Qadınların düşməni qadınlardır – Seymur Baycan feministləri tənqid etdi

Ötən il məlum aksiyada “Kimə istəsəm verərəm” məzmunlu plakat qaldırmaqla feministlər özlərinə çox ağır zərbə vurdular. Feministlər o məşhur və məşum plakatla özlərinə elə bir zərbə vurdular ki, heç yüz min adam bir yerə yığışıb, sözü bir yerə qoysaydılar, onlara elə ağır zərbə vura bilməzdilər. O plakat xeyli adamda ikrah hissi oyatdı, xeyli adamı qorxutdu, xeyli adamı diksindirdi. Xeyli adamda müəyyən mənada haqlı olaraq (təbii ki, onların pəncərəsindən baxanda) belə bir fikir, belə bir təəssürat yarandı: bir dəstə əxlaqsız, tərbiyəsiz adam bizim ailə dəyərlərimizi dağıtmaq, qızlarımızı pis, pozğun yola çəkmək istəyir.

O plakatı qaldırmaqla feministlər cəmiyyətin aktiv, savadlı, yeniliklərə nisbətən açıq, siyasiləşmiş, etirazçı təbəqəsinin də rəğbətindən, dəstəyindən özlərini ciddi şəkildə məhrum etdilər. Halbuki cəmiyyətin aktiv, savadlı, yeniliklərə nisbətən açıq, siyasiləşmiş, etirazçı təbəqəsinin rəğbətini, dəstəyini qazanmaq feministlər üçün hava-su kimi vacib idi və hərəkətlərində, davranışlarında nizam-intizamlı olsaydılar bu vacib rəğbəti, bu vacib dəstəyı asanlıqla qazana bilərdilər. O plakatın qaldırılmasına göstərilən reaksiyalar bir daha sübut etdi ki, heç bir hərəkatın, heç bir cərəyanın, heç bir ideyanın, heç bir İZM-in üzünü olduğu kimi köçürmək olmaz. Hər hansı ideyanı, cərəyanı, hərəkatı, İZM-i ölkəyə gətirəndə, yerli şərtlər, coğrafiya, tarixi ənənələr, bu qəbildən olan digər vacib amillər mütləq və mütləq nəzərə alınmalıdır. Qabırğası, dərisi standartlardan qat-qat qalın olan, kütbeyin zatlar üçün bir daha təkrar, özü də bu dəfə böyük həriflərlə yazmağa məcburuq: HEÇ BİR HƏRƏKATIN, HEÇ BİR CƏRƏYANIN, İDEYANIN, HEÇ BİR İZM-in ÜZÜNÜ OLDUĞU KİMİ KÖÇÜRMƏK OLMAZ.

Çörçil deyirdi ki, sözü necə demək çox vacib şərtdir. İlk baxışdan Çörçilin bu sözü adama çox bəsit söz kimi görünür, amma azacıq diqqətlə yanaşsaq, azacıq diqqətlə baxsaq, bu sözün nüvəsində nə qədər dərin mənaların, nə qədər dərin mətləblərin yatdığını görərik. Zatən, dahilik elə sadəlikdədir. Çörçilin nə demək istədiyinə aydınlıq gətirmək üçün adi, sadədən də sadə misal çəkək. Bir adama desən ki, qardaş, bəy, əmioğlu, qalxmağa, tərpənməyə halım yoxdur, Allah xətrinə, oradan zəhmət olmasa mənə bir stəkan su ver, adam sənə canla-başla su da verər, hələ bir üstəlik böyük ehtimalla halınla, vəziyyətinlə də maraqlanar, bir kömək lazım olub-olmadığını da soruşar. Amma bir adama desən ki, ayə, ay gədə, ay uşaq, ay bambılı, ay çmo, tez ol, əlim-ayağım dəyməmiş, oradan mənə bir stəkan su ver, adam ən yaxşı halda əlinə keçəni qaldırıb sənin təpənə çırpar, nəslini-nəcabətini də söyüb-biabır edər. Eyni şeyi istəyirsən, sadəcə sözün deyiliş forması, deyiliş tərzi fərqli olduğuna görə qarşı tərəfin də deyilişə, tərzə uyğun olaraq, bu istəyə reaksiyası, əlbəttə fərqli olacaq.

O məşhur və məşum plakatın qaldırılması kimə, nəyə lazım idi? İllərlə şəxsən tanıdığım, kifayət qədər yeniliklərə açıq neçə-neçə adam o plakatın məzmununa, o plakatın qaldırılmasına qarşı sərt reaksiyalarını bildirdilər. İllərlə şəxsən tanıdığım neçə-neçə normal düşüncəli qələm adamı o plakatın məzmunu, o plakatı qaldıranlar barədə sərt yazılar yazdılar. Əgər hətta yeniliklərə açıq adamlarda o plakatın qaldırılması ciddi narazılıq oyatdısa, cəmiyyətin mühafizəkar təbəqəsinin o plakatı qaldıranlar haqqında nələr düşünə biləcəyini təsəvvür etmək çox da böyük ağıl tələb eləmir. Adamın üstündə Allah var, deyir ağlayanda imam üçün də ağla, yezid üçün də: orta statistik Məlik, Nəzakət, Dadaş, Pəri, Vəli, Gülnaz, Nurəddin və digərləri o plakatı qaldıranlar haqqında nələr düşünə bilərlər, nələr düşünməlidirlər? Aydın məsələdir ki, mühafizəkar təbəqənin nümayəndələri o plakatı görəndə öz dəyərlərindən, öz həyat fəlsəfələrindən daha bərk yapışacaqlar. Vəssalam, daha sən onların feministlər haqqında fikirlərini dəyişə, mövqelərini yumşalda bilməzsən. Bir qotur dana bütün naxırı korladığı kimi yersiz, heç kimə lazım olmayan bir plakat da aləmi bir-birinə qatdı. Bu məsələnin birinci tərəfi.

İkincisi, Azərbaycan camaatının özünü yatmışlığa vurmasına, bir çox məsələlərdə laqeydlik, məsuliyyətsizlik, qorxaqlıq nümayiş etdirməsinə çox da aldanmayın. Camaat nəyin nə, kimin kim olduğunu yaxşı bilir. Qadın-kişi bərabərliyi, qadın hüquqları, qadınlara qarşı şiddət, azlıqların müdafiəsi kimi mövzuları, söhbətləri əllərində bayraq edib özünə gün-güzaran qurmaq; karyera, pul qazanmaq istəyən (buna nail olan), fürsətcil, mənfəətpərəst, atdığı hər addımda, dediyi hər sözdə ancaq fayda güdən adamların sayı da heç də az deyil. Belələrini qadınlara qarşı şiddət-middət zad bir qram da narahat etmir, sadəcə və sadəcə özlərinə gün-güzaran qurmaq, karyera, pul qazanmaq istəyirlər. Fürsətcil, mənfəətpərəst, atdığı hər addımda, dediyi hər sözdə ancaq fayda güdən adamların qadınlara qarşı şiddət, qadın-kişi bərabərliyi, qadın hüquqları kimi həssas mövzuları əllərində bayraq edərək karyera, pul qazanmaq istəkləri də öz növbəsində “xiyarın əyri bitməsi prosesinə” təbiri caizsə, nə qədər lazımdırsa və necə lazımdırsa töhfəsini verir. Camaat çörəyi qulağına yemir. Hər bir məsələdə niyyət və səmimiyyət olduqca vacib şərtdir.

Üçüncüsü, qadınların hüquqlarını qorumaq istəyən adamlar zəhmət çəkib söhbətə qadınların özlərindən başlasalar, mövzuya qadınların özlərindən girsələr, daha məqbul, daha düzgün addım atmış olarlar. Qadınlara ən çox zülm edən elə qadınların özləridir. Hər şeydən əvvəl qaynana, baldız problemini həll etmək lazımdır. Qaynanaların, baldızların dağıtdığı ailələrin sayı hesabı yoxdur. Hərçənd, şeytan detallarda gizlənsə də vaxtınızı və enerjinizi alıb burada detallara girmək istəmirəm. Burada detallara girsək, mövzunun ucundan tutub, ucuzluğa getsək, dəryalar mürəkkəb, meşələr qələm olsa, yenə də dərdimizi yazıb qurtara bilməyəcəyik. Siz elə hesab edin ki, nə lazımdırsa hamısını yazdım.

Dördüncüsü, dərindən götürsək problem siyasi problemdir. Azərbaycanda kişilərin hüquqları qadınların hüquqlarından heç də az pozulmur. Hələ hesab-dəftərə vursaq görərik ki, kişilərin hüquqları qadınların hüquqlarından daha çox pozulur və kişi cinsinə mənsub olaraq Azərbaycanda yaşamaq daha çətindir. Xülaseyi-kəlam, hamımız bir gəmidəyik… /azlogos.eu/

Share: