“Unutmadıq, Şəhidim!” adlı kitab şəhid ailələrinə təhvil verildi – FOTO

 
Bir neçə il öncə başladığım layihəmin qarşılaşdığı maddi problemlərə görə, layihəmi ürəyim istədiyi kimi geniş təbliğ edə bilməsəm də, min bir zülümlə də olsa, kitabı nəşr etdirib şəhid ailələrinə paylamağı qarşıma məqsəd qoymuşdum. Çox şükürlər olsun ki, 2020-ci il iyulun 15-i “Unutmadıq, şəhidim!” adlı kitabımın birinci cildi çapdan çıxdı.
Lakin bu dəfə də səhhətimdə yaranan problemlərə görə kitabların şəhid ailələrinə təhvil verilməsi gecikdi. Səhhətimdəki problemlər tam olaraq aradan qalxmasa da, artıq bir neçə şəhid ailəsini ziyarət edərək, əmanətlərini təhvil vermişəm.
Kitabda şəhid Murad Məmmədov, şəhid Elvin Namazov, şəhid Akif Abbasov, şəhid İldırım Nuruyev, şəhid Səyavuş Nəsirov, şəhid İlqar Muradov, şəhid Rəşad Cəfərzadə, şəhid Nurəddin Mirzəyev, şəhid Şakir Cəfərov, şəhid Vüqar Yusifov, şəhid Nicat İsgəndərov, şəhid Rəşid Bəxşəliyev, şəhid Nəcməddin Savalanov, şəhid Təyyar Ağayev, şəhid Qalib Zülfüqarlı, şəhid Xanoğlan Xəlilov, şəhid Tural Haşımlı, şəhid Asim Rəfiyev, şəhid Cabbarxan Hacıağayev, şəhid Nəriman Əliyev, şəhid Toğrul Məmmədov, şəhid Şahin Cavadzadə, şəhid Fəxrəddin Qurbanlı, şəhid Anar Əsgərli, şəhid Emin Bağırov, şəhid Mehman Qafarov, şəhid Əhməd Abdullayev, şəhid Tapdıq Babaşov, şəhid İlqar Abbasov, şəhid Əziz Abdullayev, şəhid İnqilab Quliyev, şəhid Ravil Novruzov, şəhid Rahib Quliyev, şəhid Kamran Şirəliyev, şəhid Sarvan Məmmədov, şəhid Əbdülməcid Axundov, şəhid Şahmərdan Abdullayev, şəhid Elvin Mirzəyev, şəhid Nihad Soltanov, şəhid Ülvi Bünyadzadə, şəhid Vüqar Yarməmmədov, şəhid Orxan Həmidov, şəhid Sərxan Bayramov, şəhid Sənan Hacıyev, şəhid Rasim Məmmədov, şəhid Ənvər Fərəcov, şəhid Eldar Tağızadə haqqında yazılarım və müxtəlif şairlərin şəhidlərimiz haqqında şeirləri yer alıb. Bəzi bölgələrə maddi sıxıntılara görə gedə bilmədiyim üçün Ağcabədi rayonundan olan şəhidimiz Akif Abbasovun ailəsinə kitabı poçtla göndərmişəm. Cəlilabad rayonundan olan şəhidimiz Şakir Cəfərovun ailəsinə isə kitabı qardaşı oğlu gənc yazar Səbahəddin Məmmədov məndən götürərək təhvil verib. Şəmkirin Seydlər kəndindən olan şəhidimiz Xanoğlan Xəlilovun bacısı bizə gələrək əmanəti çatdıracağına söz verərək, kitabları məndən təhvil götürüb. Bakıdan olan şəhidimiz Fəxrəddin Qurbanlının kitabını ailəsi götürsə də, yaxın günlərdə ailəni ziyarət edib, şəhidimizin xatirələri ilə yaxından tanış olmaq niyyətim var. Honubadan olan şəhidimiz Nurəddin Mirzəyevin də yaxın qohumu əmanəti məndən götürərək şəhidimizin ailəsinə çatdıracağına söz vermişdir. Fevralın beşində isə mən özüm Sumqayıt şəhərində yaşayan şəhid ailələrini ziyarət edərək kitabları və şəhidlərimiz haqqında yazılarımın dərc olunduğu qəzetləri onlara təqdim etmişəm. İlk olaraq getdiyim ailə Polkovnik-Leytenant Vüqar Yusifovun ailəsi olub. Məni şəhidimizin həyat yoldaşı Lalə xanım qarşıladı. Çay süfrəsində Polkovnik-Leytenant Vüqar Yusifov haqqında xeyli söhbət etdik. Təsadüfən öyrəndim ki, şəhidimizin atası da rayondan təzəcə gəlib. Onunla tanış olmaq da mənə nəsib oldu. Gözəl övladları ilə də söhbətdən sonra ailə ilə sağollaşıb üz tutdum Sumqayıt şəhər Mədəniyyət idarəsinə. Orada məni şəhidimiz Əbdülməcid Axundovun anası Ceyran xanım gözləyirdi. Baş tutan səmimi görüşümüz zamanı kitabı imzalı istəyən xanımın sözünü yerə salmadan, qələmimi çıxarıb kitabı imzalayıram. Çox keçmir ki, şəhid Murad Məmmədovun atası Vaqif əmi məni elə oradaca qarşılayıb evlərinə aparır. Qapıda yolumu gözləyən Sevil ana elə bil doğma balasına sarılan kimi məni bərk-bərk qucaqlayıb, bağrına basır. Göz yaşlarını saxlaya bilməyən ana, balasını, gözünün ağı-qarasını unutmadığımız üçün o qədər dua edir ki…
Kitabı evdə Murada həsr olunmuş güşəyə yerləşdirib, yanımda əyləşir. Gözlərinin dərinliyində qaysaq bağlamayan yarasını görürəm. Ürəyim parçalanır. Pəncərədən mavi səmanın qara örpəyini başına çəkdiyi görsənir və mən yavaş-yavaş daha bir şəhid ailəsi ilə sağollaşıb evimizin yolunu tuturam.
 
Esmira Günəş
Müstəqil.Az
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Share: