Harın ərəblər Azərbaycanda nadir quşları ovladılar, diri göyərçinləri tutub şahinlərə yem elədilər

Bir neçə gündür ki, sosial şəbəkələrdə harın ərəb turistlərin Azərbaycanın təbiət qoruqlarında ov etməsi, nadir quşları ovlaması, diri quşları öz ov şahinlərinə yem etməsi barədə görüntülər dolaşır.

Müstəqil.Az xəbər verir ki, Azərbaycanın təbiət qoruqlarında ov ovlayan, quş quşlayan bu harın ərəblərə gözün üstə qaşın var deyən tapılmırdı.

Son görüntülərdə ərəblər  Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

Bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun  Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nəhayət qalmaqala reaksiya veriblər,  həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.

 

“Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda  yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb”. 

Xidmətin rəisi Hikmət Əlizadə “Qafqazinfo”ya bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və  təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Lakin sosial şəbəkələrdə yazılanlara görə həmin ərəblər hansısa yüksək rütbəli məmurun şəxsi qonaqlarıdır və onların təbiət qoruqlarında ova çıxmaq kimi imtiyazları var. Bu məlumatların nə dərəcədə doğru olduğu məlum deyil, ancaq birinci dəfə deyil ki, varlı və harın ərəblər Azərbaycanın təbiət qoruqlarında istədikləri kimi ov edib görüntülərini sosial şəbəkələrdə paylaşırlar. Belə hallar ötən illərdə də baş verib.

Müstəqil.Az

Share: