət gözünə sindi.
Qarşıladın, çalış indi,
Yola salmağa sadəcə.
***
Yaddan çıxmaz Tanrı evi,
Göy damını xatırladıq.
Dam altında ən sevimli
Adamını xatırladıq.
İşıq hara, gecə hara?
Bulud axdı ulduzlara.
Aydı çıxan göydə para,
Yer tamını xatırladı.
Əsirgədi göy nəsini,
Sev nəsini, söy nəsini.
Sabahını, öynəsini,
Axşamını xatırladıq.
Oyunu cığal udsa da,
Kimi nə ahı tutsa da,
Bizi hamı unutsa da,
Biz hamını xatırlarıq.
 
 
SÜLEYMAN ABDULLA.
 
Müstəqil.AZ
Share: