Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Teymur Rəcəbovdan heç-heçə

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə yekun vurulub.

Müstəqil.Az  xatırladır ki, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Magnus Carlsen Invitational” adlanan turnirə uğurlu start veriblər.

Belə ki, ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.

Teymur Rəcəbov ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. Son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.

İlk beş turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xala malik Teymur isə əlavə əmsallara görə 6-cıdır.

Qeyd edək ki, növbəti 5 turun oyunları martın 14-də keçiriləcək.

**00:14

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilən “Meltvater” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Müstəqil.Az  bildirir ki, turnirin 4-cü turunda baş tutan qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, şahmatçımızın birinci turda Niderland təmsilçisi Aniş Giri, daha sonra argentinalı Alan Piçot və üçüncü turda amerikalı Uesli So ilə qarşılaşmaları da heç-heçə ilə nəticələnib. Təmsilçimiz bu günün son oyununda rusiyalı Daniil Dubovla qarşılaşacaq.

Turnirdə mübarizə aparan digər şahmatçımız Şəhriyar Məmmədyarov isə birinci turda ermənistanlı Levon Aronyan üzərində inamlı qələbə qazanıb. Daha sonra rusiyalı Daniil Dubov, amerikalı Hikaru Nakamura ilə heç-heçə edən şahmatçımız niderlandlı Yorden Van Forestə də qalib gəlib. Beşinci turda onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

**21:36(13.03.2021)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi olan “Meltvater” turnirinə start verilib.

Müstəqil.Az   bildirir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov birinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya nümayəndəsi Daniil Dubov olacaq.

Digər şahmatçımız Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. O, növbəti görüşdə argentinalı Alan Piçota qarşı mübarizə aparacaq.

Xatırladaq ki, yanvarın əvvəlində Champions Chess Tour-un ikinci turnirinin finalında Teymur da Aronyan üzərində parlaq qələbə qazanmışdı.

Onu da qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Müstəqil.Az 

Share:

Author: Müstəqil AZ