Mən valideynəm – Kamal Səlimov

Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.

Özünə inam dediyimiz şey nədir?

Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir.

Nə üçün özünə inamın olması bu qədər önəmlidir?
Çünki özünə inam sayəsində insanlar özlərini və edəbiləcəklərini kəşf edirlər, yalnız başqalarının  nələrsə edəbiləcəyi düşüncəsindən  uzaqlaşır və öz qərarlarını həyata keçirmək üçün mücadilə edirlər. Əks təqdirdə isə  öz düşüncələrini ifadə etmədən başqalarının göstərişi altında ömürlərini keçirərlər və heç bir zaman özlərini tanıma fürsəti əldə etməzlər.

Nələr edə bilərsiniz?

Uşağınızda özünə inamın formalaşmasının qarşısını alan ən böyük qüsur onu başqa birisiylə müqayisə etməkdir. Əsla uşağınızı bir başqasıyla, xüsusilə də, qardaşı (bacısı) ilə müqayisə etməyin;

Övladınızın potensialını anlamağa çalışın və onu edə bilməyəcəyi işlərə təhrik etməyin;

Onun elədiyi yaxşı işləri təqdir edin və onu mükafatlandırın;

Övladınızla yaxşı bir münasibət qurmağa çalışın və özünə inam problemi hiss etdiyiniz anlarda ona dəstək olun;

Ona müxtəlif tapşırıqlar verin.Məsələn, birlikdə maşın yumaq, yemək süfrəsini hazırlamaq uşağınız üçün özünə inamı inkişaf etdirəcək fəaliyyətlər ola bilər. Bu fəaliyyətlərdən sonra onu təqdir edən sözlər söyləməyi unutmayın;

Övladınızla birlikdə edəcəyiniz hər bir fəaliyyəti ona danışın. Ondan fikrini soruşduğunuzda o, həm ona verdiyiniz dəyəri anlayacaq, həm də özünü ifadə edə bilməyi öyrənəcəkdir;

Övladınızın səhvləri haqqında heçkimin danışmayın. Bu davranışınızla uşağınızı təhqir etməklə qalmır, həm də onun sizə olan inamını da itirmiş olacaqsınız.

Kamal Səlimov

 

Share: