Burax ayağımı, yovşanım, gedim…(Şeirlər) – Aqşin Dadaşoğlu

***
Burax köynəyimi, böyürtkən kolu,
Burax ayağımı, yovşanım,
gedim…
Bağışla izimi, ay meşə yolu,
Öpüm yanağından,yemişanım,
gedim…
Bulaqlar unutmaz şair balasın,
Bitirib köksündə gülün,lalasın,
Sənə bağışladım Dadaş talasın,
Oyna kəpənəklə,dovşanım,
gedim..
Yaşa gözəl üzlüm yaşa köyündə,
Saçların daransın dəniz mehində,
Sübhün şəfəqində,səhər şehində,
Çəmən zanbağıyla yarışanım,
gedim…
Bostançı ömrümdə nur, işıq kimi,
Hüsnündən doymadım bir aşiq kimi,
O ulu palıda sarmaşıq kimi,
Son dəfə dolanım,sarmaşım,
gedim…
***
Dəniz gözlüm, bilirsənmi yağışlar,
Ləpələri döyər keçər,xəbərsiz…
Gülüşünün ən sevimli yerindən,
Qağayılar ötər keçər,xəbərsiz…
Dəniz gözlüm,bir sevda var halımda,
Arzularım hər gün olum,qalımda,
Ürəyinə düşən yerin,yolunda,
Bir eşq gedər,susar keçər xəbərsiz…
Dalğa-dalğa ayrılıram içimdən,
Göy sevinər durnaların köçündən,
Dəniz gözlüm,baxışının içindən,
Bir can keçər,yanar keçər, xəbərsiz…
Aqşin Dadaşoğlu
Müstəqil.Az
Share: