MÜQƏDDƏS MUZEYƏ ÇEVİRMƏDİYİMİZ GƏMİLƏR – Kəmalə Abıyeva

Vətən sevgisi sözə gəlməz. “Sevirəm” kəlməsi ilə ifadə olunmaz. Vətən ağrısını yaşamaq qədər çətin heç bir duyğu olmaz. Vətənə “Dərdinə şərikəm” təsəllisi yersiz olar.
Vətən sevgisindən baş açmazsan…Doymazsan bu sevgidən…

Həsrətim bircə damcı azalardı,
həsrətim bircə damcı az olardı,
bircə damcı doya bilsəydim səndən, Vətən.

Ötən əsrin 80-ci illərində yamışam bu şeiri. Torpağımı sevirəm. Araz içimi yandırıb,Təbriz gözümün nisgili, İrəvan, Zəngəzur, Vedibasar başımın ağrısı,…olub. Bəzən bir küçəyə, bir ağaca illərin həsrətlisi kimi baxıb ağlamışam. Mənim də çətinliklərim olub və var. Haqsızlıqlarla üzləşirəm hələ də. Amma heç vaxt başqa bir ölkədə yaşamaq ağlımdan keçməyib. Mənim üçün mümkünsüzdü. Yəqin Vətəni sevənlər hamısı belədi.
Vətəni qoruyanlar, ölümə gedənlər onlardı.

1988 – ci il hadisələrində onları gördüm. Azərbaycanı uğruna ölümə hazır olanları gördüm. Hamısının üzündə, gözündə “Vətən azadlığı” həsrəti vardı.
20 yanvar təsadüf deyildi ki… İllərlə Azərbaycan bütövlüyü daşıyan insanlar meydanlarda, küçələrdə idi. Güclü SSRİ xalqın iradəsi önündə aciz qalmışdı. Xalqın mübarizə əzmini qırmalı idi.

1990 – cı ilin yanvarı… İndi də varlığımdan bir ağrı keçir. Şəhərin müxtəlif yerlərində toplaşırdı minlərlə insan. “Ordu şəhərə hücum edəcək” ifadəsi dolaşırdı. Şaiə kimi baxanlar, inanmayanlar, inananlar da vardı… Hamı bir – birini inandırmağa çalışır, hamı bir – birinə inanır, hamı bir – birinin əlindən tuturdu…
19-u gecə də belə idi. ”Qurd qapısı”, “Salyanski kazarma”, “Qızıl Ordu” deyilən yerlərdə toplananlar çoxdu. Mən də fırfıra kimi dolanırdım. İnsanlar axınla gəlib-gedirdi, yüzlərlə adam gecələyirdi. Bir uşaqlıq rəfiqəm var Nüşabə Bədəlzadə. Mübariz xanımdı. Həmin gecə indiki 20 yanvar meydanında onunla rastlaşdıq. Bir-birimizə sarılıb ağladıq. Əslində hamı bir-birinə sarılır, gülüb-ağlayırdı o günlərdə.
“Dağılın, evlərinizə gedin. Ordu gələcək, atəş açacaq” kimi çağırışlara qulaq verən çox az idi. Hamı Azərbaycanı düşünürdü. Paralanmış Vətənin cənub, qərb ağrıları ilə yaşayan, sərhəd məftillərini sökən xalq güllə qabağında dayanmağa hazır idi.

Və tanklar şəhərə girdi. Paytaxtımıza – göz bəbəyimizə xəyanət etdilər. Vətən dediyimiz, Ana dediyimiz dövlət bizi ölümə məhkum etmişdi. Heykəl ucaltdığımız, gücünə – qüdrətinə şeirlər yazdığımız “Qızıl Ordu”nun tankları üstümüzə yeridi. Dəhşət idi. Şəhərin səhəri daha dəhşətli idi…
Qanlı yanvar gecəsi, o dövrün hadisələri haqqında çox yazılıb.

19-da tankların qabağına çıxmağa hazır olan əliyalın insanlar hələ də gözümün qarşısındadı. Tankların, yan – yörəmdən uçan güllələrin səsi hələ də qulağımda.

Bir də fit səslərini unutmuram. Dənizdə ki mülkü gəmilərin fit səslərini.

 

 

 

Dünya ilə əlaqə kəsilmişdi. Dənizçilər şəhərdəki qırğına, bu qırğının qurbanlarının dənizə töküləcəyinə etiraz olaraq haray salırdı. Gəmilərin ötürdüyü SOS siqnalları ilə dünya başımıza gələnlərdən xəbər tuturdu. Xəzər Dəniz Donanmasının dənizçiləri bütün təhdidlərə, təhlükələrə baxmayaraq şəhəri qoruyurdu.

Yasamalda 5-ci mərtəbədəydi mənzilim. İndiki kimi yerli-yersiz tikilən hündür binalar yoxdu onda. Pəncərəmdən dəniz görünürdü. Hər gün, hər gecə bu gəmilərin səslərinə qarışırdım. Fit səslərini eşitməyəndə də, eşidəndə də dəhşət basırdı adamı. Ölüm dəhşəti. Başını divara çırpmaq istəyirdin. Cürbəcür fikirlər dolaşırdı şəhərdə: Dənizçilərə işgəncə verirlər…Beşini öldürüblər…10 nəfəri dənizə atıblar… Güllələyiblər…

Həqiqəti bilən yoxdu… Sadəcə ah-nalə, göz yaşları Xəzərə qarışırdı. Xəzər Bakının gözündə donub qalan göz yaşına oxşayırdı…Ya mənə elə gəlirdi. Çox sevdiyim Xəzərə baxmaqdan qorxurdum. “Dənizçilərimizi neynədin, Xəzər” deyə pıçıldayırdım.
Dənizçilərin möhtəşəm duruşundan, igidliklərindən çoxumuzun xəbəri yoxdu.

1990 – cı il yanvarın 19 – dan 20 –sinə keçən gecədən, sonra başımıza gələnlərdən gəmilər “danışırdı” o günlərdə. Biz də onlardan danışırdıq. Həm harayımızı dünyaya çatdıran, həm də şəhəri dənizdən gözlənlən hücumdan qoruyan dənizçilərin “Sabit Orucov” gəmisində qərargah yaratmağından, “Kapitanlar şurası”ndan, onların verdiyi qərarlardan xəbərsiz idik çoxumuz. Onlar haqda hamı danışırdı, həm də kimsə dəqiq heç nə bilmirdi. Bir də hamımız onlarla fəxr edirdik.

Yanvarın 19 – da sovet hərbi gəmilərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən də xəbərmiz yoxdu.

Biz hadisələri sonra öyrənəcəkdik. Baş verən həqiqətlərdən zamanla xəbərimiz olacaqdı. Onlarla sonralar tanış olacaqdıq.

Mənim yaddaşıma, ürəyimə hopub qalıb 20 yanvar hadisələrində Dənizçilərin də ayrıca qəhrəmanlıq dastanı var.

KİV – lərdən, TV verilişlərindən az da olsa, Xəzər Dəniz Donanmasının rəşadətli mübarizə həqiqətini öyrəndik zamanla. Bəzi dənizçilərimizi tanıdıq. 100- dən artıq böyük və onlarla kiçik gəmilərin fit səslərinin həqiqətini eşitdik.

Tariximizə xalqın möhtəşəmliyini yazan gəmilərin kapitanlarından biri Kərəm Məmmədovun müsahibəsində oxumuşam: Dənizçilərin göstərdikləri rəşadət dünyanın hansı ölkəsində olsaydı, bütün dünya qəhrəmanlıqlarından danışardı. Bizdə dəli bir susqunluq var. Hətta ölkə əhalisinin bəzi kəsimləri bu mübarizədən xəbərsizdi. Dünyanın hansı donanmasının bir gəmisinə 3600 mərmi dəysəydi, o gəmi bütün dünyanın ziyarət etdiyi müqəddəs muzeyə çevrilərdi, amma bizim bəzi özünübilməzlər tez-tələsik gəmini doğrayıb metalloma çevirib həzmi – rabedən keçirdilər” ( 2017,19 yanvar,STRATEQ.AZ). Qəhrəman haqlıdır. Təəssüfki haqlıdır.

Qaynar Qazan”da Kərəm Məmmədov: Dənizçi Kərəm Məmmədov 20 yanvardan danışır:

 

 

O vaxtkı dövlətin başçısı Mixail Qorbaçova tələbnamə göndərmişdi dənizçilər. Bu cəsarət gülləbəran edildi. Gəmilərdə yüzlərlə güllə, mərmi izləri vardı. Buxtaya yan almağa məcbur qalan gəmilərin onlarla dənizçisi həbs edildi, Orenburq, Ulyanovsk şəhər həbsxanalarına göndərildi, işgəncələrə məruz qaldı.
Orenburq həbsxanasına göndərilənlərdən biri də O idi. Yazıda adını çəkməsəm olmaz. Sonralar da yalnız imzasını tanıdığım: Faiq Balabəyli ilə AYB – də təqdimatların birində tanış olduq.

İnam dolu səsi, çevikliyi, səmimiyyəti ilə seçilir Faiq bəy. Bir də həmişə üzündə təbəssüm var. Lap çətinliyi olsa da, kimsəni yükləməz. Bir də çoxlarında olmayan xüsusiyyəti var: Adamın özünə – sözünə dəyər verir. Vəzifəsinə, puluna, təltiflərinə yox. Dənizçi olduğunu, 20 yanvar hadisələrinin iştirakçısı olduğunu biləndə heyrətimi saxlamadım: Siz qəhrəmansınız! Güldü.

Mən isə çox ciddi düşünürəm ki, o günün iştirakçıları olan, hələ Sovet dövlətinin mövcud olduğu bir zamanda Hərbi flotun əmrlərinə qarşı çıxan, həbslə, güllələnməklə təhdid olunan dənizçilərimiz hər cür təşəkkürə, tərifə, təltifə layiqdirlər. Ona görə tez – tez Faiq Balabəyliyə deyirəm ki, siz qəhrəmansınız! Şair çoxdu. Yaxşı şair də az deyil. Amma Faiq kimi qəhrəman yaxşı şair azdı.
Ümumiyyətlə, o günlərin ağrı –acısını yaşasam da, 20 yanvar mənim üçün Məğrurluq günüdür. Qürurumuz – Birliyimizə inamdır.
Sakitcə yola saldığımız möhtəşəm Qələbə ili olan 2020 – ci il kimi.

 

 

KAMALƏ ABİYEVA

(qadinkimi.com)

 

Share:

Author: admin