Bu torpağın harayına ,  Yetən, sənə qurban olum

Aysel Nazim

“ MÜBARİZ”

( Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr edirəm)

 

             Əlində ucalan qeyrət bayrağı,

Çəkdi düşmənlərə dağ üstə dağı.

Adınla öyündü vətən torpağı,

Böyük hünərinə alqış, Mübariz !

 

Qılınca döndərdin dəyanətini,

Qırdın ümidsizlik əsarətini ,

Göstərdin cahana cəsarətini,

Böyük hünərinə alqış, Mübariz !

 

Keçdin yurd uğrunda öz həyatından,

Şəhidlər vətənin çıxmaz yadından

Zəfər ətri gəldi sənin adından,

Böyük hünərinə alqış, Mübariz !

    

     “ Qurban olum “              

Könlümün ulu xətrisən,

Şeirimin uca sətrisən .

Ruhumun layla ətrisən ,

Şuşam, sənə qurban olum!

 

Bax ömrümün hər ayına ,

Gəl bəxtimin sarayına ,

Bu torpağın harayına ,

Yetən, sənə qurban olum!

 

Zaman baxır şahid kimi,

Durmuşam mücahid kimi.

Səngərlərdə şəhid kimi

Bitən, sənə qurban olum!

 

Vurğunam, tanı halımdan ,

Tez qovuşaq torpağında .

Qarabağ tək xəyalımdan ,

Ötən sənə qurban olum !

 

Qarabağın baş tacısan ,

Dərdlərimin əlacısan .

Könlümüzün sultanısan .

ŞUŞAM sənə qurban olum!

Sevirəm

İmkan olsa,  tut kasıbın əlindən ,
Çıxar onu dərdin, qəmin selindən .
Əyilib öp bir yetimin telindən
İnsanların mürvətini sevirəm.
 
Can fələklə hər gün bəhsə-bəhsədir,
Əcəl yolda , qulaqlarım səsdədir.
Ümidlərim həyat adlı dərsdədir,
Mən taleyin qismətini sevirəm .
 
At oynadır zəmanənin soyuğu ,
Solan deyil içimdəki bu duyğu ,
Nənəlırin mənə miras qoyduğu,
Abırını, ismətini sevirəm .
 
Bir xoş sözlə, tənhaları dindirin,
Gözlərdəki dərdi, qəmi endirin .
Bu dünyanın möhnəti var çox dərin ,
Ürəklərin şəfqətini sevirəm .
 
Şair, zaman ömrü-günü toxuyar,
Arzularım pərdə-pərdə oxuyar.
Ümidlərim zəfər ətri qoxuyar
Doğma elin qeyrətini sevirəm.

“ Qəlbimin aynası”

  Daim həqiqətə vermişəm könül,

Hər sözüm sinəmdə çiçəkləyən gül.

Ruhum kəpənək tək qanadı yüngül,

Gözlərim qəlbimin aynası olub .

 

Duyğular söz dünyamın çəmənzarıdır,

Ürəyim həmişə haqqa sarıdır.

Könlüm əzəl gündən eşq nübarıdır ,

Gözlərim qəlbimin aynası olub.

 

Tanrıdan almışam könül nurumu ,

Allahım hifz edər hər uğurumu.

Daim uca tutdum öz qürurumu ,

Gözlərim qəlbimin aynası olub.

 

 

 

 

 

 

 

 

Share: