“BTQ-nin açılışı XXI əsrin qələbəsidir”

“Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq aləmdəki geosiyasi mövqeyinin nə qədər möhkəmləndiyini bir daha göstərdi”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, bu layihə Azərbaycanın Avropaya və “İpək yolu”na çıxışını təmin edən əsas vasitələrdən biridir:

“BTQ-nin açılışı möhtəşəm və tarixi hadisədir. Bu, XXI əsrin qələbəsidir”.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Share: