Ürəyindən vurulduqdan sonra belə silahını bərk- bərk sinəsinə sıxıb son nəfəsini verən şəhid…

Şəhid Şıxıyev Səyyad Abdul oğlu  4 sentyabr 1999-cu il Saatlı rayonunda anadan olmuşdur.
15 sentyabr 2006-cı ildə Saatlı rayon Ə. Şüküroğlu adına Varxankənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,31 may 2017-ci ildə həmin məktəbin məzunu olmuşdur. 1 yanvar 2018-ci ildə hərbi xidmətdə olmuşdur. Zaqatalanın Dövlət Sərhəd Xidmətində əsgərlik etmişdir.
Hərbi xidmətin başa vurduqdan sonra qısa bir müddətliyinə öz evlərinə geri dönür. Lakin 19 noyabr 2019-cu ildən Dövlət Sərhəd Xidmətlərində gizir kimi xidmət etməyə başlayr.
İlk öncə Zaqatalada xidmət göstərmiş,daha sonra isə Qazaxa göndərilmişdir. Qazaxa gəldikdən aylar sonra isə Diversiya qrupunun kəşfiyyat bölümünə daxil olur və bir kəşfiyyatçı gizir kimi dövlət sərhədlərimizi göz bəbəyi kimi qorumağa başlayır. Qısa müddət sonra pulemyotçu (qumbaraatan) vəzifəsinə təyin edilir. 22 yaşlı gənc kəşfiyyatçımzın hərbidə bir illik misilsiz xidməti olur. Vətən müharibəsi başlamadan öncə evə gəlir və bu, onun ailəsi ilə son görüşü olur.
44 günlük Vətən müharibəsinin 20 gününü döyüşlərdə keçirir. İlk öncə Kəlbəcər yaxınlığında gedən döyüşlərdə pulemyotçu vəzifəsi ilə fəaliyyət göstərir. Daha sonra isə Füzuli-Cəbrayıl döyüşlərinə yollanır. Günlərlə ac-susuz qalıb,torpaq üstdə yatsalar da ruh yüksəkliyi ilə düşmən tərəfə irəliləyirlər.
11 oktyabr saat 17:31-də ailəsi ilə son danışığı olur. Bacısı ilə danışarkən sanki şəhidliyini hiss etmiş kimi “vətənə canım da qurban, bacı özündən muğayat ol”deyib sağollaşır. Həmin günü onun 22 illik həyatının son günü olur…
Gecə saatlarında dəfələrlə düşmən hücuma keçir. Səyyad ,dostları və komandiri öz postlarında əks hücuma keçmək üçün gözləyirlər. Artıq onlar açıq döyüşə hazırlaşmışdılar. Səyyad qumbaraatan vəzifəsində olduğu üçün silahı olmur. Amma olmasa belə yaralıları çıxarmağa gedən döyüş yoldaşının silahını əlindən alır və döyüşə girir. 70 dən çox ermənini məhv edir,özü isə ən sonda erməni üzərinə irəliləyən zaman düz ürəyindən snaperlə vurulur.
Komandiri Səyyadın 40 mərasimində “Ata,sən başını dik tut. Sənin oğlun 70,bəlkədə daha çox ermənini öldürmüş, snayperlə ürəyindən vurulduqdan sonra belə silahını bərk- bərk sinəsinə sıxıb son nəfəsini vermişdir. Silahını güclə əllərindən aldıq oğlunun” – sözlərini qürur hissi ilə demişdi.
Səyyad hər kəsin sevimlisi idi. Onun ölümü ailəsini dostlarını,yaxınlarını nə qədər sarsıtmışdısa,  əskər yoldaşlarını da o qədər sarsıtmışdı. Səyyadın bir əsgər dostu ilə söhbətim zamanı o,belə demişdi:
“Biz hücuma gedəndə həmişə Allahu Əkbər deyib qışqıra-qışqıra gedirdik. Erməni bizim o səsimizdən qorxurdu. Döyüş vaxtları heç nədən xəbərim yox idi. Döyüşdən sonra yaralıları apardıq. Körpü deyilən yer var, artıq hamı ora çatmışdı. Postdan qayıdanlar da orada idi. Uşaqlardan  Səyyadın harad olduğumu soruşdum. Orada onlar mənə dedilər ki,posta hücum zamani şəhid olub.
Ağladım,dünya başıma yıxıldı. Uşaqlar dedilər ki,döyüşdə onu snayperlə vurdular. Amma, mən onu deyim ki,Səyyad həqiqətən çox təmiz qəlbli bir qardaş idi. Bunları yazmaq mənə həqiqətən çox çətindi..”
Ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə “VƏTƏN UĞRUNDA” medalı, “Cəbrayılın azad olmasına görə”medalı və “III dərəcəli VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ”ordeni ilə təltif edilmişdir. Bu gün qələbəmizin altına öz imzasını qanı ilə atan gənc xüsusi təyinatlı şəhidimiz bizlərə bir ömür boyu qürurla danışacağımız dastan qoyub getdi.
Səni tanıyan hər kəs sənin qəhrəmanlığından danışır,şəhidim. Dillərdə dastansan. Qoyub getdiyin ad-san hər zaman başımızın tacıdır. Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədi yaşardırlar. Əziz şəhidimiz, səni qürurla anırıq. Səyyad çox fərqli övlad olub. Uşaq yaşlarından vətənə olan sevgisi, bağlılığı ilə hər kəsdən seçilib. Çox vətənpərvər ruhlu olub. O, dəfələrlə bacısı namaz qılarkən yaxınlaşıb ki, bacı, namazında mənə də dua et. Dua et ki,məni vətəni qorumaq şərəfinə layiq bilsinlər”deyərdi. Onu gizirliyə qəbul edən zaman ilk xəbəri alan kimi çox sevinib ailəsini qucaqlayıb bağrına basıb.
Mən bu gün çox qürurla deyirəm ki əziz Şəhidim, sən vətəni qorumaq şərəfinə də,vətənə canını fəda edib cənnətə getmək şərəfinə də layiq görüldün. Cənnətin mübarək. Ölümün ilə qazandığın ölümsüzlüyün mübarək,şəhidim.
 
“Vətən uğrunda”medalı,”Vətənə xidmətinə görə”ordeni və “Cəbrayılın azad olmasına görə”medalı ilə təltif edilib.

 

 

Allahşükür Ağa

Müstəqil.Az

Share: