Azərbaycan və Qırğızıstan XİN başçıları Moskvada görüşüblər

Bu gün Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.  

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Müstəqil.Az -a verilən xəbərə görə, nazirlər Azərbaycan və Qırğızıstan arasında mövcud olan ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Əməkdaşlıq münasibətlərinin inkişafı baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivlərini müzakirə edərək bu xüsusda, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən Müharibəsinin nəticələri, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini ifadə ediblər.

Görüşdə, həmçinin Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının davam etdirilməsinin və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.

Müstəqil.Az 

Share: