İKİ QAZİYƏ BİR CÜT ÇƏKMƏ… – Vaqif Osmanovdan Vüsal Oğuzun hekayəsi haqqında

Uşaqlıq və gənclik illərimizin müharibə filmlərindəki kadrlar ön və arxa cəbhədəki insanların yaşayış tərzini, hiss və duyğularını, ovqatını elə həssaslıqla əks etdirirdi ki, hər epizod yaddaşımıza həkk olunurdu. Əsl mənəvi qida, saflıq və humanizm dərsləriydi. Cəvahirləl Nehrunun da deyimi sərrast idi: “Müharibə humanizmin və həqiqətin inkarıdır”. Hərb meydanında bu mənəvi dəyərləri “ölüm-qalım” əvəz edir. Müharibə qurtarandan sonra isə insanlar bir-birinə qarşı daha xeyirxah və diqqətcil olurlar. Son üç ayın hadisələri bunu sübut etdi. Bir-birinin dərdinə şərik, ürəyinə məlhəm olan qürurlu və mərhəmətli Vətən sevgililərimizin yumruq kimi birliyi bizi zəfərə apardı…
Hansısa mütəfəkkirin sözləridir: bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər”. Nasir, şair, pedaqoq Vüsal Oğuz “Alman hesabı ilə çəkmə” hekayəsinə yəqin ki, bir-iki damcı mürəkkəb sərf edib. Məna yükü isə ölçüyə gəlmir, göylərdən, dəryalardan dərindir, düşünməyə vadar, saflaşmağa kömək edir. Mütaliə marağı “ölmüş”lərin çoxaldığı bu çağlarda Vüsal müəllimin hekayəsinin diqqəti cəlb edəcəyinə inamımı itirmirəm.
Hekayə məni o qədər duyğulandırdı ki, ikinci ad da qoydum – “İki qaziyə bir cüt çəkmə”.
Vüsal Oğuz Vətənin, torpağın, el-obanın havası ilə nəfəs alan, zamanın gərdişinə özünəməxsus uzaqgörənliklə, ürək yanğısı və baməzəliklə reaksiya verən söz adamıdı. Fikirləri Qafqaz dağlarının yamaclarına sığınan Oğuz rayonunun Xaçmaz kəndinin havası kimi safdı, təbiidi. Pozitiv, ünsiyyətcil, qonaqsevər, diqqətlidi, onu yaxından tanıyanların sevimlisidi, səmimidi.
Ancaq “Alman hesabı ilə çəkmə” hekayəsində pozitivlik və baməzəlik arxa plana çəkilir. Ağrı – acı ürək yanğısı və mərhəmət duyğularını birləşdirib kövrək hisslərlə dolu bir ədəbi əsər yaradıb.
Avtobusdan qoltuq ağacının köməyi ilə düşən bir Vətən oğlu döyüş dostunu gözləmək üçün dayanacaqdakı oturacağa əyləşir. Yadına düşür ki, cibində pulu qurtarıb. Küçənin o biri səkisinə keçərək bankomatdan pul çıxarıb dayanacaqdakı oturacağa qayıtmaq istəyəndə görür ki, həmin yerdə bir tələbə qız əyləşib. Geri qayıdır ki, tələbə qızı narahat etməsin. İnsanlığın, mərhəmətin aliliyinə diqqət edin.
O, binanın tinində divara söykənir. Bir kövrək xatirə yadına düşür:
“Bir dəfə bax beləcə – binanın tinində nəfəsini dərmək üçün divara söykənmişdi. Qarşısından keçən tələbə qızlardan biri onu dilənçi bilib xırda pul uzatmışdı. Əslində sevinmişdi insanlarda mərhəmət hissinin ölmədiyinə. İndi də o hadisəni xatırlayıb acı-acı gülümsədi”.
Bu sevincin dəyəri, aliliyi ömür kimi şirin və əbədiyaşardər. Bu insanlığa çağırışdır, humanistlik himnidir.
Döyüş dosu Albert gələndən sonra birlikdə “ucuz və az geyilmiş ayaqqabılar” satılan dükana yollandılar. Vüsal müəllimin təxəyyülünün alt qatında gizlənənləri anlaya bildim: niyə qolunu, ayağını Vətənin azadlığı və bütövlüyü uğrunda müqəddəs döyüşlərdə qoyub gələnlər ucuz və geyilmiş ayaqqabı, geyim geyməlidirlər? Hünərin, cəsarətin, qəhrəmanlığın bədəli bu deyil axı?..
“Bizim Cəbiş müəllim” filmində “möhtəkir” Əbülfəzin Böyük Vətən müharibəsi əlilinə kostyum əvəzinə bürmələnmiş qəzet topası satması səhnəsini xatırlayırsınızmı? O səhnə həmişə məni duyğulandırıb. Həmişə çıxılmaz vəziyyətdə qalan döyüşçünün yerində hiss etmişəm özümü…
Yox, bu dəfə “ucuz və az geyilmiş ayaqqabılar” satılan mağazada “möhtəkir, qribkili, qrıjalı” Əbülfəzlərə rast gəlmir iki qazi döyüşçü dost. Nə yaxşı ki, belə “dizertir”lər, “antipod”lar azalıb. Dostlar dükanın sahibini tanıyırlar, hər dəfə gedəndə ona zəng edirlər. Dükanda mərhəmətli dükan sahibi, gözəl, mülayim, diqqətli və həssas satıcı qız onları gözləyir. Onu vurğulayım ki, satıcı qız təzə işə düzəldiyindən onları tanımasa da dükan sahibi onu xəbərdar edib.
Hekayədəki hadisələr 1992-ci ildə baş veir. Birinci və ikinci
Qarabağ və Vətən müharibəsi insanları xeyli saflaşdırdı, humanistləşdirdi, rəhmdil elədi, birləşdirdi, İNSANlaşdırdı. Nəhayət anladıq ki, birlik və həmrəylik atom bombasından da qüdrətli silahdır – mənəvi silah….
Vüsal Oğuzun bu lakonik hekayəsində döyüş meydanında Azərbaycan əsgərlərinin – hekayənin lirik “O”sunun, Ramazanların, Şamillərin, Coşğunların, Albertlərin döyüş yolu, bir-birinə arxadaşlığı canlı yaşantılarla təsvir edilmişdir. Yaralı döyüçü dostunun döyüş meydanında qalmaması, düşmənə əsir düşməməsi üçün ermənilərlə təkbaşına vuruşan Şamilin şücaəti bir döyüş filminin ssenarisidir. Qəhrəmanların qələbə inamı, döyüş ovqatı o qədər güclüdür ki, hətta ən ağır anlarda da zarafatlaşa bilirdilər: “görəsən ayaqlarımız indi hardadır?”
Qanlı döyüşlərdə biri sol, o birisi sağ ayağını itirən iki cəbhə dostunun taleləri, savaş yolu kimi, ayaqlarının ölçüsü də eynidir. Onlar “ucuz və az geyilmiş ayaqqabılar” satılan dükandan az geyilmiş bir cüt çəkmə alırlar. Qabağa düşüb hesabı Albert ödəsə də, bilir ki, dostu öz payına düşən pulu ona qaytaracaq. Alman dəqiqliyi ilə…
Məni duyğulandıran və gözlərimi isladan dükanın pəncərəsinin önündə hönkürən satıcı qızın səsi idi…
O hönkürtü heç vaxt qulaqlarımdan getməyəcək…
VAQİF OSMANOV.
10 yanvar 2021.
Müstəqil.Az
Share: