Böyük Zirə adası – FOTO

Böyük Zirə Abşeron yarımadasının cənubunda yerləşən Bakı arxipelaqına aid bir adadır. Adanın adı Azərbaycan dilində “böyük” və ərəb dilində ada mənasını verən “cəzirə” sözünün biləşməsindən yaranıb. Adanın əvvəlki adı Nargin və ya Nargen olub. Adanın belə adlandırılması Rusiya imperatoru I Pyotrun adı ilə bağlıdır. Formasına görə Fin körfəzində Estoniyanın Tallin şəhəri yaxınlığında yerləşən Nargen (hazırda Naysaar) adasını xatırlatdığından ona belə bir ad verilib. Alman, isveç və eston dillərində bu söz “dar keçid” mənasını verir. Əvvəllər Nargin adlandırılsa da daha sonra tarixi adı – Böyük Zirə geri qaytarılıb.

Bakıdan 10,5 km məsafədə yerləşən və 1,4 kv.km ölçüyə  malik Böyük Zirə adasında 1884-cü il dekabrın 11-də mayak istifadəyə verilib. Mayak gecə vaxtı Bakı buxtasına daxil olan gəmilərə yol göstərirdi.

Birinci Dünya müharibəsində əsir düşərgəsi olaraq istifadə edilib. Burada Birinci Dünya müharibəsi illərində 10 minə yaxın türk əsgər və vətəndaş şəhid edilib. Sonradan keçmiş SSRİ vaxtlarında adada həbs düşərgələri mövcud olub və repressiya qurbanları bu həbs düşərgələrində saxlanılıblar. Su mənbəyi və bitki örtüyü olmayan ada, ilanların çox olması səbəbindən İlan adası kimi də xatırlanır. Bəzi mənbələrdə isə “Cəhənnəm adası” adlandırılıb.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: