Çavuşoğludan Qarabağ açıqlaması

Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il bəyanatı ilə başa çatıb.

Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına deyib.

O bildirib ki, bu bəyannamə hər şeydən əvvəl Qarabağın Azərbaycana aid olduğunu bir daha təkrarlayır:

“Birgə bəyannamədə Minsk qrupu həmsədrlərinin illər ərzində yaratdığı fikir və prinsiplər geniş şəkildə əks olunur. Ehtiyac olarsa, Minsk qrupu yenə də rol oynaya bilər. Bu zaman həmsədrlər obyektiv və konstruktiv olmalı, keçmişdəki səhvlərə yol verməməlidir”.

Nazir qeyd edib ki, Azərbaycanın dəvətinə cavab olaraq bölgədə yenidənqurma işlərində çalışmağa davam edəcəyik:

“Rusiya ilə Birgə Monitorinq Mərkəzi yaratdıq. Bu, bölgədə sabitliyin qorunması üçün çox əhəmiyyətlidir. Bundan sonra Ermənistandan birgə bəyannamədə razılaşdırılmış şərtlərə əməl etməsini, yeni təxribatlardan çəkinməsini və Azərbaycanın azad olunmuş bütün ərazilərində suverenliyi tanıyan birdəfəlik siyasi həll yolu açmasını gözləyirik. Anlaşma davam edərsə bu, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərər. Bölgədə sabitliyin yaranması erməni xalqı üçün də sərfəli olacaq. Azərbaycanın 6 ölkənin regional formatı üçün göstərdiyi təşəbbüsünü də dəstəkləyirik”.

Müstəqil.Az

Share: