Gənc dənizçi: – Dəniz bizə dözümü, səbri, uzaq olmaqla yaxın olmağın fərqini öyrətdi

Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İctimi Birliyinin bigə lahiyəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin “General Şıxliniski” gəmisinin elektrik mühəndisi Səxavət Səfərovdur

 -Səxavət, xoş görüşdük, oxucularımıza özün haqda nə deyərsən?

-Salam. Mən Səfərov Səxavət İbadət oğlu 1991- ci ildə Cəlilabad rayonunun  Qarazəncir kəndində ziyalı  ailəsində dünyaya gəlmişəm. Orta təhsilimi kəndimizdəki məktəbdə başa vurduqdan sonra, 2008- ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elektrik Mühəndisliyi” fakultəsinə daxil olmuşam. 2012-ci ildə həmin Akademiyanı bitirib hərbi xidmətə yola düşmüşəm. Ailəliyəm, 1 övladım var.

– Allah balanı saxlasın, həmkar. Bəs hərbi xidmətdən sonra, yəni nə vaxtdan dənizdəsən?

– 2013 -ü ildə hərbi xidmətdən qayıtdıqdan sonra DND (Dəniz Nəqliyyat Donanması)-də Quru yük gəmilərində, tankerlərdə elektrik mexanniki olaraq  işləməyə başlamışam. Həmin donanmanın tərkibində dünyanın bir sıra limanlarında olmuşam. 2016-cı ilin noyabr ayından XDND  komandasına qoşulmuşam. Həmin donanmada  “Əli Əmirov” elimi tədqiqat gəmisində 2 il işlədikdən sonra , “G.Ə Şıxlinski” kran gəmisində karyeramı davam etdirməyə başladım və hal hazırda həmin gəmidə elektirik mühəndisi vəzifəsini icra edirəm.

– Dənizçi olmağın xüsusi bir sirləri varmı sənin üçün, yoxsa bir təsadüf idi dənizə gəlişin.

-Mənim qəbul imtahanında topladığım bal mənə bir çox ixtisas seçmək imkanı yaradırdı. Lakin kiçik yaşlarımdan elektronikaya olan marağım  məni bu sahə üzrə ixtisas seçməyə yönləndirdi. Nəyə görə gəmi elektrik mühəndisi desəniz cavab olaraq bildirmək istəyrəmki, ixtisas seçimi edərkən tez-tez bizə qonaq olan dənizçi qohumumuzun sözləri yadıma düşdü. O, həmişə gələcək baxımından dənizçilik sahəsinin daha perspektivli bir sahə olduğunu deyirdi. Məndə ona istinad edərək atamın da razılığı ilə birinci gəmi elektirik mühəndisliyi ixtisasını yazdım. Xoşbəxtlikdən elə həmin ixtisasa da qəbul oldum.


– Əvvəllər, dediyin kimi,  DND də işləmisən. XDND ilə DND nin fərqli cəhətləri varmı?

-Hər iki dononmada iş dənizdədir, hər ikisində də iş gəmidədir. Əsas fərqli cəhət ondan ibarətdi idi ki,  mən işləyən dönəmdə DND də növbə dəyişikliyi qeyri müəyyən vaxta təyin olunurdu. Açığı ailə vəziyyətim ilə əlaqədar bu məni çox narahat edirdi. Və öz ərizəmlə növbəli gəmilərdə işləmək üçün müraciət etdim və müraciyyətimə  müsbət cavab aldım.
– Yaxşı, çoxları deyir ki, dəniz bir məktəbdir, sən bu məktəbdən nə öyrənmisən?

-Bizə orta məktəbdə və ali məktəbdə müəlimlərimiz bilik, savad öyrədiblər. Dəniz isə başqa yönümlü məktəbdir. Beləliklə dəniz bizə dözümü, səbri, uzaq olmaqla yaxın olmağın fərqini, bir sözlə iradəli, dözümlü olmaqı öyrətdi.

– Uşaqlıq illərinə xəyalən qayıdırsan, sözssüz, bu günkü günlərinlə müqayisə edilsə yaddaşında nələr qalıb, yaxud səni hələ də nələr müşaiyət edir?

– Hər bir kəsin bu həyatda öz missiyası var; Uşaqlığın öz, gəncliyin və qocalığın isə öz gözəlliyi. Uşaq vaxtı kağızdan gəmi düzəldib suyun üzərinə buraxardım, ağlıma gəlməzdi ki, nə vaxtsa həqiqi gəmidə üzəcəm. O illəri təbəssümlə xatırlayıram.

– Sən özün gənc kadrsan, necə düşünürsən, gənclərin karyera qurması çətin deyil ki, kadr çox, vokant yerlər də tutulub.

– Bu gün başda ASCO QSC-nin sədri cənab Rauf Vəliyev olmaqla digər bütün idarə əməkdaşları gənclərə xüsusi diqqət və qayğı göstərir. İstənilən sahədə sağlam rəqabət var. Eləcə də gəmi sahəsində. Öz mövqeyini qorumaq üçün daim inkişafda olmalısan. Əks təqdirdə öz mövqeyini itirə bilərsən. Texnologiya günü gündən inkişaf edir. Sən texnologiya ilə ayaqlaşmaq üçün mütamadi öz bilik və bacarıq səviyyəni artırmalısan. Fikirimi lakonikləşdirsəm savadlı kadra hər yerdə ehtiyac var.

-“Dənizçi həyatı”dır layihəmizin adı. Bu həyat sənə nə qədər doğma oldu?

-İlk öncə sizə bu layihədə uğurlar arzu edirəm. Mən deyərdim ki, dünyanın ən məsuliyyətli işlərindən  biri də dənizçilikdir. Gəmidə böyük bir heyyət var, hər bir kəsində  öz ailəsi. Ediləcək bir səhv nəticəsində baş verəcək qəza bir neçə ailənin bədbəxtliyinə səbəb ola bilər. Bu səbəbdəndir ki, dənizçilər maksimum diqqətli və vicdanlı şəkildə öz işlərinə yanaşırlar. Burda bəzən həkim sənsən, burda bəzən xəstə sənsən, burda sirdaşsan, burda yoldaşsan.  Bu gün dərdinə şərik olduqların sabah eyni münasibəti sənə göstərirlər. Acılı-şirinli günlər unudulmaz xatirələr yaradır. Ona görə də dənizçi həyatı mənə doğmadır.
-Dononmamızın sosial durumu, iqtisadi göstəriciləri, bu sahənin mütəxəssisi olmasanda, bir işçi kimi sənin baxışlarında  necə görünür?

-Qarşılıqlı təsir sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Yaxın keçmişə nəzər salsaq donanmamız  iqtisadi baxımdan xeyli inkişaf etmişdir. Təhcizat və təminat baxımından problemlər minimum səviyyəyə endirilmişdir.


-Daha nə istəyərdin, necə istəyrdin dononmamız dünya gəmiçiliyi ilə rəqbətdə yenilənsin, fərqlənsin?

-Mən düşünürəm ki, donanmamız yetərincə fərqlənir. Köhnə dənizçilərin danışdıqları ilə müqayisədə bu günün fərqli, daha çox inkişafda olmasını görməmək olmaz. Kollektivin mehribançılığı, işçi rəis münasibətləri çox gözəl qurulub. Bu quruluş öz təsirini gəmilərimizə də göstərir. İstərdim ki, gələcəkdə də belə davam etsin.
-Hər yaşın öz tələbləri, həyatın da təlabatları var. Arzuların gerçək durumunla uyğunlaşırmı?

-Bəli hər yaşın öz tələbi var,  gənc yaşlarında olanda hər şeyin daha tez olmasını bütün arzularının bir anda çin olmasını isdəyirsən. Amma bu dəniz bizə səbirli olmağı öyrətdi, şükürlər olsun ki, arzuladığım donanmada, arzuladığım gəmidə gözəl bir kollektivlə işləyirəm. Hər şeyin həlli səbirli olmaq və arzularının ardınca getməkdən başlayır.
Bəs yaxşı, dənizçi həyatında hədəfin nədir?

– Əsas hədflərimdən biri bu sahədəki bilik və bacarığımı daha da təkminləşdirməkdir. Hal hazırkı səviyyəmə görə mənə dərs deyən müəllimlərlə yanaşı gəmidə işləyən, öz bilik və təcrübəsini gənc yaşlarımdan mənə sevə-sevə öyrətməyə çalışan gəmi elektrik mühəndislərinə də öz dərin minnətdarlığımı bildirirəm. Bu gün mən də onlardan öyrəndiklərimi və bundan sonra da öyrənəcəklərimi özümdən sora gələn gənc nəsilə çatdırmağa çalışıram.

– Bəzən xəyalında yaşatdıqların gerçəklə düz gəlmir. Dənizçi olmaq istəyən Səxavət dənizçi olduqdan sonra nələrin fərqli olduğunu görə bildi?

-Tələbə olanda düşünürdüm ki, dənizdə işləmək  çox çətin olmaz. Amma sonra bu işin necə çətin və məsuliyyətli bir iş olduğun anladım. Və işimi daha çox sevdim.


-Dononmanın daha böyük uğurlara imza atması üçün gənc mütəxəsisis olaraq nə təklif edərdin?

-Bunun üçün işlərimizdə daha da məsuliyyətli olmaq, bilik  səviyyəmizi daha da artırmaq, gənc nəsil olaraq peşəkar dənizçilərdən örnək götrmələiyik. Donanmamızın daha böyük uğurlara çatması üçün biz, əlbəttə əlimizdən gələni, rəhbərlərin tapşırığını, öhdəmizə düşən işi ləyaqətlə yerinə  yetirməliyik.
– Səxavət, sənə uğurlar arzu edirəm.

-Çox təşəkkür edirəm, Faiq bəy, dəyərli vaxtınızı bizim kimi bir çox gənclərə ayırdıqınız üçün. Sizin də bu lahiyənizin uzun ömürlü və davamlı olmasını arzu edərdim. Siz gənclərə belə şərait yaratmaqla, onlara özlərindən qabaqkı nəsl tərəfindən olunan isti münasibəti sübut edirsiz.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: