Vətəni səsiylə gəzir Ağalar… – Ramiz Qusarçaylı Ağalar Bayramov haqqında yazır

Müstəqil.az tanınmış şair Ramiz Qusarçaylının bu gün doğum gününü qeyd edən respublikanın əməkdar artisti Ağalar Bayramova aid sosial şəbəkədə yazdığı təbrik məktubunu təqdim edir:
Bu gün bədii qiraət sənətinin bənzərsiz nümayəndələrindən biri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının dosenti,respublikanın əməkdar artisti Ağalar Bayramovun doğum günüdür.
Yanıqlı və ürəyəyatımlı səsilə sözün şəklini çəkə-çəkə əzəmət və qüdrətini pərdə-pərdə açaraq neçə-neçə ədəbi dühanın nəfəsinə yeni nəfəs qatan,xalq tərəfindən sevilərək “Xalqın artisti” kimi ölməzlik qazanan görkəmli sənətkarı,əziz dostum və qardaşım Ağaları ürəkdən təbrik edirəm, səsini,nəfəsini Allah qorusun,deyirəm!
P.S. Ağalar Bayramova həsr etdiyim şeirlərdən birini və məqaləmi paylaşıram.
Səs
Orda, uzaqlarda bir səs hönkürür,
Uçunur tarixin ləngər yerləri.
O səsin içindən vulkan püskürür,
Kükrəyir, qaynayır səngər yerləri…
Çəkir ciyərinə Göy həzin-həzin,
O səsə dağların ahı qarışıb.
Bir az Mübarizin, bir az Çingizin
Bir az da Əlifin ruhu qarışıb…
Qisas ümidimi kölgələyəndə
O səsin rənginə çəkilirəm mən.
O səs ürəyimi silkələyəndə
Qopub misra-misra tökülürəm mən.
O səs gah dərəyə,gah dağa dönür,
Neçə yol qaldırıb endirir məni.
Qələmim, kağızım qınağa dönür,-
O səs ön cəbhəyə göndərir məni.
Gözləyə-gözləyə qalıb gözlərim,
Güllü dan yerinə qan yükləyirəm.
O səsə çəkirəm ovxar sözləri
Səbrimi o səslə körükləyirəm…
O səslə alışıb yanan könlümü,
O səsə çırpılıb sınan könlümü
Təzədən o səslə sarıyacağam,-
Təzədən o səsə bükəcəyəm mən.
Adı taleyimə yazılıb, ancaq,-
Öləndə gözümə çəkəcəyəm mən…
***
Vətəni səsiylə gəzir Ağalar
Hər bir xalqın qəhrəmanlıq salnamələrini, döyüş səhnələrini və şəhidlərin taleyini ilahi yazılarla üzündə əks etdirən Vətən mövzusu istər mənzum, istərsə də hikmətamiz nəql formasında dillər əzbərinə çevrilmiş, yaddaşlara həkk olunmuşdur. Klassik şairlərin yaradıcılığından tutmuş müasir qələm ustalarının yaratdıqları ədəbi nümunələrədək ana xətti təşkil edən bu mövzuda Vətən uğrunda aparılan mücadilələrlə yanaşı döğma yurdun əsrarəngiz gözəllikləri, quşqonmaz zirvələri, nəhəng və sıldırım qayaları, al-əlvan yamacları, bumbuz bulaqları, ağzında daşlar oynayan dağ çayları, dil-dil ötən quşları da təsvir və tərənnüm olunmuş, hər bir xalqın özünəməxsus xarakterinə uyğun marş və himnlərinə çevrilmişdir.
La imagen puede contener: 2 personas, incluido Ramiz Qusarçaylı, personas sentadas y traje
Bu poetik söz ləngərləri öz mənbəyini aldığı şair ürəyindən süzülüb bədii qiraət ustalarının səsi ilə insanlara ruh verir, sözün əzəmət və qüdrətini pərdə-pərdə açaraq dinləyiciləri riqqətə gətirir, şairin hay-harayını dünyaya çatdırmağa cəhd edir. Bədii qiraətlə könüllər oxşayan böyük Kazım Ziyanın səsində Füzulinin qəzəlləri, Mehdi Məmmədovun ifa ustalığında Şekspirin qəhrəmanları, Əli Zeynalovun ifasında Sabirin satiraları, Səməndər Rzayevin, Həsən Əblucun, Məhluqə Sadıqovanın təqdimatında xalq yaradıcılığı nümunələri, Əminə Yusif qızının, Laləzar Mustafayevanın, İlham Əsgərovun kövrək və həzin səs tembrlərində çağdaş sənətkarlarımızın əsərləri daha qabarıq şəkildə dinləyicilərin ruhunu oxşamış, bədii qiraət sənəti bu sənət adamlarının qabiliyyətləri ilə daha da inkişaf etmişdir.
Belə sənətkarlardan biri də çağdaş aktyorluq sənətinin bənzərsiz nümayəndəsi, səsilə sözün şəklini çəkməyə çalışan, müəyyən mənada buna nail olmağı bacaran qiraət ustası, respublikanın əməkdar artisti Ağalar Bayramovdur.
Səsin çəkdiyi sözün şəkli canlıdı, o öz qan dövranını ədəbi sözün, obrazlı sözün, qüdrətli sözün dopdolu kapilyarlarından dürüst diaqnozla tənzimləyir, xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizə yolları, bu yollarda başımıza gətirilənlər, – döyüş səngərlərindəki şücaətlərlə yanaşı xəyanət cızan qara əməllər, ana-bacılarımızın göz yaşlarından keçən ah-nalələri,- və bu mənzərələri özündə əks etdirən şeir nümunələri Ağalar Bayramovun səsində daha da möhtəşəmlik qazanır, ahəngdar səs axarına yönəlir, səsin cazibəsində sözün şəkli daha təbii formasına düşür. Rəssam səsə malik sənətkarın ifasında çağırış motivli şeirlərdən tutmuş lirik ovqat yaradan ədəbi çırpıntılara kimi hər misra, hər beyt bənzərsiz yaşam qazanır. Bu yaşamın içində sənətkarın xoşbəxtliyi zövq verə bildiyi dinləyicinin könül xoşluğu ilə davamlı təmas yaradır.
Orta təhsilimi Bakıdakı fizika-riyaziyyat təmayüllü internat məktəbində, ali təhsilimi isə Politexnik institutunda aldığımdan fizika və riyaziyyat fənlərinə təkcə dəqiq elmlər kimi deyil, bir həyat fəlsəfəsi kimi və dərin rəğbətim olub. Odur ki, dünyanın ağlı-qaralı gərdişinə, enişli-yoxuşlu dolaylarındakı fiziki proseslərinə və riyazi hesablamalarına nəzər salanda səs tezliklərinin yaratdığı enerji dalğalarındakı rənglərin tilsiminə düşürəm. Bu tilsim yeddi rəngdən ibarət olub, insanın daxili aləminin çalarlarının psixoloji mənzərələrinin səs qatlarını nizamlayır, müfəssəl şəkildə eşitdiyimiz səslərin rəng, gördüyümüz rənglərin isə səs harmoniyasını yaradır.
Səsin rəngini notlara düzmədən, ilmə və naxışlara çəkmədən, muğam dəstgahlarına, operaya, çeşidli ariyalara bələmədən qiraət vasitəsiylə, olduği kimi hədəfə çatdırmaq bacarığı nadir sənətkarlara nəsib olur. Bu baxımdan Ağalar Bayramovun səsindəki rənglərin təcəssümü səs-rəng aspektində bir nişan, ağlı-qaralı nə varsa hər şeyin fonunda bir işıq, səs tezliklərindən əmələ gələn möhtəşəm bir dalğa yaradır. Bu dalğanın çevrələri Çanaqqala şəhidlərinin ölməz fədakarlığından, Xocalı fəryadının qisas gününü gözləyən məqamlarından, Daşaltı döyüşlərinin ağır və acı dərslərindən boylanan dərs yükündən, əsarətdə çırpınan Xarı bülbülün xar olan duruşundan keçir.
20-ci yüzilliyin ən böyük söz adamlarından biri, Türkiyənin istiqlal şairi kimi tanınıb məşhurlaşan Mehmet Akif Ərsoyun “İstiqlal” marşı Ağaların ifasında tarixin uzaq keçmişindən uzun bir yol keçib gələn azman türk oğlunun cəngavərlik salnaməsi kimi çox təbii notlarla ifadə olunur, səslənir. Asiya və Avropanın qovuşan yerində doğulan bu monolit şeir nümunəsi öz içində yaşadığı dövrün qabarma-çəkilmələrini bütün təfərrüatı ilə əks etdirən, türk dünyasının elmi-islami, ozan-qəhrəman, mərd-xeyirxah keyfiyyətlərini, ölməz ruhunu tərənnüm edir:
Dalğalan sən də şafaklar kimi ey şanlı hilal!
Olsun artık tökülən qanlarının həpsi halal.
Ebediyyət sana yok, irkıma yok, izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyyət,
Hakkıdır, Hakka tapan, millətimin istiklal!
Bu əsərin Ağaların dilində səslənişi hardasa dünyaya müjdə verən türk əsrinin möhtəşəm qədəmlərinə qarşı dünyanın bəzi çevrələrindən uzanan qısqanc münasibətləri açıq-aşkar təyin edə bilir, düşmənlərin psixoloji durumunu gözəl açır, ilahi ədalətin izahını gurultulu və şaqraq tərzdə ifadə edir.
Çeçen xalqının döyüşkən ruhunu tərənnüm edən milli marşında igidlər “gecə qurdlar doğanda” dünyaya göz açan, “anasından qartal yuvasında süd əmən”, “savaşı yəhər üstə atalarından öyrənən”, “Ya ölüm, ya Azadlıq!” deyib qayaları sıxaraq su kimi gözünə təpən, canını xalqına, yurduna fəda edən xarakteri təsvir olunur. Bu xarakter şairin hər misrasında sal qaya parçası kimi əyilməz, çökməz, ovulmaz olur, bu qaya parçasının sərtliyindən doğan mətin iradə, yenilməz cəsarət çeçen ordusu kimi son damla qanınadək vuruşmaq keyfiyyətlərini və döyüş əzmini ifadə edir. Bu ifadə möhtəşəm qiraət ustasının sənətkarlığı sayəsində daha da güclənir, təsir dairəsini daha da genişləndirir:
Dəmir dağ qurğuşun tək ərisə başdan-başa,
Yenə qalib gələrik biz ölümə, savaşa,
La ilahə illəllah !
Bəzən mənə elə gəlir ki, Ağaların dilində səslənən Vətən mövzulu şeirlərin əlindən tutub dünyanın soydaşlarımızın səsi, nəfəsi dəyən bütün ərazilərini gəzib dolaşmaq ehtiyacı yaranır. Bu gəzintiyə yaşından, cinsindən və peşəsindən asılı olmayaraq bütün vətənpərvər soydaşlarımızı cəlb etmək gərəkir.
Axı, Vətən!-deyib ötən səsdən boylanaraq bu yurda baxanda Vətən daha da maraqlı görünür, bu marağın içində çox şey yada düşür, çox itkilər göz önündə canlanır, çox yaraların qaysağı qopur!
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi,
Mən ha deyim Vətən birdi
İkidi Araz dilində…
Ağalar heç vaxt söylədiyi şeiri anlatmır, onu dinləyiciyə yaşadır, daha doğrusu, Ağaların səsində şeirin canı, qanı dinləyicinin canına, qanına qarışır. Bütöv yaşantı yaradır.
Səttarxanın Azərbaycan marşı bu qəbildən özünəməxsus yer tutur:
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
Ey Vətənim, qarı düşmən bağrını alqan eylədi,
Soydu rəzalətlə səni, zülmlə talan eylədi,
Bağlarını vurdu xəzan, gör necə viran eylədi,
Zülmət çöküb, dondu zaman, Azərbaycan, Azərbaycan!
Yeri gəlmişkən, M.Ə.Sabirin ideya, bədii təsir gücü ilə xüsusi seçilən “Səttarxana” adlı şeirində İran inqilabının sərkərdəsi Səttarxana, onun fədailərinin şah qoşunları üzərindəki parlaq qələbəsinə həsr edilib. Milli xalq qəhrəmanının şəninə həsr edilmiş şeirdə Təbriz fədailərinin mütləqiyyət üzərindəki qələbəsi coşqun İlhamla yazılıb. Satirik ruhlu Sabir şeirinin bu nümunəsi daha çox bu gün aktualdır. Qələbə gözləyən bizlər üçün…
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa,
Dustü düşmən əl çalıb eylər sizə səd mərhəba,
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa
Cənnəti-əladə peyğəmbər sizə eylər dua.
Bu şeir parçaları bu gün daha çox oxunmalı, dinlənilməlidir… Ümumiyyətlə, Sabir bu gün daha çox oxunub öyrənilməlidir… Ağaların səsi də elə bunu deyir.
Oxucular tərəfindən hər şeiri maraqla oxunan, Vətənin müqəddəsliyini bənzərsiz və obrazlı şəkildə nəzmə çəkib rəngarəng poeziya nisanı yaradan, bu nisanı yurdumuzun insanlarından, onların adət-ənənələrindən, təbiətindən mayalandıran sevimli şairimiz Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeiri Ağalar Bayramovun ifasında daha da dolğunlaşır, böyüyür, təsir dairəsini genişləndirir:
Səndən qeyri
biz hər şeyi bölə billik,
Səndən qeyri
biz hamımız ölə billik,
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır,
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir…
Bu misraların mabədi kimi Ağaların təlatümlü səsində şairin ruhu kükrəyir, bu coşquda, bu hayqırtıda üfüqlərdən üfüqlərə, sərhədlərdən sərhədlərə səkən bir çağırış baş qaldırır, Vətən övladının içindəki qorxu boğulur, özünü boz qurd eləyir, dağları yerindən oynadan nərələrə çevrilib yatmış vulkana nəfəs verir, onu körükləyir:
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan!
Səninləyəm!
Vulkan oyatmağa qadir olan bir səsin sahibini, – Ağalar Bayramovu böyük şairimiz Məmməd Araz həmişə təqdir eləyərdi, onun səsində öz şeirlərinin ifasına diqqətlə qulaq asardı, kövrələrdi, qiraət ustasına başını ağır-ağır yellədərək təşəkkürünü bildirərdi.
Ağalar Bayramovun səsində ustad Şəhriyarın “Azərbaycan”, Abbas Səhhətin “Vətən”, Səməd Vurğunun “Şair nə tez qocaldın sən”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirləri, eləcə də Qabilin, Xəlil Rza Ulutürkün, Sabir Almazovun, Əjdər Olun, Nüsrət Kəsəmənlimim şeirləri özünə yeni ömür qazanır, dinləyicilərin ruhunu oxşayır. Ağaların həmin şeirlərə seçdiyi musiqi parçaları da diqqəti cəlb edir, görürsən ki, onun musiqi ruhu da tamamilə bu Vətənin ağrı-acılarına, nisgilli taleyindən keçən muğam sədalarına, sazın yanğılı iniltilərinə, eyni zamanda cəngidə cövlan eləyən nərələrinə köklənib. Səsindəki və seçdiyi musiqi parçalarındakı uyğunluqlar şeirin təsir gücünü bir az da artırır, hətta bəzi şeirlərdəki zəif misraları da ört-basdır edə bilir, baxmayaraq ki, Ağalar səsləndirmək üçün heç vaxt zəif və yersiz şeirlər seçmir.
Ağalar şeirləri səngər boyunca ürəyi ilə, varlığıyla keşik çəkən mərd oğullara, alın təriylə qurub yaradan zəhmət adamlarına, bir-birinə könül verib keşməkeşli həyata atılan sağlam gənclərə, təndir başında yapdığı çörəyin ətri ətrafa yayılan ana-bacılara, tələbələrə, şagirdlərə,- hamıya oxuyur, Vətən ətrini və Qələbə qoxusunu hər kəsə dadızdırmağa çalışır, özü də Məmməd Arazın dili ilə:
Azərbaycan- mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” – deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
-deyir.
Bir də Abbas Səhhətin təbirincə deyir ki:
Şişə çəksəz də diriykən ətimi,-
Atmaram mən Vətənü millətimi.
Vətəni səsiylə gəzir Ağalar. Səsiylə bütöv Azərbaycanı dolaşır,- Arazı adlayır, Təbrizi ötür, Savalanın qarına sürtür yanğısını, Samurdan keçir, yetim və qədim Dərbəndin 5000 ilin o üzündəki tarixi mənbəyini səsiylə yerindən tərpədir, Dəmirqapının şəhərin dalğalarıyla öpüşən nisgilini beyt-beyt soydaşlarımıza çatdırır, Göycə göynərtisini Borçalı harayına büküb səsiylə sərhədləri qıra-qıra tufan qoparır, hayqırır, Qarabağın dağlı-aranlı kədərini Quşçulardan, Malıbəylidən, Şellidən, Daşaltıdan qoparıb səsinin ləngərinə çırpır, ürəyini çırpa-çırpa Laçından, Kəlbəcərdən keçirdir, Şuşaya boylana-boylana nə vaxtsa (bəlkə elə bu günlərdə) yaralı bir daşa sancılacaq Azərbaycan bayrağının kölgəsi düşən yeri öpməyə hazırlaşır:
Sənsən Azadlıq eşqim, sənsən Hürr deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!
Elə biz də hazırlaşırıq, həm səsimizlə, həm də Sözümüzlə!
Ramiz Qusarçaylı
Müstəqil.Az
mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet