Qarabağ Qazisindən İsa Sadıkovun “türklər olmasaydı” atmacasına SƏRT İTTİHAM…

44 günlük Qarabağ savaşı haqda haqlı-haqsız müxtəlif fikirlər səslənir. Bu sırada xüsusi qıcıq doğuran məqamlardan biri də qazanılan zəfərdə Azərbaycan ordusunun zəhmətini heçə endirməkdir.  “Tərtər işi”ndən də ilhamlanan bu qüvvələr qələbəni bütövlükdə xarici təsirlərə bağlamaqdan belə çəkinmirlər.

Hazırda ölkədən kənarda olan keçmiş hərbçi Isa Sadıqovun “Bizim generallara qalsaydı yenə məğlub olacaqdıq, yaxşı ki türklər gəldi bizi bundan xilas etdi” fikri də eyni mənbədən qaynaqlanır.
Müstəqil.Az məsələ ilə bağlı II Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan kapitan, VHP sədrinin müavini  Nəsimi Şərəfxanlının Moderator.az-a münasibətini təqdim edir:
O qeyd edib ki, II Qarabağ savaşı ilə bağlı  Azərbaycan Silahlı Qüvvələrinin imicinə  azacıq belə kölgə salacaq fikir söyləmək yüngül desək, vicdansızlıqdır:
“Bu savaş Azərbaycan xalqının 7-dən 77-yə, süpürgəçisindən prezidentinə qədər bir yumruq olduğu və qalib gəldiyi savaşdır. 44 günlük döyüşlərdə Azərbaycan ordusu bütün dünyaya qəhrəmanlıq və vətəndən vazkeçilməzlık örnəyi göstərdi. Tək Şuşa əməliyyatı bəs edər ki, bundan yüz il sonra da dünya hərb tarixində Azərbaycan ordusunun zəfəri öyrənilsin”.
İttihamlar sırasında yüksəkçinli Azərbaycan hərbçilərinin olmasına, “bizim generallara qalsaydı” fikrinə gəldikdə isə N.Şərəfxanlı bildirdi ki, II Qarabağ savaşı əsgərlə generalın bir səngərdə durduğu savaş olub:
“Mən Cəbrayıl və Qubadlıda korpus komandiri, general Mais Barxudarovun və onlarla yüksək çinli zabitimizin açıq  atəş altında əsgərlərlə birgə, qəhrəmancasına döyüşdüyünün şahidi olmuşam. Bu istiqamətdə döyüşlərdə iştirak edənlər korpus komandirinin müavini, milli qəhrəman Şükür Həmidovun şəhidliyi və döyüşündən xəbərdardır. Hikmət Həsənov, Tehran Mənsimov, Hikmət Mirzəyev kimi bu savaşda tarix yazan general və polkovniklərimiz var.  Azərbaycan ordusu Polad Həşimov kimi general zirvəsinə sahibdir. Bütün bunların müqabilində belə fikirlər səsləndirmək ya məlumatsızlıq, ya da qərəzlilik əlamətidir”.
Qarabağ veteranı savaşda qazanılan qələbəyə “türklər olmasaydı” fikrinə də münasibət bildirib. O deyib ki, azad edilən bütün ərazilərdə Azərbaycan əsgəri döyüşüb:
“Bəli, Türkiyənin, Israilin və digər ölkələrin müasir silahları bu savaşda mühüm rol oynayıb. Bunu danmaq olmaz. Amma onu da unutmaq olmaz ki, bu silahlara dövlətin iqtisadi gücü ilə sahib olmuşuq. Təlim keçən kənar ölkə zabitlərinin əməkhaqqı da bu dövlətin potensialı hesabına ödənilib. Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı”.
Müstəqil.Az
Share: