“Barı Naxçıvan” mahnısını ifa edən britaniyalı: “Evdə tez-tez Azərbaycan dilində danışırıq” – FOTO/VİDEO

 

Ötən həftə sosial şəbəkələrdə Britaniyalı kişinin Azərbaycan mahnısı ifa etdiyi videogörüntülər geniş müzakirələrə səbəb olmuşdu.

Hər kəsə maraqlı olan isə onun Azərbaycan dilinə olan marağı və musiqini bu qədər ürəkdən ifa etməsi idi.

Oxu.Az-ın əməkdaşı Tomas Modi ilə həmsöhbət olub və bir neçə məqama aydınlıq gətirib.

Azərbaycanın “Barı Naxçıvan” mahnısını ifa edən britaniyalı bununla ölkəmizə olan sevgisini ifadə etməyə çalışdığını bildirib.

34 yaşlı Tomas Modi Azərbaycana olan sevgisini həyat yoldaşı ilə əlaqələndirib:

“Mənim həyat yoldaşım azərbaycanlıdır. Onunla çalışdığımız şirkətdə tanış olmuşuq. Tanışlıq müddətində yoldaşım mənə Azərbaycan dilində sözlər öyrətməyə başladı. Əvvəlcə sözləri öyrəndim, daha sonra bu sözləri tez-tez istifadə edərək yadda saxladım. Daha sonra kiçik cümlələr qurmağı öyrəndim”.

Azərbaycan musiqilərinə olan marağını isə Tomas belə izah etdi:

“Həyat yoldaşımla birlikdə Azərbaycan mahnılarını dinləyirdim. Xoş, ürəyə yatan musiqi tempi var. Azərbaycan musiqilərinin insanı düşüncələrə aparan qəribə bir sehri var. Dinlədikcə öz-özümə zümzümə edirdim. Daha sonra kiçik videolar çəkməyə başladım. Heç düşünməzdim ki, o videolar bu qədər geniş kütləyə çatar və rəğbətlə qarşılanar. Bildiklərim arasında “Barı Naxçıvan”, “Sarı gəlin”, “Yürü Azərbaycan” adlı mahnılar var”.

Tomas Hodi Azərbaycana dəfələrlə gəldiyini və buranı çox sevdiyini deyir:

“Dəfələrlə Azərbaycanda olmuşam. Azərbaycanı, onun dilini, ənənələrini, xüsusilə də musiqilərini çox sevirəm. Bu mahnıları oxumaqdan zövq alıram.

Bəlkə də sizə təəccüblü gələcək, amma evimizdə əsasən Azərbaycan dilində danışmağa çalışırıq. Mən də, uşaqlarımız da Azərbaycan dilini müəyyən qədər mənimsəmişik. Həyat yoldaşımla hər ikimiz işləyirik. Röyalənin anası hər il həm uşaqlarla vaxt keçirmək üçün, həm də biz işdə olduğumuz zaman onların qayğısına qalmaq üçün bir neçə ay bizimlə yaşayır. Bu zaman həm uşaqlar, həm də mən qayınanamla Azərbaycan dilində danışırıq. Ümumiyyətlə evdə tez-tez Azərbaycan dilində danışmağa çalışırıq. Bu da bizə dili daha səlis öyrənməyə kömək edir”.

Qeyd edək ki, Tomas Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri Baş Komandanlığında NATO və Avropa şöbəsinin müdiri vəzifəsində çalışan həmyerlimiz “John” ləqəbli Nəimi Amiralın bacısı Röyalə xanımın həyat yoldaşıdır.

 

Share: